İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta eynəklərdən necə qorunaq - həkim rəyi

1712 16.05.2019 10:40 Yaşam A A

Xüsusən uşaqlar üçün eynək alanda diqqətli olmaq lazımdır

Havalar isindikcə gün eynəkləri bizim üçün əsas aksessuarlardan birinə çevrilir. Belə ki, qızmar yay günəşinin şualarından gözləri qorumaq üçün gün eynəklərindən istifadə vacibdir. Bu gün eynəkləri nəinki optik mağazalarda, istənilən supermarketdə, adi ərzaq dükanlarında, yol kənarlarında almaq mümkündür. Qiymətlər isə müxtəlifdir. Məsələn, yol kənarlarında satılan eynəkləri 5 manata almaq olur. Supermarketlərdə qiymət 10 manatdan, optik mağazalarda isə 25-30 manatdan başlayır. Maraqlıdır ki, ucuz qiymətə satılan eynəklərin üzərində “Gucci”, “Dior”, “Ray.Ban” kimi bahalı brendlərin adları yazılır. Halbuki bu markadan olan eynəklərin orijinalının ən ucuzu 120 dollardan başlayır. Bu baxımdan alıcılar əlçatan olduğu üçün daha çox ucuz eynəklərə üstünlük verir, alan da, satan da razı olur.

Bəs ucuz, saxta eynəklər bizim üçün nə qədər təhlükəlidir?

Araşdıranda məlum olur ki, pərakəndə şəkildə satılan eynəklər əsasən Çin, Hindistan, Pakistan, İran və Türkiyədən gətirilir. Bu eynəklər yoxlamadan keçirilmir, göz üçün zərərli olub-olmadığı araşdırılmır. Mütəxəssislər dəfələrlə qeyd edirlər ki, saxta eynəklər sözün əsl mənasında, insanı kor edə bilər. Bu, ilk vaxtlar hiss edilməsə də, fəsadı bir müddət sonra özünü büruzə verməyə başlayır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Qurum sədri qeyd edib ki, eynək alarkən mütləq şəkildə sertifikat tələb olunmalıdır: “Təəssüf ki, Azərbaycanda göz həkimləri bu məsələ ilə bağlı heç bir iş aparmır. Ona görə də kim haradan gəldi, necə gəldi, heç bir məsləhət etmədən gün eynəkləri alır. Məlum olduğu kimi, keyfiyyətsiz gün eynəkləri insanların zəif görməsinə səbəb olur. Şəxsən mənim 72 yaşım var, lakin eynək taxmıram.  Tez-tez şahidi oluruq ki, qadınlarımız buludlu havada belə gün eynəyi geyinib, maşın sürür. Mən onları anlaya bilmirəm.

Alıcılara məsləhətim budur ki, eynək alarkən mütləq şəkildə sertifikat tələb etsinlər".

Mütəxəssislər də qeyd edir ki, alıcıların gün eynəkləri ilə bağlı sertifikat tələb etməsi çox önəmlidir. Alıcı aldığı eynəyin hansı materialdan hazırlandığı, hansı ölkədə istehsal olunduğu barədə məlumatlı olmalıdır.

Oftalmoloq həkim Şahin Novruzlu ile ilgili görsel sonucu

Oftalmoloq həkim Şahin Novruzlu da “Yeni Müsavat”a açıqlamasında eynək alarkən ilk növbədə sertifikat məsələsinə diqqət edilməsini vurğulayıb:

“Yalnız sertifikatla bilmək olur ki, eynəyin şüşəsi ultrabənövşəyi şüaları blok edir, ya yox. Xüsusən də uşaqlar üçün eynək alanda diqqətli olmaq lazımdır. Yalnız gözəllik üçün eynək almaq doğru deyil. Gün eynəyinin Günəş şüalarını tam blok edib-etməməsini adi gözlə bilmək olmur. Bəzən biz küçədə satılan ucuz eynəkləri aparatla yoxlayarkən görürük ki, ultrabənövşəyi şüanı tam blok edir, yəni onların hamısı heç də zərərli deyil. Eynəyin rənginin isə heç bir fərqi yoxdur. Tünd yaşıl, açıq qəhvəyi və s. ola bilər”.

Mütəxəssislər qeyd edir ki, gün eynəyi seçərkən 3 məsələyə diqqət edilməlidir. Birincisi, eynək orijinal marka olmalıdır, hansı ki, qeyd etdiyimiz kimi, bu gün satışda brend markaların adını daşıyan saxta eynəklər çoxdur. İkinci bir tərəfdən, gün eynəyi gözləri günəşin ultrabənövşəyi şüalarından qorumalıdır. Adi mağazalarda, bəzən elə optik mağazaların özündə satılan eynəklərin böyük əksəriyyəti plastmasdan ibarət olur. Hansı ki, bu plastmaslar gözümüzü qorumaq əvəzinə, əksinə, ultrabənövşəyi  şüaları gözümüzün ön və arxa hissəsinə ötürür və gözdə fəsadlara səbəb ola bilir. Bu, xüsusən də uşaqlarda özünü daha çox büruzə verir. Eyni zamanda bu cür eynəklər yüngül və rahat olmasına baxmayaraq tez qırılır, sıradan çıxır. Beləliklə, eynək yalnız orijinal şüşədən ibarət olmalıdır və buna diqqət edilməlidir.

Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər. Bu eynəklər əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə etmək olar.

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR