İnsanlara hürriyət, millətlərə istiqlal!

SAMİR ŞƏRİFOVUN ƏMRİ BANK SEKTORUNDA XAOS YARADACAQ

5085 10.06.2011 03:39 İqtisadiyyat A A

Nəzərə çatdıraq ki, Maliyyə Nazirliyi tərəfindən bu yaxınlarda Naxçıvan MR Maliyyə Nazirliyinə, Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə, o cümlədən Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə) maraqlı bir müraciət göndərilib. Sənədin mahiyyəti ondan ibarətdir ki, ödənişlər məhz “Kapitalbank”a edilməlidir. Sənəddə maliyyə qurumlarının nəzərinə çatdırılır ki, qəbul edilmiş normaya baxmayaraq, Maliyyə Nazirliyinə “Kapitalbank” ASC tərəfindən daxil olan məlumatlar onu göstərir ki, yerli xəzinədarlıq orqanlarında (YXO) xidmət olunan bir sıra büdcə təşkilatları digər bankların xidmətlərindən istifadə edirlər. Maliyyə Nazirliyi yuxarıda qeyd olunan faktların ilin sonunadək aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və YXO-larda xidmət olunan büdcə təşkilatlarının kassa əməliyyatlarının (plastik kartla əmək haqqı və digər ödənişlər də nəzərə alınmaqla) tranzit hesablar açılmış agent-banklar vasitəsilə həyata keçirilməsini tapşırıb.
Məlumata görə, S.Şərifov tabeliyində olan qurumlara şəxsən də bu barədə göstəriş verib. Onları sözügedən əməliyyatların başqa banklarda aparılmasının qarşısını almağa çağırıb.
Bir məqamı da diqqətə çatdıraq ki, hazırda “Kapitalbank” ödəniş sektorunda de-fakto monopolistlik edir. Belə ki, hələ illər öncədən əmlak özəlləşdirilməsi, icarə müqavilələri üzrə ödənişlər, hesablaşmalar, bir sıra vergi ödənişləri, vətəndaşların şəxsiyyət vəsiqəsi almasına görə rüsumlar məhz bu banka ödətdirilir.
Həmçinin pensiya vəsaitləri də 1 faizlə “Kapitalbank”ın hesabına köçürülür. “Kapitalbank” həmin pulu 2 faizlə kreditə verir və oradan 15 faizlə “otkat” olunur. Pensiyaların müxtəlif vaxtlarda gecikdirilməsinin əsas səbəbi budur. Əlbəttə ki, S.Şərifovu bu cəsarətli addımı atmağa, “Kapitalbank”ı monopolist banka çevirməyə sövq edən səbəblər var. İddia olunur ki, “Kapitalbank” xeyli vaxtdır ki, Paşayevlərin nəzarətinə verilib. 2008-ci ilə qədər dövlət bankı sayılan “Kapitalbank” tam özəlləşdirilib. Bankın səhmdarlarının strukturu “Kapitalbank”ın tam özəlləşdirilməsindən sonra dəyişdirilib. Hazırda “Pasha Holding” 97,5 faiz səhmə, bankın 2400 əməkdaşı isə 2,5 faiz səhmə malikdir...
Qubad İbadoğluƏcəba, iqtisadi baxımdan bu cür monopilistlik bank sektoruna nə vəd edir?
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirir ki, bu, bank sektorunda qeyri-azad rəqabət mühitinin yaradılmasına gətirib çıxara bilər: “Eyni zamanda banklar arasında diskriminasiya ilə nəticələnər. Nəzərə alsaq ki, ”Kapitalbank" ölkədə fəaliyyət göstərən 42 özəl bankdan biridir, heç bir üstünlüyü, fərqliliyi yoxdur. Onlar qarşılıqlı rəqabət şəraitində fəaliyyət göstərməlidirlər. Amma dövlət tərəfindən bu bank üçün xüsusi rejimin yaradılması bankların işinə müdaxilə kimi qiymətləndirilə bilər. Bu, yolverilməz haldır. “Kapitalbank”a hökmran mövqe qazandırılması son nəticədə həmin xidmətlərin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq. Bu həmçinin vətəndaşlar, eyni zamanda bankın müştəriləri, habelə əməkdaşları üçün də çətinliklər yaradacaq. Məsələn, mən bir vətəndaş kimi şəxsiyyət vəsiqəmi dəyişərkən rüsum ödəmək üçün adıçəkilən bankın Nərimanov filialını axtarmalı oldum. Ora çatana qədər isə bir neçə bankın yanından keçib getdim, həmin filialda isə növbəyə dayanmalı oldum. Halbuki mənim bir vətəndaş və müştəri kimi, banklar arasında seçim etmək hüququm olmalı idi. Bu, bir istehlakçı kimi hüquqlarımın pozulması deməkdir. Burada rəqabət şəraitinin pozulması, bir bankın xüsusi imtiyazlar qazanaraq hökmran mövqeyinin möhkəmlənməsinə gətirib çıxaran fəaliyyət qurması baş verir. Təəssüflər olsun ki, dövlət orqanları rəqabətin dəstəklənməsinə deyil, pozulmasına yönəlik addımlar atırlar. Bu, yolverilməzdir, bank sektorunda fəaliyyətin pisləşməsinə səbəb olan hərəkətdir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR