İnsanlara hürriyət, millətlərə istiqlal!

Sasanizm bataqlığındakı İran

3578 06.10.2021 18:47 Yazarlar A A

 

16 il öncə, ABŞ-ın keçmiş səfiri Peter Galbraith, Boston Herald qəzetində yayınlanan məqaləsində Suriyanın və o cümlədən İranın parçalanmasıyla bağlı fikirlər səsləndirəndə, bəlkə də bu bir çoxuna inandırıcı gəlmirdi.

Avtoritar idarəetmə altında olan bu ölkələrin demokratik islahatlara getməyəcəkləri təqdirdə, daxili etnik münaqişələrlə bölünəcəyini bildirən amerikalı diplomat, hər iki ölkənin parçalanacağını bildirirdi.

Bu fikirlərdən cəmi 5 il sonra, Suriyanın etnik münaqişə fonunda bir neçə yerə parçalandığını gördük.

İndi, İran da qeyri-azad və sərt avtoritarizm mühitində daxili qarşıdurmanın keşiyindədir.

Hakimiyyətə qarşı formalaşan ciddi narazılıq fonunda, İran iqtidarı, xarici siyasət uğur nağıllarıyla narazı auditoriyanın başını qatmağa çalışır.

Ölkə daxilindəki iqtisadi çöküşün formalaşdırdığı böyük narazı kütləni sakitləşdirmək və yenə bir arada tutmaq üçün İran konflikt yaxud müharibə ölkəsi olmağa can atır.

 Bu isə, İran üçün heç də çıxış yolu deyil, əksinə uçuruma aparan yoldur.

Fars milliyyətçiliyinə söykənən dövlət ideologiyasının hədəfi, şiə məzhəbi üzərində yeni pers imperiyası qurmaqdır.

Bu gün, İraqda, Suriyada, Yəməndə İranın açıq və aqressiv hərbi müdaxilələrinin arxasında da bu xülya var.

Bununla yanaşı, İranın Azərbaycana qarşı atdığı son addımları, izah etmək çətindir.

Bu addımlar, nə İranın dövlətçilik və diplomatiya tarixinə, nə də tarixi keçmişinə yaraşır.

Pers milliyyətçiliyi arxasında gizlənən sasanizm dövlət anlayışı, təəssüf ki, İranı öz boyunduruğu altına almaqdadır.

Sasanilər dağıldıqdan sonra, İran 13 əsr boyunca, multikulturalizmin, müxtəlif etniklərin və konfessiyaların məskəni olub. Daha çox türk tayfalarının hökm etdiyi və türk dövlətlərinin qurulduğu bu torpaqlarda, təəssüf ki, son bir əsrdə fars və şiə milliyyətçiliyi yenidən ayaq açıb.

1925-ci ildə İranda hakimiyyətə gələn Pəhləvi sülaləsi, fars milliyyətçiliyini və sasanist dövlət təfəkkürünü öz ideologiyasına çevirdi.

1979-cu ildəki inqilabdan sonra dini təmayüllü hakimiyyətin fars milliyyətçiliyini deyil, ümmətçiliyi ideologiya halına gətirməsi gözlənilsə də, şiəlik, ideologiya olaraq fars milliyyətçiliyinin kölgəsində qaldı, daha doğrusu, məzhəb olaraq öz ruhaniliyini itirərək, fars milliyyətçiliyinin siyasi silahına çevrildi.

Bu gün, şiəliyi siyasiləşdirməklə, fars milliyyətçiliyini gücləndirməyi düşünənlər yanılırlar.

İranda fars milliyyətçiliyini qızışdıranlar, bu ölkədə yaşayan 30 milyon Azərbaycan türkü, türkməni, ərəbi və digər milli azlıqları unudur.

1 əsrə yaxındır, davam edən assimilasiya siyasətinin iflasa uğradığını görməkdəyik.

Bu baxımdan, etnik milliyyətçilik üzərindən siyasət, İranın parçalanmasına gətirib çıxaracaqdır.

Onu da xatırlatmaq lazımdır ki, Azərbaycana qarşı, İran tərəfindən səsləndirilən hər bir hədə, elə İran dövlətçiliyinə vurulmuş zərbədir.

Unutmayaq, sirkə, nə qədər tünd olarsa, öz qabını çartladır.

Eyni zamanda, İrandan Azərbaycana yönələn təxribat xarakterli çağırışların, mesajların və hərəkətlərin arxasında bir başa olmasa da, dolayı yolla Rusiyanın olduğuna ehtimal vermək olar.

İranın Azərbaycana qarşı aqressiya nümayişi, ən çox Rusiyanın işinə yarayır.

Mövzu Qarabağdır.

Artıq, o da aydın görsənir ki, İran regionda öz maraqlarını Rusiyanın kölgəsində təmin etməyə çalışır.

Yəni, İrandan Azərbaycana qarşı təzyiqlərin formalaşmasında əsas məqsəd, Qarabağ məsələsində Azərbaycanın Rusiyaya müəyyən güzəştlərə getməsinə nail olmaqdır.

Əldə olunan yaxud olunacaq güzəştlərdən bir qismi, çox cüzi qismi Rusiyanın vasitəsiylə İrana çatır.

Son günlərdə baş verən proseslərin əsas mahiyyəti bundan ibarətdir.

Eyni zamanda, burada başqa bir məqam daha var.

Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən iqtisadi blokadaya alınması, İranın Ermənistan bazarında demək olar ki, tək qalmasına və böyük iqtisadi rıçaqlar və mənfəətlər əldə etməsinə gətirib çıxarır.

Ermənistanın Rusiya və İrandan asılı vəziyyətə düşməsi, bu iki ölkəylə soyuq münasibətləri olan qərbi təbii olaraq qıcıqlandırır.

ABŞ, Britaniya və Avropa Birliyi ilə aparılan diplomatik danışıqlarda, Azərbaycanın və Türkiyənin Ermənistana qarşı iqtisadi blokadanı qaldırması məsələsi, əsas müzakirə olunan mövzulardandır.

Azərbaycan və Türkiyə, Ermənistanın sülh müqaviləsi imzalaması və Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtiylə, bu blokadanın qalxmasını təmin edə bilərlər.

Ermənistan baş naziri Paşinyan da, öz ölkəsini və xalqını bu prosesə hazırlamağa çalışır.

Məhz buna görə də, iki əsrdir, Qafqazı öz arasında bölüşdürən, öz təsir dairəsinə salan rus və fars imperializmi də təbii ki, bu prosesin qarşısını almaq üçün bütün güclərini səfərbər ediblər.

İran daxilində Azərbaycana kin püskürən, iki ölkə arasındakı əlaqələrə və tarixi bağlara xələl gətirən dövlət adamlarının olduğunu görmək, təəssüfləndiricidir.

Mənşəyi bəlli olmayan bu alaq otlarına, öz əndazələrini aşan ifadələr işlədən qurumsaqlara, ən yaxşı cavabları, elə cənublu həmvətənlərimiz verirlər.

Burda bir məqama toxunmaqda fayda var.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra, İran öz xarici siyasətini regionla bağlı formalaşdıra bilmir.

Azərbaycanı küsdürmək, İrana sərf etməməlidir.

İran və onun təmsilçiləri sasanist təfəkkürdən uzaqlaşaraq, daha rasional addımlar atmağa məcburdurlar.

Azərbaycanı itirmək, Qafqazı itirməkdir.

İran, eyni zamanda qonşu ölkədir.

Bu ölkəylə tarixi, mənəvi və irsi bağlarımız var.

Bu gündə Azərbaycan türklərinin böyük hissəsi bu ölkədə yaşayır.

Bu baxımdan, hər iki ölkənin daima müttəfiqlik və strateji dostluq etmə öhdəliyi olmalıdır.

Ancaq, təəssüf ki, hazırkı İran hakimiyyəti bu məqamları diqqətə almır yaxud nəzərindən yayınır.

Doğrudur, müstəqilliyimizin ilk 10 illiyində İran,  bizim suverenliyimizə şübhəylə yanaşmış ola bilər, bizi öz təsir dairəsinə salmağa cəhd etmiş ola bilər, lakin cənubdakı qonşumuz qəbul etməlidir ki, dövr artıq o dövr deyil.

Saatın əqrəblərinin, fars əlifbasındakı kimi soldan sağa yox, sağdan sola döndüyünü anlamaq lazımdır!

Zaman bizim xeyrimizə, Azərbaycanın xeyrinə işləyir.

İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan İran qarışıqlığının əsas səbəbkarı elə İranın özüdür.

Heç bu 30 ildə, ölkə daxilində İrana qarşı bu cür açıq narazılıq formalaşmamışdı.

Əgər qonşu ölkə, bu qarşıdurmada və nüfuz formalaşdırmada daxilimizdəki bir qrup agentinə güvənirsə, yanılır.

İran ölkəmizdəki agentlərinin sayını bilə bilər, ancaq unutmasın ki, İranın öz içində, ürəyi Azərbaycanla döyünən, Azərbaycana könül vermiş, saya bilməyəcəyi qədər fədakar həmvətənlərimiz var.

Tehrandakı kiçik bir pıçıltının, Bakıda duyulduğunu bir daha onlara xatırlatmalıyıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR