İnsanlara hürriyət, millətlərə istiqlal!

Santuşun təyinatı AFFA-nı tənqid hədəfinə çevirdi:Azərbaycanın sərvətini əcnəbilərə paylamaq yolunu tutublar

762 13.06.2024 13:33 İdman A A

Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirib. Türkiyə mediasında yayılan məlumatlara görə, son olaraq “Beşiktaş” klubunda çalışan F.Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Portuqaliyalı “ağ-qaralar”da ilinə 4,5 milyon avro qazanıb. Portuqaliya millisində isə o, nə az, nə çox, 9,7 milyon avroya çalışıb. Lakin baş məşqçi vergidən yayınmaq üçün illik gəlirini cəmi 60 min avro elan edib və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunub. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər. F.Santuşun Azərbaycan millisindəki maaşı isə rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir.

 

Bu təyinatla bağlı fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Natiq Muxtarlı deyib ki, indiki AFFA rəhbərliyi də özündən əvvəlkinin yolu ilə gedir.

Onun sözlərinə görə, son təyinat AFFA rəhbərliyinin qeyri-peşəkar və diletant olduğunu ortaya qoyur: “Fernando Santuşun Azərbaycan millisinin baş məşqçi postuna təyinatı gümanlarımızı tam doğrultdu: İndiki AFFA rəhbərliyi də iş görmək niyyətində deyil. Onların iş görmək istəməməsinin iki səbəbi ola bilər: Ya futbol təsərrüfatına çirkli vəsaitinin “yuyulması” üçün əlverişli məkan kimi baxırlar, ya da qeyri-peşəkar, diletantdırlar. Ona görə də belə qərarlar qəbul edirlər. Santuşun təyinatı nə deyir? Deyir ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun əsas problemindən xəbərsizdir. Ya da xəbərləri var, amma həll etmək niyyətləri yoxdur. Santoşun qarşısına Avro-2028-in final mərhələsinə vəsiqə qazanmaq tələbi qoyulub. Rövnəq Abdullayev də qarşısına belə tələblər qoymuşdu: Avro-2016-ın final mərhələsinə vəsiqə əldə etmək. Alınmayanda, Avro-2020 dedi. Amma heç nəyə nail ola bilmədi. Bilirisniz niyə? Çünki bu hədəfə çatmaq üçün potensial yoxdur. O potensialı yaratmaq üçün də iş görülmədir”.

İdman şərhçisi deyib ki,  Azərbaycanda böyük uğurlar qazanacaq futbolçu potensialı yoxdur: “Futbolçu yetişdirmək üçün uzun illər heç bir iş görülməyib. İctimaiyyət düşünürdü ki, AFFA-nın yeni rəhbərliyi bu prosesə başlayacaq, özü də yubanmadan. İnfrastruktur quracaq, kadr yetişdirəcək. Amma onlar yenə də Azərbaycanın sərvətini əcnəbilərə paylamaq yolunu tutdular. Santuşa və köməkçilərinə il ərzində ən azı 5-6 milyon avro veriləcək. Onun tələbləri çox yüksək olacaq. Bu vəsait xalqın boğazından kəsilib onlara veriləcək. Amma bu pulla neçə-neçə rayonda, qəsəbədə, kənddə kiçik futbol məktəbləri qurmaq, azərbaycanlı uşaqları o məktəblərə cəlb etmək olardı”.

N.Muxtarlı vurğulayıb ki, Azərbaycan futbolunun problemini görməzdən gəlib bahalı əcnəbi mütəxəssisləri gətirərək xalqın vəsaitini onlara vermək cinayətdir: “Azərbaycanda brilyant – Ronaldo yoxdur ki, Santuş gəlib onunla böyük uğur qazansın. Azərbaycanda şüşə var. Amma AFFA rəhbərliyi Santuşa deyir ki, gəl bu şüşədən brilyant hazırla. İstehza etməmək olmur. Diletantlıqdır. “Bunlar nə yeyirlər, nə içirlər” sualını verməmək mümkünsüzdür. Axı Azərbaycan futbolunun problemi göz önündədir. Bu problemi görməzdən gəlib bahalı əcnəbi mütəxəssisləri gətirərək xalqın vəsaitini onlara vermək cinayətdir. Özü də aşkar, hamının gözü qarşısında törədilən cinayət. Bir neçə ildən sonra Santuş Azərbaycanı tərk edəcək, heç bir nəticə vermədən. Amma Azərbaycandan sərvət aparacaq. Bu sərvəti xalqın boğazından kəsib onlara verənlərə isə “gözün üstə qaşın var” deyən olmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR