Nobel prospekti yenidən qurulacaq, Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.
Musavat.com xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Jurnalistlərə açıqlama verən Saleh Məmmədov bildirib ki, Bakıda bir sıra yolların təmiri nəzərdə tutulub:
“2008-ci ilin fevralın 22-də möhtərəm prezidentin fərmanı ilə postsovet məkanında ilk dəfə olaraq Azərbaycan respublikasında yol təsərrüfatı işçilərinin peşə bayramının qeyd olunması təsdiq edildi. Artıq 11-ci ildir ki, yol təsərrüfatı işçiləri öz peşə bayramlarını şərəflə qeyd edirlər. Bu il qarşısımızda böyük planlar var. Cənab prezidentin ən prioritet məsələlərindən biri budur ki, bu il respublikamızda 600 kəndi birləşdirən, min kilometrdən artıq kənd yollarının bərpası, təmiri həyata keçirilsin. Eyni zamanda Bakı şəhərində 13 layihəmiz var. Bakı şəhəri ilə kəndləri, qəsəbələri birləşdirən yolların yenidən çəkilməsi nəzərdə tutulub. Bundan başqa Bakı şəhərinin avtomobil yollarında yeraltı və yerüstü piyada keçidlərinin inşası planlaşdırılıb. Bütün bunları 2019-cu ilin sonuna qədər yerinə yetirəcəyik. Ən başlıca işlərimizdən də biri, Bakıdan Samur çayını Rusiya sərhədi ilə birləşdirən körpünün tikintisini başa çatdırmaqdır.

Respublika sərhədinə uzanan Bakı-Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisinin ikinci mərhələsini yekunlaşdırmaqdır. İkinci mərhələ dedikdə, Hacı Zeynalabdin Tağıyev adına qəsəbədən, Giləzi qəsəbəsinə qədər olan 30 kilometrə yaxın, birinci dərəcəli avtomobil yolunun tam bərpasını başa çatdırmaq, açılışını etməkdir. Qeyd etdiyimiz körpüdən Bakı istiqamətinə uzanan yeni 4 cərgəli avtomobil yolunun 39 kilometr hissəsini tikib, başa çatdırıb, istismara verməyi düşünürük. Onu da deyim ki, paytaxtın Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulması nəzərə alınıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq. Gələcək planlarımızda da qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var”.

S.Məmmədov “Babək” prospekti ilə bağlı söylənən fikirlərə də münasibət bildirib:
“Bəzi insanlar yol tikintinin necə aparılması barəsində ya naşılıq edirlər, ya da görülən işləri gözdən salmaq üçün bəhanələr axtarırlar. Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb. İkinci dəfə 1996-98-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yol yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, cənab prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Yəni əsaslı təmir etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissələr yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycan dövlətinin inkişafını görmək istəmir. Onlar bu inkişafı görmürlərsə, deməli, azərbaycanlı deyillər”.
S.Məmmədov onu da qeyd edib ki, Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq.
Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülüb: “Bu yolun əvvəlcə ödənişli olması müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni yola alternativ yol var və ona görə də həmin yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təklif vermişik. Təklif Prezident İlham Əliyev və Nazirlər Kabineti tərəfindən qəbul olunub”.
S.Məmmədov bu ilin sonuna qədər həmin yolun 172 kilometrlik hissəsinin ödənişli istifadəsinin nəzərdə tutulduğunu qeyd edib.
S.Məmmədov həmçinin məlumat verib ki, Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır. Onun sözlərinə görə, bununla bağlı plan da var: “Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması gələn ilin planlarında nəzərə alınacaq. Gələn il prospektin yenidən qurulması nəzərdə tutulub”.
Son zamanlar haqqında danışılan Bakı-Quba yolu ilə bağlı da S.Məmmədov məlumatlar verib. O bildirib ki, Bakı-Quba yolunun Şabran rayonu Gəndob kəndindən Sumqayıt şəhərinin Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq:
“Yolun bu hissəsinin çəkilişində bəzi texnoloji normalara riayət olunmayıb. Digər tərəfdən isə həmin yolla ağırtonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət edildiyindən müəyyən qüsurlar yaranıb. Hazırda həmin qüsurların aradan qaldırılması üçün tədbirlər görürük. Müəyyən hissələrdə isə bu il yenidənqurma işləri görəcəyik. Beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb. Yolu hissə-hissə bərpa edəcəyik”, - deyə o, qeyd edib.
Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir






