İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şarl de Qollun yerində İqbal Ağazadə olsaydı bəlkə iş adamı kimi fəaliyyət göstərəcəkdi” - Asılmamış portret

2708 14.04.2015 00:41 Proje A A

Məşhur bir deyim var: “Hamı ömründə ən azı bir dəfə Şarl de Qollun adını eşidib”. Bu ifadə bir az mücərrəd səslənir. Çünki de Qoll eramızdan əvvəl deyil, 19-cu əsrin sonlarında, daha dəqiq desək 1890-ci ildə dünyaya göz açıb. 1959-cu ildə isə Fransada beşinci respublikanın əsasını qoyub və prezident seçilib. Buna görə də onu hamı yox, 20-ci əsrdə doğulanlar tanımalı, yaxud adını bir dəfə eşitməlidi (bəlkə də eşitməyə məhkumdu - R.D.). Ancaq hər halda, bu deyim var. Deməli, Şarl de Qoll özündən söz etdirməyi bacaran siyasi liderdi. 
Onun portretini çəkməyi Ümid partiyasının sədri, deputat İqbal Ağazadəyə həvalə etdik. Biz sadəcə fırçanı təqdim etdik, boyalar və kağız özünün idi. Çünki rəsm sonda ona qalacaqdı...


- İqbal bəy öncə Şarl de Qollun portretini çəkin...

- Mənim üçün Şarl de Qoll bugünkü Fransa və Almaniyanın hegemon olduğu, anqlo-saksların isə üstünlük təşkil etmədiyi Avropadır. O, Qərbin sərhədlərindən və içindən ideoloji, gerçək müharibələri çıxardan bir obrazdı. 21-ci əsrdə Avropa ilk dəfə təhlükəsiz yaşamın nə olduğunu qəbul etdi. Şarl de Qoll indiki Avropa üçün çox çalışıb. Amerikaya döyüş açan da, Fransanı NATO-dan çıxardan da, SSRİ-ylə yaxınlaşan da o idi. Avropa Birliyini ən aparıcı dövlətinin sonuncu - beşinci respublikasının yardıcısıdır.



- Əgər rəssam olasaydınız onun həyatından nələri silərdiniz?

- Bir inşan səhvləri və doğrularıyla mükəmməldi. Şarl de Qolla bəzi fransızların gözündən baxanda vassalı, müstəmləkəsi olan dövlətlərdən imtina etməməli idi. Mənim, bir azərbaycanlının yanaşması odur ki, bir insan xalqı qalibiyyətindən o tərəfə apara bilməz. Şarl de Qoll da bunu bacardı. Bu gün üçün o, Avropa tarixində, coğrafiyasında arzuların əsasını qoyan şəxsdi. Nəyisə, hansısa anları, hətta ştrixləri de Qollun həyatından silməzdim. 


- Şarl de Qoll deyir ki, susmaq güclülərin gücü, zəiflərin isə sığınacağıdır. Bu fikirlə razısız?

- Baxır hansı aspektdən deyib. Heç bir fikri kontekstdən çıxarıb “bu düzdü” demək doğru deyil. Yer var orada danışmaq əsasdır. Bəzən isə elə ortam da yaranır ki, fərqi yoxdur güclüsən, ya zəif, həmin an doğurdanda susmaq lazımdır. 

- İqbal bəy isə çox vaxt susur. Bu onun güclü, yoxsa zəif olmasından irəli gəlir?

- Təbii ki, güclü olmasından. Susmağı da bacarmaq lazımdı. Bu, bəzən yerimizin möhkəm olduğu qənaəti yaradır, bəzən isə zəifliyimizin göstəricisi kimi xarakterizə edilir. Bütün fikirlər öz-özlüyündə doğrudur, sadəcə həmin sözün hansı situasiyada, nə zaman deyilməsini tapmaq gərəkdir. 


- Şarl de Qoll birinci dünya müharibəsində üç dəfə yaralanıb. Ancaq sağ qalır və sonra da prezident olur. Savaşlardan keçməsəydi prezidentlik kürsüsünə qədər irəliləyə bilərdi?

- Əlbəttə. Məgər bütün prezidentlər yaralanıb? Məgər bütün dövlət başçıları müharibədə iştirak edib? Məgər bütün prezidentlər qəhrəmanlıq düşərgəsindən keçib? Bu, onun taleyidir. Əgər sual versəydiniz ki, “üç dəfə yaralanmasaydı onu briqada generalı vəzifəsinə qoyardılar”. Buna cavab olaraq deyərdim ki, həmin rütbəyə qədər yüksəlməyə bilərdi, ancaq prezident olardı. Bəlkə də seçicilər, vətəndaşlar qəhrəmanlığına görə də bir az da artıq güvəniblər, bir neçə faiz artıq səs veriblər. 

- Bu gün Azərbaycanda yaşasaydı Fransada əldə etdiyi uğurları burada təkrarlaya bilərdi?

- Xeyr. Nəinki Azərbaycanda, hətta o bu gün Fransada yaşasaydı həmin uğurları təkrarlaya bilməzdi. Jan-Mari Le Pen Şarl de Qolldan zəif deyildi. Düşüncələri, mesajları daha üstün idi, ancaq 2007-ci il seçkilərində uduzdu. Hər siyasətçinin öz dönəmi var. Bu gün yaşantıları və yanaşmaları fərqlidir. Şarl de Qollun 40-cı, 59 və 69-cu illərdə dönəmiylə bu günü qarışıq salmaq olmaz. Təkrar edirəm, Fransanın tam azad olacağını iddia edən, anqlo-sakslardan qurtarmağa, müstəqil Fransa siyasəti yeritməyə çalışan Şarl de Qolldan qat-qat artıq milli, Fransa mövqeyindən çıxış edərək Jan-Mari Le Pen 2007-ci ildə 10 faiz, onu qızı Marin Le Pen 2012-ci ildə 18 faiz səs toplaya bildi.



- 1969-cu ilin 27 aprelində referendumdan sonra Şarl de Qoll “Fransa məndən yorulub, mən də fransızlardan” deyir və səhəri günü istefa verir...

- Bu, insanın özünün edə biləcəklərini, missiyasını nə qədər yerinə yetirəcəyi haqda daxili qərarıdı. Bu, doğru addım idi. Beşinci respublika qurulmuşdu, Fransanın mövqeyi, dünyanın yanaşmaları da dəyişmişdi. Artıq 40-cı illər deyildi. 

- İstefa verməsəydi, qalıb mübarizə apara bilərdi?

- Düşünmürəm ki, o sözünə xilaf çıxardı. O öz həmvətənlərindən deyil, daha çox siyasətlə uğraşan, opponentlərdən yorulmuşdu. Bu artıq beynində idi, mütləq getməliydi. Referendumdan sonra istefa verdi. 


- Bəs, İqbal Ağazadə Şarl de Qollun yerində olsaydı nə edərdi? 

- Birinci dünya müharibəsinin qəhrəmanı ola bilərdim? Üç dəfə yaralanardım? Ordu da qalıb fəaliyyətimi davam etdirərdim? Ən azından polkovnik rütbəsinə qədər yüksələrdim? Bu sualları cavablandırmaq çətindi. Baxmayaraq ki, Qarabağ müharibəsində iştirak etmişəm. Xəyali çox şeylər qurmaq, qəhrəmanlıq səhnələri də yaratmaq olar. Şarl de Qoll 40-cı illərdə prezidentliyə doğru getmirdi. Fransanın azad olması üçün mübarizə aparırdı. Zaman onu bu kürsüyə gəlməyə məcbur etdi. 1987-ci ildə heç də hər kəs Əbülfəz Elçibəyi tanımırdı. Yaxud həmin ilin sonlarında Heydər Əliyev Mərkəzi Komitədən istefaya göndərildi. Çoxları dedi ki, Heydər Əliyev dövrü bitdi, ancaq 1993-cü ilin iyun ayında Azərbaycan yenidən onun dönəminə qayıtdı və hakimiyyətə dəvət olundu. Bir daha təkrar edirəm, hər şey situasiyadan asılıdı. Şarl de Qollun yerində İqbal Ağazadə olsaydı bəlkə iş adamı kimi fəaliyyət göstərəcəkdi? Dəqiq heç nə demək mümkün deyil. Ancaq onunla çiyin-çiyinə vuruşan azərbaycanlı var. Partizan, Fransa Müqavimət Hərəkatının nümayəndələrindən olan Əhmədiyyə Cəbrayılov de Qolla bir döyüş əməliyyatı yerinə yetirərkən öndə özünün getməsini istəyib. Bunun səbəbini soruşanda “mən ölsəm heç nə dəyişməz, sən ölsən bütün fransızların ümidi qırıla bilər”, -  cavabını verib. Bundan sonra onların möhkəm dostluğu yaranıb. Əhmədiyyə Cəbrayılov sonradan Azərbaycana qayıdıb. Halbuki Fransada qalıb bizneslə məşğul ola bilərdi. Çünki Şarl de Qoll ona hər cür şəraitin yaradacağını söz versə də, o vətənə dönüb. 


 
- Bəs, İqbal Ağazadəyə bütün şərait yaradılsaydı nə edərdi?

- Virtual şəkildə günün qəhrəmanı ola bilərəm. Ancaq həmin situasiyada nə edəcəyimi, hansı cavabı verəcəyimi deməkdə çətinlik çəkirəm.

- İqbal Ağazadə və Şarl de Qoll. Aranızda hansı oxşarlıqlar cəhətlər var. 

- Oxşarlıqları demək bir az çətindi. Siyasətçilərin hamısının taleyi bir-birinə yaxındı. Mən də Azərbaycanın torpaqlarının azad edilməsini, insanların firavan yaşamasını istəyirəm. Bu gün Azərbaycanda yeganə partiya sədriyəm ki, Qarabağ müharibəsində iştirak etmişəm. Pis anlaşılmasın, bəlkə də oxşarlıq burada var. Ancaq İqbal Ağzadə Şarl de Qoll ola bilər? Bunu iddia etmirəm.

- Şarl de Qollun çizdiyiniz bu portretini kimsə rəsm halına salıb sizə təqdim edərsə onu başınızın üzərindən asarsız?

- İdeoloji və hərbi döyüşlərin məskəni Avropa olub. Birinci, ikinci dünya savaşları, vətəndaş müharibələri, ideoloji parçalanmalar - hamısı Qərbdə gerçəkləşib. Şarl de Qolldan başlayan bir siyasət yekunda Avropanın müstəqilliyinə, birliyinə gətirib çıxarıb. İlk dəfə bunu o arzulayıb. İndi Avropada müharibə, etnik, mili savaşlar sərhədlər yoxdu. İnsanlar azad yaşayır, ideoloji savaşlara girmirlər. Bunda Şarl de Qollun əməyi, xidməti çoxdur. Onun portretini başımın üzərində asaram, buna layiq şəxsiyyətdir.

Ramin DEKO,
Xüsusi olaraq musavat.com üçün
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR