Rusiya mətbuatının məlumatına görə, ötən bazar günü terrorçuluq barədə hüquq-mühafizə orqanlarına yalan məlumatlar verilib. Bu məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb, amma heç biri təsdiqini tapmayıb.
Virtualaz.org mənbəyə əsasən bildirir ki, yanvarın 21-də Rusiya Federal Təhlükəsizlik Xidmətinə Sverdlovsk vilayətinin xəfiyyələri tərəfindən elektron məktub daxil olub. Məktubda xəbərdarlıq olunub ki, Sankt-Piterburq və Moskva meriyaları minalanıb.
Polis əməkdaşları hər iki iqamətgaha baxış keçiriblər. Heç bir partlayıcı maddə və qurğu aşkar edilməyib.
Məlumata görə, yanvarın 20-də saat 16:28 radələrində “112” xidmətinə zəng vuran 40 yaşlı qadın yaşadığı binanın partladılacağı haqda məlumat əldə etdiyini deyib. Qadının sözlərinə görə, 14 saylı mənzildə yaşayan Rauf adlı şəxs ona binanın partlayacağını bildirib.
28 yaşlı azərbaycanlı polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli, yaxud şübhəli əşya aşkar olunmayıb və bina sakinləri təxliyyə edilməyib. Azərbaycanlı gənc barəsində Rusiya Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işi qaldırılıb.






