İnsanlara hürriyət, millətlərə istiqlal!

“SANA SEVDAMIN YOLLARI, BANA KURŞUNLAR....”

6303 15.03.2011 04:10 Gündəm A A

Xəstəxanadan bildirilib ki, İ.Tatlısəsın həyatına təhlükə sovuşarsa o, danışmaqda problem çəkməyəcək, lakin iflic halının davam edib-etməyəcəyini söyləmək hələlik mümkün deyil. Müğənninin beyin həkimi İlhan Almaçının bildirdiyinə görə, xəstənin ən kritik vaxtlarının 24 saat müddətində ötüşməsi üçün o, sutkalıq yatızdırılıb.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ da Tatlısəsin vəziyyətinin kritik olduğunu bildirib.
Dünən üçüncü dəfə əməliyyat edilən müğənni yenidən ciddi həkim nəzarətində saxlanıb. Əməliyyat prosesində müğənninin dilindən hansısa ismin səslənməsi ümidi ilə polis də iştirak edib. Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, müğənninin qardaşı Hüseyn Tatlı bildirib ki, pərəstişkarları bundan sonra İbrahim Tatlısəsi yalnız səs yazılarından dinləyəcəklər.
Xatırladaq ki, müğənni gecə saatlarında televerilişdən çıxarkən sui-qəsdə məruz qalıb. “Kalaşnikov” avtomatından 11 güllə atəşinə tutulan müğənni ilk gülləni alnından alıb və ani olaraq başını əydikdə digər iki güllə avtomobilin arxasında oturan köməkçisi Buket Çakçıya dəyib. B.Çakçı isə burun və boyun nahiyəsindən güllə yarası alıb. Vurulma anında müğənni “olurmu ya, olurmu heç” deyə bilib. Polis hadisə yerində 20 “Kalaşnikov” gilizi tapıb. Müğənninin avtomobilinə 3 naməlum avtomobil hücum edib. Hücumu gerçəkləşdirən qara rəngli avtomobildə isə 5 nəfər olub.
Dünən Türkiyə televiziyalarında Buket Çakıcının həkimi Ömər Faruk Ünal çıxış edərək bildirib ki, B.Çakıcının bədəninə girən gülləni çıxarmaq mümkün olub və onun vəziyyəti nisbətən yüngülləşməyə doğrudur.
Müğənninin sürücüsü və şəxsi mühafizəçisi Hakan Çalışkan isə deyib ki, müğənniyə 11 güllə atəşindən əlavə başqa istiqamətlərdən də güllələr yağdırılıb.
Hadisə törəndikdən sonra səhər saatlarından etibarən xəstəxanının önünə minlərlə ziyarətçi gedib.
Hadisədən dərhal sonra müğənninin ailə üzvləri də xəstəxanaya gəliblər. İ.Tatlısəsin sabiq həyat yoldaşı Pərihan Savaş və qızı Mələk Zübeydə, birinci nikahından olan Əhməd Tatlı, üçüncü arvadı Dərya Tuna və oğlu İbo müğənni üçün acı göz yaşları axıdıblar.
Türkiyənin “Kanaltürk” televiziyasından bildirilib ki, 30 il boyunca müğənni hər zaman ölüm təhdidi ilə hədələnsə də, Tatlısəs heç zaman bu hədələrə məhəl qoymayıb. Qeyd edək ki, 6 il öncə də müğənni ölüm təhdidi ilə üzləşib və polis əməliyyatı nəticəsində ona edilən silahlı qəsdin qarşısı alınmışdı.
Müğənninin həyatına 4 dəfə belə sui-qəsd təşkil edilib.

Ərdoğan və Gül narahatdırlar

Dünən Türkiyənin baş naziri Təyyub Ərdoğan xəstəxanaya zəng edib. O, müğənninin həyatını xilas etmək üçün xəstəxananın tibb heyətinə xüsuisi tapşırıqlar verib. Gün ərzində bir neçə dəfə müğənninin həyatı ilə maraqlanıb.
Türkiyənin “Akşam” qəzeti isə xəbər verir ki, prezident Abdulla Gül də müğənniyə qarşı edilən sui-qəsd hadisəsinə münasibət bildirərək deyib ki, sifarışçilərin tezliklə üzə çıxması üçün aparılan araşdırmalara nəzarət edir.
Qeyd edək ki, İ.Tatlısəsin yaradıcılıq həyatında mühüm rol oynadığı Günel Zeynalova (Azəri Günel) hadisə baş verən zaman Almaniyada olub. Günelin qardaşı Tunar Zeynalovun qəzetimizə verdiyi məlumata görə, müğənni Almaniyada konsert törənində olduğu üçün tədbiri təxirə salmaq mümkün olmayıb: “Günel bu axşam (dünən-red.) Türkiyədə olacaq. Bütün ailə üzvlərimiz dərin həyəcan yaşayırıq”.
Türkiyə polisi isə hadisəni törədənlərlə bağlı axtarışlarını davam etdirir. Atəş «Kalaşnikov» avtomat silahından açıldığı üçün sui-qəsdi PKK terror təşkilatının həyata keçirdiyi ehtimal olunur.
Lakin bəzi məlumatlara görə, İbrahim Tatlısəsin öldürülməsi sifarişini müğənninin Şimali İraqdakı biznes şərikləri verə bilər. Çünki ən müxtəlif biznes işlərini bacarıqla həyata keçirən müğənni ən çox parasını Şimali İraqdakı inşaat sektoruna qoysa da, uğurlu nəticə əldə etməyib və ehtimallara görə, bununla əlaqədar İ.Tatlısəsin biznes ortaqlarına narazılığı onun həyatına sui-qəsdə səbəb ola bilər.
Bundan başqa, müğənni bu günlərdə siyasətə qatılaraq iqtidar partiyasının dəstəyi ilə millət vəkilliyinə namizədliyini də irəli sürəcəkdi. Buna isə Türkiyədə kürd təşkilatlarının dəstəkçisi olan Barış Demokrasi Partiyasının narazı olduğu bildirilirdi. Lakin dünən partiya yetkililəri deyiblər ki, müğənninin sui-qəsdinin sifarişçilərinin tapılmasında onlar da maraqlıdırlar.
Qeyd edək ki, İ.Tatlısəs 1952-ci ildə Şanlurfada anadan olub. Atası kürd anası ərəb olan müğənni Türkiyədə türklər tərəfindən çox sevilən bir xalq sənətçisidir. Pərəstişkarları isə müğənninin həyatına təhlükə yaradanların cəzalanacağını səbirsizliklə gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR