Sarkisyan “Putin ittifaqı”na üzvlüyü imzaladı və sevindi, amma... - YENİLƏNİB-2
Ermənistan prezidenti Serj Sərkisyan imzalama mərasimindən sonra qısa çıxış edərək Avrasiya İttifaqına üzv olan digər ölkələrin parlamentlərinin ilin sonunadək onun ölkəsinin üzvlüyü barədə sazişi ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.
Virtualaz.org saytı xəbər verir ki, bununla da Avrasiya İttifaqının toplantısının mətbuata açıq hissəsi başa çatıb. Belarus prezidenti Aleksandr Lukaşenko toplantının qapalı davam edəcəyini elan edib.
Sərkisyanın və onun xarici işlər naziri Edvard Nalbəndyanın Ermənistanın nəhayət “Putin ittifaqına” üzvlüyü haqda sazişi imzalamasından xeyli məmnun göründükləri diqqətdən yayınmayıb.
Qazaxıstan və Belarusun Ermənistanın üzvlüyünü bu dəfə də təxirə sala biləcəyinə dair gözləntilər doğrulmasa da Sərkisyan üçün sevinmək hələ tez ola bilər. Çünki Qazaxıstan və Belarus parlamentləri Ermənistanın üzvlüyünə dair sazişin ratifikasiyasını Putinin vurğuladığı kimi ilin sonuna qədər həyata keçirməyə bilərlər.
Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqa üzv olandan sonra işğal altındakı Dağlıq Qarabağla sərhədinə gömrük postu yerləşdirmək öhdəliyinin də həmin sazişdə əksini tapdığı məlumdur. Bunu bir neçə gün əvvəl Ermənistan hökuməti təsdiqləmişdi.
Ermənistan bu öhdəliyi qəbul etdiyi üçün Azərbaycanın onun üzvlüyünə qarşı çıxmaq üçün formal olaraq əsası qalmır. Lakin Azərbaycanın Qazaxıstan və Belarusla münasibətləri imkan verir ki, bu dəfə parlamentlərdə ratifikasiya prosesi ləngisin. Bu, Azərbaycanın gücünü Ermənistanın nəzərinə çatdırmaq üçün daha bir imkandır.
* * *
18:50
Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistanın bu ittifaqa üzvlüyü haqda sənəd imzalanıb.
Virtualaz.org saytı xəbər verir ki, imzalanma mərasimi az əvvəl baş tutub.
İmzalama mərasimi zamanı Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun hesablamalarına görə, ittifaqın iştirakçısı olan bütün ölkələrin parlamentləri Ermənistanın üzvlüyü barədə sənədi ilin sonuna qədər təsdiqləyəcəklər.
Beləliklə, Avrasiya İqtisadi İttifaqı Ermənistan da üzv olmaqla 2015-ci il, yanvarın 1-dən fəaliyyətə başlayacaq.
“Bizim nəzərimizcə, Ermənistan Avrasiya İttifaqında Rusiya, Belarus və Qazaxıstanla bərabər iştiraka hazırdır” - deyə Putin bildirib.






