“Salam Sarvan bütünlükdə türk dünyasını təhqir edib” – Türkçülər ayağa qalxdı - Foto
Tənzilə Rüstəmxanlı: “Elə yavru qurdlar var ki, onu tüpürcəyində boğarlar”
Zahir Əlisoy: “O, yalnız özünü aşağılaya bilər”
Tağı Türk: “Salam Sarvan bütünlükdə türk dünyasını təhqir etmiş oldu”
“Bu mental köpəklər, bu qurd köpəklər, Bu Turan köpəklər, Bozqurd köpəklər”. Bu sözləri ötən gün şair Salam Sarvan öz facebook səhifəsində yazıb. Şairin bu cür ifadələr işlətməsi sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid atəşinə tutulub. Şərhlərdə irad bildirənlər arasında tanınmış ictimaiyyət nümayəndələrinə də rast gəlinib. Salam Sarvan tənqidlərə sonrakı statusunda bu cür cavab verib: “Nə isə, içmişdim. Siz içməyin, ağıllı olun. Yazdıqlarım ürəyimdən gəlirdi. Yeri gəlmişkən, mən intellektual yükü olmayan bütün gündəm statuslarını iki sutkadan sonra silirəm”.
Şairin sonrakı statusu izləyiciləri daha da qıcıqlandırıb. Kəskin tənqidlərdən sonra o, hər iki statusunu silməli olub. Lakin Salam Sarvanın bu cür davranışı təkcə sosial şəbəkələrdə deyil, mətbuat orqanlarında da müzakirə edilib, iradlar bildirilib.
“O, həmin sözləri deyərkən aynaya baxıb özünü görüb”. Bu sözləri isə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”aaçıqlamasında şairin davranışına kəskin iradını bildirərkən deyib: “İçib yazıb, sonradan etiraf edir ki, ürəyimdən gələn sözlərdir. Əslində Azərbaycanda türkün nə qədər totemi, müqəddəs adət-ənənəsi, ümumiyyətlə, nəyi varsa, onlara bir saldırı var, eləcə də Türkiyənin özündə. Amma hər halda Azərbaycanda son vaxtlar bu çox ciddi şəkildə özünü biruzə verir və bu da türk düşmənlərinin ənənəvi fəaliyyətlərinin bir göstəricisidir. Qaldı ki, onun deməyin ilə nə türk köpək olub, nə də Turan ideyasının daşıyıcıları. Onların getdiyi yerə, yola, ayaq izlərinin dəydiyi tozu deyil bu cür adamlar. Bozqurdumuza, türkün toteminə nəyə bənzədib, dilimə belə gətirə bilmirəm. O, həmin sözləri deyərkən aynaya baxıb özünü görüb. Yazıqlar olsun! Hər halda Azərbaycan cəmiyyətində azdan-çoxdan istedadlı şair kimi tanınırdı, qələm adamı idi. Ən böyük təhlükə qələmin türk düşmənlərinin əlində olmasıdır. Onun etikadan, mədəniyyətdənkənar söyləmələri ilə bağlı onun ən böyük zərbəsi dönüb-dolaşıb onun özünə gələcək. Belə düşüncədə olduğu üçün, Azərbaycanın çörəyi onun gözündən gələr. Yazıqlar olsun, zavallı sözündən başqa içimdən bir söz gəlmir. Azərbaycanda elə yavru qurdlar var ki, onu tüpürcəyində boğarlar. O əslində özünü rüsvay edib”.
Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatının rəhbəri Zahir Əlisoy isə məsələyə bu cür münasibət bildirib: “İnsan cəmiyyətdə hansısa status daşıyır və buna layiq olmağa çalışmalıdır. Kim nə yazırsa, deyirsə, ilk növbədə öz şəxsiyyətini, kimliyini, səviyyəsini göstərir. Hesab edirəm ki, o sözlər primitiv səviyyəli fikirlərdir və şair adına layiq deyil. Buna görə də bu cür məsələlərə baş qoşmağı məsləhət görmürəm. Bozqurdu, türk milliyətini sevən insanları öz prizmasından aşağılamaq o demək deyil ki, onları aşağılayır, o, yalnız özünü aşağılaya bilər”.
Gənc yazar, türkçülük ideyalarını təbliğ edən Tağı Türk isə Salam Sarvanın bütünlükdə türk dünyasını təhqir etdiyini deyib: “Bozqurdçuluq, turançılıq bütün türk dünyasının dəyərini simvolizə edir. Salam Sarvan bütünlükdə türk dünyasını təhqir etmiş oldu. Bəlkə də sıradan bir şair bunu etsəydi, önəm verməzdim, amma Salam Sarvan dəyərli şairdir”.
Xalidə Gəray
Musavat.com






