“Şanxay” sakinləri ölüm təhlükəsindən nə zaman qurtulacaq? - VİDEO
Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Şanxay” adlanan ərazidə yaşayış evlərinin arasından keçən dəmiryol xətti sakinləri hər an ölüm təhlükəsi ilə üz-üzə qoyur.
Dəmiryol xətti burada yaşayan sakinlər, xüsusilə də azyaşlılar üçün təhlükə mənbəyidir.
Bu dəmiryol reyslərinin üstü ilə təkcə qatarlar deyil, insanlar da hər gün işə, dərsə gedirlər. Bura həmdə təhlükənin nə dərəcədə ciddi olduğunu anlamayan uşaqların oyun meydançasıdır.
Taxta konstruksiyadan ibarət olan evlər dəmiryol xəttinin bir addımlığındadır. “Şanxay” sakini Almaz Əliyeva deyir ki, “gecə-gündüz qorxu içində yaşayırıq ki, qatarlar reysdən çıxıb, evlərimizi uçuracaq”.
Sakinlər deyir ki, bu illər ərzində dəmiyol reyslərinə onlarla azyaşlı qurban gedib. Ən son 15 yaşlı bir qız qatarın altında qalaraq, dünyasını dəyişib. Həmçinin dəfələrlə küçədə saxlanan maşınlara ziyan dəyib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmiryolunun mühafizə və sanitar zolağı müəyyənləşib və “Şanxay” adlanan ərazi də mühafizə və sanitar zolağına düşən ərazidir və burada yaşayan sakinlərin köçürüləcəyi gözlənilir.
65 yaşlı Ağasəməd dayı deyir ki, neçə ildir bu ərazinin söküləcəyi ilə bağlı söz-söhbət gəzir , amma hələ də buna başlanmayıb.
“Şanxay” sakini Əkbər Səmədov evlərinin qeyri-qanuni ərazidə tikilməsi ilə barışmaq istəmir. O, evlərin deyil, dəmiryol xəttinin köçürülməsini tələb edir.
Xatırladaq ki, “Şanxay” ərazisində 2840 qeyri-qanuni tikili siyahıya alınıb. 900-ə yaxın tikili barədə təxirəsalınmaz işlərin aparılması nəzərdə tutulur.
Ancaq bunun nə zaman baş verəcəyi hələlik məlum deyil.
Nərgiz Liftiyeva






