İnsanlara hürriyət, millətlərə istiqlal!

Sayt rəhbərlərindən maliyyələşmə ilə bağlı ziddiyyətli mövqelər

1078 09.12.2016 10:45 Media A A
Elçin Zahiroğlu: “Büdcədən əlavə 1 milyon ayırmaqdansa...” 

Elbrus Ərud: “Media nə qədər sərbəst olsa...”


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov dekabrın 7-də parlamentdəki büdcə müzakirələri zamanı elektron KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.
 
Ə.Amaşov xahiş edib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib.
Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.
Ə.Amaşovun sözlərinə görə, Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil: “Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılsın. Məhz internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu biçarələr bəs, nə ilə yaşamalıdır?”.
 
Bu isə illərdir elektron KİV rəhbərlərinin sözügedən məsələ ilə bağlı tələblərinin Milli Məclis tribunasından səsləndirilməsidir. Bir neçə ildir ki, sayt rəhbərləri bəzi reklam problemi və maddi çatışmazlıqların olmasını əsaslandıraraq, çap mediası ilə eyni hüquqlara malik olduqları üçün onlara da yardım edilməsi tələbi ilə çıxış edirdilər. Maraqlıdır, bu təklifin həyata keçmə ehtimalına inanırlarmı? Sözügedən artım onların problemlərinin həcminə adekvatdırmı? 

Bakıpost.az saytının rəhbəri Elçin Zahiroğlu hesab edir ki, mətbuata yardımların ayrılması bu sahədə çalışanların ürəyindən xəbər verən məsələdir. Müsahibimizin sözlərinə görə, bir neçə ildir ki, çap mediası kimi onlayn mediaya da dövlət dəstəyi olacağını gözləyirmişlər: “Amma bu pul bizim büdcəmizdən ayrılır. O büdcə ki, bu il xeyli azalacaq. Bu azalmanı nisbətən yüngülləşdirməkdən ötrü hökumət ən həssas bir dönəmdə kommunal xidmətlərin qiymətlərini qaldırmağa risk elədi, yəni məcbur qaldı. Əhali arasında xeyli narazılıq yaratsa da, aclıq, səfalət qoxusu yaratsa da, dəyişikliyə getdilər. Əlavə olaraq başqa sahələrə ayrılan vəsaitlərə “əl gəzdirildi”. Belə bir məqamda həmin o kiçilmiş, küsdürülmüş büdcədən 1 milyon istəmək bir az insafsızlıqdır”. 

Müsahibimiz maraqlı bir təklif səsləndirdi. Dedi ki, büdcədən əlavə 1 milyon ayırmaqdansa çap mediasına ayrılmış xərcləri onlayn mediaya yönəltmək daha doğru olar. Onun fikrincə, dövlət televiziyasına, İctimai televiziyaya ayrılan vəsaitə də yenidən baxmaq olar: “Nəşri ilə ictimai fikrə heç bir təsiri olmayan qəzetlər, jurnallar indi kimə lazımdır? Fikrimcə, bu gün informasiya mühitinin formalaşmasında əsas iştirakçı onlayn mediadır. Bu səbəbdən onlayn mətbu orqanların ayaq üstə saxlanılması vacibdir, amma bu, kasıb təbəqənin işıq, qaz pulundan vacib məsələ deyil”.

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudsa dedi ki, onlayn media yaranan gündən etibarən bu təklif səslənir. Onun sözlərinə görə, hətta saytların maliyyələşməsi üçün ayrıca qurum yaradılması təklifi də olub: “Nə vaxtsa bunun reallaşacağına inanıram. Amma indiki məqamda, dövlətin qiymət artımına getdiyi bu dönəmdə onlayn medianın maliyyələşməsi üçün əlavə vəsait ayıracağı inandırıcı deyil. Düşünmürəm ki, əlavə məsrəflərin altına girəcəklər. Yəni, əgər bu maliyyələşmə ilə bağlı qərar verilsə, bu, bir illik, iki illik, müəyyən dönəmlik layihə olmayacaq. Bu, qərar kimi qəbul olunacaq və büdcədə təsdiqlənəcək. Büdcə üçünsə bu, bir yükdür. İkincisi, müzakirəni aparan, təklifi verən media deyil. Ona görə də ancaq reallaşandan sonra bu barədə fikir söyləmək olar”.  

E.Ərud medianın dövlət tərəfindən bu formada maliyyələşməsinin tərəfdarı deyil. Onun fikrincə, bu, mediaya əlavə məsuliyyətdir: “Orda vəziyyət qarışacaq. Saytlar qəzetlər kimi deyil. Qəzet bumu arxada qalıb, ölkədə 5-10 qəzet var deyə onları seçib, maliyyələşdirmək çətin deyil. Amma indi sayt bumu yaşanır, onlardan hansı bu sınaqdan üzüağ çıxacaq? Keçən il yaranmış sayt gəlib deyəcək ki, məni də maliyyələşdirin. 1 ay öncə yaranmış sayt 5 il əvvəl yaranmış saytdan daha çox reytinq, oxucu toplayar və daha peşəkar olar. Bu halda onlar daha çox haqq edərlər o maliyyəni. Bu halda necə etməli? Yenə də deyirəm ki, media nə qədər sərbəst olsa, layiq olduğu yerdə dayana bilər, öz qiymətini tapar. Yoxsa ki, bir sayt yaradıb, onu dövlət büdcəsinin üzərinə yükləməyi doğru hesab etmirəm. Dövlət bu məsələdə tələsməməlidir. Çünki onlayn media hələ oturuşmayıb”.


Sevinc TELMANQIZI  
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR