İnsanlara hürriyət, millətlərə istiqlal!

Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qafqazda ciddi dəyişikliklərə gətirə bilər

1300 14.07.2015 08:10 Siyasət A A

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar. Bu barədə ötən həftə Rusiyanın Ufa şəhərində ŞƏT və BRİCS ölkələrinin sammitində Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Hələlik Azərbaycanın bu quruma nə zaman üzv olacağı məlum olmasa da, bu hadisənin mümkün nəticələri müzakirə olunur. 

Təbii ki, Azərbaycanın Ermənistanla birgə bu quruma üzvlük müraciəti etməsi ilk növbədə yada Qarabağ münaqişəsini salır. Bu quruma üzvlük (Ermənistanla birlikdə) Azərbaycan üçün nə vəd edir və münaqişənin həllinə təsiri olacaqmı? 

Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlının fikrincə, Azərbaycanın ŞƏT-ə üzvlüyü münaqişənin həllinə təsir edəcək: “Azərbaycan və Ermənistanın ŞƏT-lə dialoq tərəfdaşı olan bir ölkəyə çevrilməsi Cənubi Qafqaz regional siyasətində ciddi dəyişikliklərə səbəb olacaq. Belə ki, bu təşkilat ilk yarandığı dövrdə daha çox Orta Asiya ölkələri ilə Çin arasında sərhəd və təhlükəsizlik məsələlərinin birlikdə müzakirəsi və dialoqun qurulması üçün ortaq platforma idi. Rusiya və Çin arasında da qlobal təhlükəsizlik və sərhəd problemlərinin həll edilməsində önəmli rol oynadı. Daha sonra bu təşkilat, üzv ölkələrinin problemlərinin həll olunmasından Qərb və ya NATO olaraq ifadə etsək, bu güclərə qarşı bir birliyə çevrilmə mərhələsinə keçdi. Çoxqütblü dünyaya keçid mərhələsində strateji təhlükəsizlik rolu bu təşkilata Rusiya və Çin tərəfindən verildi. Bu məsələdə Çinin qlobal siyasətdə rolunun artması və Avrasiya coğrafiyasında getdikcə təsir imkanlarının genişlənməsinin Cənubi Qafqaza yaxınlaşdığını görürük. Əgər Azərbaycan və Ermənistan ŞƏT-ə üzv olma prosesini gücləndirə və ya bunu reallaşdırsalar, o zaman böyük ehtimalla, Rusiyanın istəyi ilə də bu regionun təhlükəsizlik problemləri Qərb kontekstindən çıxarılaraq ŞƏT kontekstinə salınacaq. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində vasitəçi kimi yeni ölkə olaraq Çini görə biləcəyik”.

O.Qafarlı deyir ki, bu təşkilata üzvlüyün Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyi ilə bağlı iki önəmli məsələyə diqqət etmək lazımdır: “ŞƏT - Orta Asya ölkələri Azərbaycan yanlıdırlar. Lakin nə qədər qəribə görünsə də, Çində çox güclü erməni diasporu var ki, bu qruplar Çini erməni mövqeyinə yaxınlaşdırmağa çalışırlar. Lakin Çinin özünün ərazi konfliktləri olduğu üçün dövlət siyasəti Azərbaycanın yanında olmağa məcbur edir. Digər tərəfdən, Pakistan bu birliyin yeni üzvü olaraq hər zaman Azərbaycanın yanında olub. Dağlıq Qarabağ münaqişəsini ŞƏT kontekstinə çıxarmaq Azərbaycanın maraqlarına uyğun ola bilər. Lakin bu zaman biz Ermənistanın Qərblə yaxınlaşdığını görəcəyik. Və bu, Azərbaycanın AB və ABŞ-la münasibətlərinin kəskin pisləşməsinə səbəb olacaq. Azərbaycan qlobal enerji layihələrində Qərblə birlikdədir. Bu mənada AB və ABŞ-la münasibətlərimiz suverenlik və enerji layihələrimiz baxımından çox önəmlidir. 

Odur ki, inanmıram ŞƏT Qarabağ probleminin həll edilməsi üçün yeni və ciddi təsiri ola biləcək bir platforma ola bilsin. Tam əksinə, Cənubi Qafqazdakı güclər balansı belə bir transformasiyanı qəbul etməz. Hətta yenidən savaş ehtimalını yüksəldər".

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR