İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərlə tikinti şirkəti arasında qalmaqal: “Evimizi başımıza uçururlar” - VİDEO, FOTOLAR

3022 07.04.2016 19:41 Sosial A A
Nizami rayonundakı Əlif Hacıyev küçəsinin sakinləri yaşadıqları binadan köçürülür. Lakin sakinlərin sözlərinə görə, bu köçürülmə onlarla razılaşdırılmayıb. Söküntünü həyata keçirən şirkət ikimərtəbəli binanın damını xəbərdarlıq etmədən, yaşayış olduğu halda sökməyə başlayıb. 

Bu barədə musavat.com-un əməkdaşına bina sakinləri danışıblar.

Köçürmə “Orbita” MTK tərəfindən aparılır. Binada yaşayan 12 ailədən 9-u köçüb, 3 ailə isə mənzillə təmin olunmayıb. Sakinlər tikinti şirkətindən onları yeni mənzillə təmin etmələrini tələb ediblər.

“Orbita” MTK-nın rəhbərliyi bina sakinlərini yaxınlıqda inşa olunan yarımçıq tikiliyə köçürmək istəyib. Lakin sakinlər bununla razılaşmayıb, hazır mənzillə təmin olunmalarını tələb ediblər. 

Sakinlər bizimlə söhbətdə binanın həyətinin hasara alındığını və söküntü işlərinə başlanıldığını dedilər: “İki gündür ki, binanın həyətini hasarlayıblar. Məqsədləri Əlif Hacıyev küçəsindəki bir neçə binanı söküb, yerində çoxmərtəbəli bina tikməkdir. Şirkət deyir ki, sənədlərimiz qaydasındadır, bizə mane olmayın. Axı, binada yaşayış olduğu halda necə söküntü işi aparıla bilər? Bunların fikri bizi buradan didərgin salmaqdır. Binada yaşayan 10-a yaxın ailəni köçürdülər. Şirkət müvəqqəti kirayəyə köçürüb, yarımçıq tikilini təmir edib köçürmək istəyir. Lakin biz buna inanmırıq. Tələbimiz isə kompensasiya və yaxud mənzildir”.

Məsələ ilə bağlı “Orbita” MTK-nın nümayəndəsi Elşən adlı şəxslə əlaqə saxladıq. O, bildirdi ki, şirkət hər şeyi qaydalar çərçivəsində aparır və bina sakinləri mənzil və kompensasiya ilə təmin olunurlar: “Həmin ünvanda 12 ailə yaşayırdı. Mənzil sahiblərinə pul verdik və mənzillərlə təmin elədik. Hazırda binada 1-2 ailə qalıb. Bu gün də ikinci mərtəbədə yaşayan rus qadının qohumu gəlib təklifimizlə razılaşdı. Biz heç kimi məcbur çıxarmırıq. Ətraf binalarda yaşayan ailələrin narazılığı isə kompensasiya ilə bağlıdır. Qonşu binada yaşayan Ramal adlı şəxs 48 kvadratmetrlik 1960-cı ilin tikilisinə 200 min manat kompensasiya istəyir. Köhnə binanın bu qiymətə satılması isə mümkün deyil. Biz sakinlərə binanın yaxınlığında inşa etdiyimiz binadan mənzil təklif edirik. 48-50 kvadratmetrlik mənzili olanı 105 kvadratmetrlik mənzillə təmin edirik. Təmirinə isə demək olar ki, başlanılıb. Onlar isə bizimlə razılaşmır, hazır mənzil istəyirlər. Bu səbəblərdən narazılıqlar yaranır. İstənilən vaxt bu barədə mətbuata açıqlama verməyə hazırıq”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd
Fotolar və video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR