İnsanlara hürriyət, millətlərə istiqlal!

Savabı Sərvərin boynuna

2921 09.02.2023 09:36 Yazarlar A A

 

Bu, təkcə Türkiyə və Suriyanın başına gələn faciə deyil. Bu insanlıq faciəsidir. Həlak olanlar irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, məsum insanlardır. Dəhşətli zəlzələnin qurbanlarının həyat hekayətləri, şəkilləri, faciəyə düçar olanların sayı içində insanlıq hissi daşıyan hər kəsi pəjmürdə edir.

Bu acılı, kədərli, əndişəli günlərdə duyarlı və insanpərvər adamların ürəyini dikəldən, insanlığın gələcəyinə ümidləri ölməyə qoymayan çox az şey var.

Yardımsevərlik və mərhəmət onlardan biridir.

Hələ ötən ilin feralında, Ukraynada qanlı müharibə başlananda və xalqımızın oğulları çarəsiz duruma düşən insanlara yardım əlini uzadanda, onları nəzərdə tutaraq azərbaycanlıların “postsovet məkanının təcili yardımı” olduğunu yazmışdıq. Beş-altı parlaq örnək də göstərmişdik. Daha sonrakı aylarda bu təsbit yüz dəfə təsdiqləndi – xalqımızın oğulları insanları xilas etmək üçün canlarını verdilər, mal-dövlətlərindən keçdilər, hər cür fədakarlıqlara qol qoydular.

Dünən, srağagün minlərlə o cür fədakar insanların içində biri də vardı və onun hərəkəti dillərdə dastan oldu. Bu adam 1989-cu ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, hazırda olduqca əlverişsiz bir şəraitdə yaşayan, özündən 8 yaş böyük köhnə avtomobili idarə edən Sərvər adlı həmvətənimizdir.

Sərvərin yardımsevərliyi ona görə parlaq örnək oldu ki, o, “varını verən utanmaz” prinisipi ilə, “nəyim var, zəlzələ zərərçəkənlərinə qurbandır” devizi ilə hərəkət etmişdi. Özü nə qədər kasıbyana həyat tərzi keçirsə də, bu adam sövq-təbii olaraq düşünürdü ki, hər halda Türkiyənin 10 vilayətində dağılmış on minlərlə evdən tək canını götürüb çıxmış, əynində isti paltarı, bürünməyə adyalı olmayan yüz minlərlə binəsib zərərçəkəndən daha yaxşı durumdadır, ən azı yatmağa yatağı, geyməyə paltarı, yeməyə çörəyi, isti ocağı var.

Bu adam gözünü açıb, qaçqınlıq, köçkünlük, mərhumiyyət, iztirab görüb, çadır şəhərcəyində də yaşayıb, böyük ailə ilə yataqxana hücrəsində də qalıb, humanitar təşkilatların göndərdiyi yardımıa, əşyalara, paltar-palaza da ehtiyac duyub. O, hər cür mərhumiyyəti, bir günün içində doğma evini, ocağını itirməyin, quru yurdda qalmağın ağrısını öz dərisində hiss edib, əlacsızlığın boğazında qəhərə çevrilən acı tamını dadıb.

Həyat Sərvərə başa salıb ki, insan oğlu tək özünü düşünməməlidir, cəmiyyətlərdə “başlı başını saxlasın” fikri geniş yayılsa, fəlakət olar. İnsan olan kəs qəfildən faciəyə məruz qalmış başqa adamlara arxa-dayaq olmasa, onda özünə vicdanlı insan deyib ortalıqda dolaşa bilməz.

Sərvər və onun qohumları Türkiyənin yardımına, harayına can atmaqla eyni işi görən on minlərlə yardımsevər həmvətənimizin simvoluna çevrildilər və ölkəmizdən çox-çox uzaqlarda başımızı uca etdilər. O yardımın savabı Sərvərin boynuna oldu, şanı Azərbaycanın adına yazıldı.

Hələ lap köhnə vaxtlarda ağsaqqalların uzaq ölkələrə işləməyə, yaşamağa gedənlərə bir tövsiyəsi olardı, deyərdilər, hara gedirsiniz, gedin, nə işdə işləyirsiniz, işləyin, amma millətin adına töhmət gətirəcək işlərə qol qoymayın. Bu tövsiyə ondan ötrüydü ki, xalqımızın adı pis çıxmasın, 3-5 cələkəsən millətin reputasiyasına zərbə vurmasın. Çünki elələrinin bədnam hərəkəti gələcəkdə o bölgədə olan həmvətənlərinə problem yaradacaqdı. Millətin adının “etibarsız və haramxor millət” kimi çıxması pis şeydir.

Bir var, kimsə lazımi anda Sərvər kimi comərd hərəkətlər edə, milyonlarla adam ondan danışa, bir də var, biri 3-5 manat qabağa düşmək üçün kələkbazlıq, dələduzluq edə və onu tanıyanlarda öz milləti haqqında mənfi təsəvvür yarada.

Kökündən yanlışdır, amma insanlar ümumiləşdirmələri sevirlər. Biz özümüz dağıdıcı zəlzələyə məruz qalmış qardaş ölkəyə qarşı istehzalı karikatura dərc edən “Şarli Hebdo” dərgisinə görə az qala bütün Fransanı lənətləmədikmi? Yaxud sosial şəbəkələrdə “türklərə əcəb oldu” yazan 15-20 rusa görə az qala bütün ruslarla qərəzgün olmadıqmı? Hələ “fürsət bu fürsətdir, Türkiyənin başı qarışmışkən Azərbaycana hücum edək, qisasımızı alaq” yazan bir erməni politoloqa görə bunun “bir daha ermənilərin iç üzünü göstərdi”yi qənaətinə gəlmədikmi?

Eləcə də başqaları bizim birimizin yanlış hərəkətini, açıqlamasını, naqolay davranışını bütün millətin adına şamil edib, bizi gözdən salmağa çalışa bilər.

Qoy adımız dünyada Sərvərlərin etdiyi səmimi və fədakar hərəkətlərlə çəkilsin.

P.S. Yazının başlığı Sərvər adlı tələbənin sevgi macərasından bəhs edən “O olmasın, bu olsun” filmində səslənən “Babalı Sərvərin boynuna” replikasının improvizəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR