İnsanlara hürriyət, millətlərə istiqlal!

Şar müharibəsi

1545 07.02.2023 11:15 Yazarlar A A

“Göydəki göy buludlar,

Yorğanıdır çobanın.

Yumru-yumru qayalar,

Yumruğudur çobanın"

(folklorumuzdan)

Çinin hava şarı ABŞ-ın üzərində asılmışdı. Bir neçə gün bu qəribə, ekzotik əhvalat dünya mediasında gündəm oldu. Amerikalılar şarın casus qurğularla təchiz olunduğunu, çinlilər isə adi hava proqnozu aerostatı olmasını iddia edirdilər. İşin daha tragikomik tərəfi isə ABŞ-ın ilk günlər şarı silahla vurub yerə salmaqdan çəkinməsi idi. Deyirdilər hara düşəcəyi məlum olmasa, camaata zərər vurar. Nəhayət, şar yellənib-yellənib okean üzərinə çıxanda amerikalı hərbçilər onu partlatdılar.

Bu əhvalatı ilk görəndə 1999-cu ildə Murovun zirvəsində, 3492 metr dəniz səviyyəsindən hündürlükdə əsgərlikdə ikən keşikçi postumuza uçub gələn şarı xatırladım. Ora elə qəribə yer idi ki, quş da qonmurdu, yalnız bir dəfə hardansa göyərçin uçub gəlmişdi. İlin 10 ayı qar olurdu, qar buxarlanıb adamın gözünün qabağında buluda çevrilirdi. Kəlbəcər işğal altında idi və bir aydınlıq gündə onun dərələri tərəfdən hardasa yarım metr ölçüdə böyük, helium qazıyla doldurulmuş bir şarın postumuza doğru qalxdığını gördük. Şar uçaraq düz yanımıza çatdı, onu tutduq. Üstündə ingiliscə “Doğum günün  qutlu olsun” sözləri yazılmışdı. Bu kimin ad günü şarı idi, hansı gün, hansı tərəfdən buraxılmışdı, bunu bilmədik. Ancaq qorxunc savaşın ortasında belə bir xoş mesajlı şar almaq maraqlı xatirə kimi yadımda qalıb.   

Dünya savaşları, nüvə silahı mövzusunda müəllifini unutduğum (əsasən Eynşteynin adına çıxılır, amma dəqiq deyil) maraqlı aforizm var: “Üçüncü dünya müharibəsinin hansı silahlarla olacağını bilmirəm, ancaq dördüncü dünya savaşı daş və dəyənəklərlə olacaq”. Qısa izah etsək, 3-cü davada nüvə silahı bəşəriyyəti məhv edəcək, biz təkamül keçib mağaradan yenidən çıxmalı olacağıq. Hazırda Rusiyanın bütün dünyanı davamlı şəkildə nüvə silahı, atom, hidrogen bombaları ilə hədələməsi əslində bizim bu qorxunc perspektivdən o qədər uzaq olmadığımızı göstərir. Alimlər “bəşəriyyətin qiyamət saatı” adlı bir rəmzi qurğu düzəldiblər, orda sonumuza ən az saniyə qalması keçən il qeyd edildi.

Və bu fonda ABŞ-Çin “şar müharibəsi” sanki həmin o daş-kəsək davasının məşqi idi. Bunlar da dünyanın “beş kişisi”ndən ikisidir, Allah heç qoymasa, BMT Təhlükəsizlik Şurasının üzvləridir, lakin bölüşə bilmədikləri mövzuya bax... Şar... Sanki uşaq bağçasıdır. Özü də tərbiyəçilərin balacalara işgəncə verdiyi, direktorun sıyıqları və pampersləri əkişdirdiyi, antisanitariya, böcək-həşərat, xəstəlik basmış bağça...

Daş-kəsək və Kəlbəcərdən yazdım, elə ermənilərin bizimlə davası da ilk aylarda daşla başlamışdı. Şuşadan Ağdama gələn maşınlarımızı, avtobusları Xankəndidə daşa basırdılar. Sonra daş tüfəngə, avtomata, onlar artilleriya qurğularına çevrildi. Artıq “çıxan qan damarda durmurdu”. Regionda qan su yerinə axırdı. Ondan sonra sularımız azaldı. Təbiət bizə suyu layiq görmədi.

Təbiət demişkən, indi onun soyuq üzü əziz Türkiyəmizdə görünür, zəlzələdən yüzlərlə insan həlak olub. Orada dağılan evlərə, ondan da az öncə Güney Azərbaycanda zəlzələdən çöldə, soyuqda, qarda qalmış insanlara baxırsan, fikirləşirsən ki, eyni mənzərələri Qarabağda, Ukraynada, Hələbdə görmüşük. Putinin, Rusiyanın işğalçı siyasəti Ukrayna şəhərlərində 1 ildir qorxunc dağıntılar törədir. Bu, görəsən, Putin şkalası üzrə neçə baldır? Zəlzələ “yerin altındakı öküzün tərpənməsi”dirsə, yerin üstündəki ikiayaqlı öküzlərlə neyləyək?

Deyəsən, bu Yer adlı şar da Günəşin yanına təsadüfən, ya da hansısa təxribat sayəsində uçub gəlib. Vurun, salın, dincəlin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR