Musavat.com-un məlumatına görə, SAMA-nın bəyanatında deyilir ki, son aylar Azərbaycanda birləşmək və toplaşmaq azadlıqlarının təmin olunması sahəsində vəziyyət daha da ağırlaşıb, ölkənin bir çox bölgələrində Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyət imkanları məhdudlaşdırılıb. 16 mart 2011-ci ildə isə Nazirlər Kabineti xarici QHT-nın filial və ya nümayəndəliklərinin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması qaydaları bağlı qərar qəbul edib. SAMA narahatlıqla qeyd edir ki, Nazirlər Kabinetinin adıçəkilən qərarı Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı yeni hüquqi-siyasi mühit yaradaraq, ölkədə xarici QHT-lərin fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Eyni zamanda bu qərar birləşmək hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi, ATƏT-in Kopenhagen və Moskva sənədlərinin tələbləri ilə ziddiyyət təşkil edərək, xarici QHT-lərlə əməkdaşlıq edən Azərbaycan vətəndaşları və QHT-lərinin hüquqlarını məhdudlaşdırır.
SAMA təəssüflə qeyd edir ki, Nazirlər Kabinetinin adıçəkilən qərarı xarici QHT-lərin Azərbaycanda çalışması üçün yeni hüquqi vəziyyət yaratmaqla bu prosesi çətinləşdirir. Bununla da xarici QHT-lərin fəaliyyəti üçün əlavə bir proses - “danışıqlar mərhələsi” nəzərdə tutulur ki, bu prosesin müddəti ilə bağlı müddəalar aydın və konkret olmur. Nəticədə isə xarici QHT ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında “danışıqlar mərhələsinin” süni olaraq müddətsiz davam etməsi üçün şərait yarana bilər.
SAMA hesab edir ki, Nazirlər Kabinetinin qərarında xarici QHT-lərin Azərbaycanda fəaliyyəti üçün müəyyən edilmiş bəzi şərtlər - Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, siyasi və dini təbliğatla məşğul olmamaq kimi müddəalar qeyri-müəyyən və məhdudlaşdırıcı xarakter daşıyır. Bu cür müddəalar gələcəkdə fərqli interpretasiyalara rəvac verə, ölkədə fəaliyyət göstərmək istəyən QHT-lərə qarşı ayrı-seçkilik aparmağa, yaxud onların fəaliyyətini dayandırmağa şərait yarada bilər.
SAMA ümid edir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisi və Konstitusiya Məhkəməsi bu qərarın Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normativ aktlara, habelə Konstitusiyasına zidd olmasını nəzərə alaraq, ləğvi yönündə səylər nümayiş etdirəcəklər.
SAMA bu ilin fevral ayının 3-də bir qrup jurnalist, vətəndaş fəalı və hüquq müdafiəçisinin təsis etdiyi, siyasi plüralizmin, siyasi hüquqların müdafiəsi və təbliği yönündə çalışan qeyri-hökumət təşkilatdıır.






