İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏADƏT SARAYI”na MİLYONLAR AYRILMASININ SİRRİ AÇILDI

11295 31.10.2011 09:11 Ölkə A A

D.Çvetkoviç bildirib ki, binanın əsaslı təmiri üçün ayrılmış 30 milyon manat vəsait istifadə olunub: “Bu binada 60-70 faiz yeni elementlərdən istifadə olunub. Əsas işlərə 2010-cu ilin oktyabrında başlanılıb. Biz binaya İtaliya üslubu gətirməyə çalışmışıq. Bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüş evi, ikinci hissə isə VVAQ”.
“Creacon Construction” şirkətinin prezidenti binanın 9 bal gücündə zəlzələyə davamlı olduğunu da vurğulayıb. Arxitektor bildirib ki, binanın planlaşdırılması fransız memarları, daxili interyeri isə yerli və italyan mütəxəssisləri ilə birgə həyata keçirilib. Onun sözlərinə görə, sarayın qədim və qəzalı olması, həmçinin binanın yenidən planlaşdırılması və fəaliyyət profilinin nisbətən dəyişməsi ilə bağlı olaraq binanın bütövlükdə restavrasiyası və rekonstruksiyası tələb olunub.
Gənclər və İdman Nazirliyinə müraciət etsək də “Səadət Sarayı”nın içərisinə daxil olmağa icazə ala bilmədik. “Səadət Sarayı”nın mühafizəçisi isə “yalnız məhkəmə qərarından sonra içəri keçə bilərsiniz” söylədi. Bu sayaq cavabı sarayın İnzibati işlər üzrə idarəsinin əməkdaşı Nərgiz Rzazadə də bildirdi: “Prezident Aparatının icazəsi olmadan sizi içəri buraxa bilmərik. Bura dövlət obyektidir, olmaz”.
Qeyd edək ki, bərpa işləri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır. Binada bərpa işlərini “Serbaz” Layihə və Tikinti şirkəti aparır. Binada çalışan fəhlələr bizimlə söhbətdə bildirdilər ki, tikinti işlərinin 4 aya yekunlaşdırılması planlaşdırılır. “Tikintinin uzun müddət davam etdirilməsi isə binanın özülünün tikinti zamanı zədələnməsi idi. Xaricdən gətirilən mütəxəssislərin köməyi ilə onu birtəhər bərpa etdilər”, -deyə adının çəkilməsini istəməyən fəhlələrdən biri söylədi. N.Rzazadə isə deyir ki, bina ilə bağlı mətbuata dəfələrlə ətraflı məlumat veriblər. Bu səbəbdən də danışmaq istəmədi. Nərgiz xanım yalnız onu bildirdi ki, bina fəaliyyətini “Səadət Sarayı” adı altında davam etdirəcək: “Təmir işləri bu ilin sonunadək başa çatdırılacaq. Açılışı isə ola bilər ki, gələn ilin mart ayında olsun”.

İçərişəhərin baş rəssamı Mir Teymur da mətbuata bildirib ki, binanın içində nə baş verdiyini öyrənmək mümkün deyil: “Məni ora buraxmırlar. Elə bil ki, bina hərbi obyektdir”.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin (AİYİB) sədri Zöhrab İsmayıl isə deyir ki, binada bərpa işlərinin 4 il davam etməsi bəzi şübhələr yaradır. Onun sözlərinə görə, iki il əvvəl AİYİB bərpa işlərini aparan “Serbaz” Layihə və Tikinti şirkəti haqqında ətraflı məlumat vermək üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Nazirlik birliyə cavabında bildirib ki, bərpa işləri üzrə ixtisaslaşmış, təcrübəli şirkət kimi layihələrin “Serbaz” Layihə və Tikinti MMC tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab olunub. Z.İsmayılın sözlərinə görə, 4 il müddətinə yeni bir “Səadət Sarayı” tikmək olardı: “Bərpa işlərinin neçə il getməsi çox paradoksal bir işdir. Biz bununla bağlı araşdırma aparıb, videosüjet hazırladıq. Burada bir çox problemlər əks olunmuşdu. Milyonlarla vəsait xərclənən binada bərpa işləri hələ də gedir. Mən mütəxəssislərdən eşitmişəm ki, binada təmir aparılan zaman onun özülü zədələnib, qəzalı vəziyyətə salınıb. Hətta bina uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu da çox acınacaqlı vəziyyətdir. 2 ilə tikilən tarixi bir binanı bunlar təmir etmək əvəzinə, zədələyiblər. Görünür, elə buna görə də bərpa işləri uzun müddətlidir”.
Nazirlər Kabinetinin verdiyi sərəncamlara diqqət yetirsək, binanın təmirinə 2007-ci ildə 10, 2008-ci ildə 12, 2009-cu ildə 4 milyon manat vəsait ayrılıb. Bu da 36 milyon manat edir. İqtisadçı ekspertlərin apardığı araşdırma isə bu rəqəmin indiyədək artırılaraq 42 mln 887,6 min manat olduğunu təsdiqləyir.
Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az internet saytında isə Gənclər və İdman Nazirliyinin “Səadət Sarayı” ilə bağlı keçirdiyi tenderlə bağlı heç bir məlumat tapa bilmədik.
“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli deyir ki, Dövlət satınalmaları haqqında qanunda deyilir ki, əgər dövlət sifarişi 50 min manatdan çoxdursa, mütləq tender keçirilməlidir: “Bu ona görədir ki, həmin işi şirkət ən aşağı məsrəflərlə və yüksək peşəkarlıqla həyata keçirməlidir. Əgər binanın təmir-bərpası üçün tender keçirilməyibsə, açıq-aşkar burada korrupsiya əlamətləri görünür. Ayrılan vəsaitlərə dövlət nəzarəti olmadığı üçün pulun müəyyən hissəsi mənimsənilir. Buna görə də həm Gənclər və İdman Nazirliyi, həm də Satınalmalar üzrə Dövlət Agentliyi məsuliyyət daşıyır. Düşünürəm ki, hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparmalıdırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR