İnsanlara hürriyət, millətlərə istiqlal!

“Satılmaq istəyənləri almağa əks tərəfdə həvəs və ehtiyac qalmayıb” - FutQOLaktika, FOTOLAR

4390 31.05.2015 11:30 Proje A A


O, illərdir ki, eyni mövqedə oynayır. Nə komandasını, nə də cinahını dəyişib. Zəif çağlarında da, güclü dönəmlərində də rəqibin sağında, yəni solda top qovub. 

Söhbət marksist jurnalist-yazar Məmməd Süleymanovdan gedir. Bu dəfə onu “FutQOLaktika”da sınağa çəkdik...


- Yoldaş Süleymanov soldan zərbələriniz necədir?

- Zatən, əvvəlindən solaxayam. Sağ ayağım nə müdafiəyə, nə də hücuma yarayır.

- Qapıçılar zərbələrinizdən sonra sizə nəsə deyirlər?

- Deyirlər, ancaq zərbəylə bağlı yox... İrad tuturlar, hətta ittiham edirlər ki, niyə onların təşkil etdiyi və fəaliyyət göstərdiyi “şikəst futbolçular liqası”na üzv olmuram, yaxud stadionun həndəvərindəki pivəxanada görünmürəm. Yəni, aksentlərin sürüşdürülməsi ilə məşğuldurlar.

- Meydanda çox görünmürsüz. Deyəsən, özünüz-özünüzə cəza kəsmisiz?

- Razılaşdırılmış oyunlar və ya futbol adı ilə şoular adiləşib. Taleyüklü derbilər var ki, hazırlaşmaq və onları qaçırmamaq gərəkdir. İndi adı siyahıda olmayanları da oynadırlar, topdaşıyanlar da meydana çıxır. O yerdə yoxam və buna görə məmnunam. Çünki, əksər oyunlar təlxəklik və balaqan formatı alıb.



- Kamyu, yoxsa Sartr..? Kiminlə meydanda oynamaq istərdiz?

- Kamyu ilə bir komandada oynamağı seçərdim. Əlbəttə, gərək o da mənimlə eyni heyətdə top qovmağa razı olsun. Güman ki, futbola Heyzinqanın tənqid etdiyi Homo ludens (“Oynayan insan”) kimi yox, ciddi iş kimi baxardı. Müəyyən baxış fərqlərimiz var. Ancaq bu, Kamyunun yanlışlığı deyil, mənim kamillikdən uzaqlığım ilə bağlıdır. O, Sartrdan fərqli olaraq, qaydaları pozmayan, zərbə alanda simulyasiya etməyən, zahiri effektlərlə fərqlənməyə çalışmayan futbolçu olardı. Sartr isə rəqib kimi yaxşıdır, xasiyyətlərindəki variasiyaları və sonrakı gedişlərini hesablamaq rahatdır.


“Əksər oyunlar təlxəklik formatı alıb”


- Məmməd Süleymanovu illərdir ki, bir mövqedə oynamağa nə vadar edir?

- Seçdiyim mövqenin düzlüyünə və məhz bu cinahda gərəkliliyimə inam... O inam ki, illər keçdikcə azalmır, əksinə artır və o mövqe təsadüfən seçilməyib. Hələ çox-çox illər əvvəl fikirlərin, axtarışların, müşahidələrin nəticəsində formalaşıb.

- Azərbaycanda Sol hələ ki, güclü deyil. Daha yaxşı oynamaq üçün bəlkə Sağa keçəsiz?

- Solun ciddi iş kimi baxdığına Sağ sırf oyun və mənfəət gözüylə yanaşır. Elə bu da onların futbolunu karnavala, şouya, səs-küyə çevirir. Əslində, oyunları boş stadionda olur. Sadəcə, reproduktor vasitəsilə güclü səs effekti yaradıldığından emosiyaları ağıldan yuxarıya keçirə bilirlər. Onlar üçün bu birləşdirici yox, bölücü mahiyyət daşıyır. Sən ümumiyyətlə, oyuna yox, məhz “özününkünə” azarkeşlik etməlisən. Digərləri “yad”dır, “düşmən”dir, ya onların meydanını 1973-cü ilin Santyaqo stadionuna çevirməlisən, ya da sanksiyalar tətbiq etməklə özgə saydıqlarını oyuna buraxmamalısan.



- Ancaq indi Sağ mövqedə oynayanlar daha çox çevikdirlər. Sizcə qol vura biləcəklərmi?

“Çe Geveraya qoşulub, Boliviyaya gedərdim və peşman olmazdım”



- Sol üçün əsas toru silkələmək deyil. Əsas olan vurduğun qoldan sonra 7 top buraxmamaqdır. Hələlik bu, alınmır.

- Sizin solunuz, rəqibin sağı deməkdir. Bu cinahda oynayan ən ciddi futbolçu kimdir?

- Rəqib konkret kimsələr deyil, cinah haqda yaradılan simulyakr, “Güc effekti” barədə əsatirlərdir. Yaxınlaşanda bəlli olur ki, söhbət qum topasından, ya da səhrada ilğımdan gedir. Ancaq yaxınlaşanlar azdır.

- Belə bir deyim var: “Futbol da həyatdır”. Həyatda yer dəyişmələr, futbolda isə transferlər olur...

- Əsas odur ki, yerini dəyişəndə də öz oyununu oynayasan. Ümumiyyətlə isə həyatla futbolun oxşarlıqları şişirdilib. Oyunda bu gün uduzarsan, eybi yox, çünki sabah udarsan və beləcə... Həyatda isə çox vaxt qələbə də, məğlubiyyət də birdəfəlikdir. Transfer pul və komfort qazandıra bilər, ancaq məğlubiyyətdir - dəyərlər, sifətlər, öz gözündə qiymətin itirilir.



- Sizin futbol deviziniz nədir?

- “Realist olun - mümkün olmayanı istəyin”.

- Yaxşı futbolçu olmaq üçün nə gərəkdir? Ağıllı baş, yoxsa sürətli ayaq..?

- Ayağı idarə edən baş və qanı başa qovan ayaq... Eynilə nəzəriyyə ilə praktikanın vəhdəti kimi...

- Çe Geveranın baş məşqçisi siz olsaydınız, onu Boliviyaya qarşı oyuna çıxardardızmı?

- Komandasız qalardım - bütün heyət ona qoşulub, Boliviyaya yollanardı. Sonunda mən də gedərdim və peşman olmazdım.

- Ofsayta düşməmək üçün geri qaçanlarda var...

- Ofsaytı qaçmaq üçün bəhanəyə, heyvani qorxularına və divident hərisliyinə haqq qazandırmaq naminə saxta arqumentə çeviriblər. Çünki bu ad ilə müvəqqəti olaraq geriyə yox, birbaşa əks komandanın ehtiyat skamyasına gedirlər. Orada isə onlara hər dəfə qaçışlarını xatırlatmaqla, daimi gözükölgəlilik statusu hazırlanıb.



- Oyun alqı-satqıları hələ çox olacaq?

- Yox, təklif tələbatı üstələyib. Satılmaq istəyənləri almağa əks tərəfdə həvəs və ehtiyac qalmayıb. Əksər oyunlar tək qapıya oynanır.

- Ancaq azarkeşlər də qələbəyə acdırlar...

- Azarkeşlər sadəcə, seyrçi olduqlarından, onlara qələbəni də başqaları, nə vaxt istəsələr və dozasını müəyyənləşdirərək, verəcək. Yəni, qazanılmayan, verilən qələbələr illüzordur, seyrçilər isə bu illüziya ilə də kifayətlənirlər. Halbuki, həyat oyun deyil, ciddi işdir və o azarkeşlik yox, iştirak tələb edir.

“Transfer olunanlara hər dəfə qaçışlarını xatırlatmaqla, daimi gözükölgəlilik statusu hazırlanıb”



- “Kapital”la kapitan sarğısını ələ keçirmək olar?

- Yox, “Kapital”la bütün oyunlara son qoymaq və yaşamağa başlamaq olar...

Ramin DEKO,
Xüsusi olaraq musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR