İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞAHMƏRDAN CƏFƏROVUN MÜƏMMALI QƏTLİNDƏN 16 İL ÖTÜR

6044 26.07.2011 09:33 Gündəm A A

Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-77-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.
O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib.
Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib...
Onun qardaşı Hüseynqulu Cəfərov “Azadlıq”a açıqlamasında bildirib ki, 1993-cü ildə Heydər Əliyev Bakıya gedəndən sonra Şahmərdana müdafiə naziri postunu təklif edib: “O, qətiyyətlə bu təklifi rədd etdi. O, Elçibəyə xəyanət edə bilməzdi. Sonra ondan tələb etdilər ki, Sərhəd Qoşunlarından istefa versin. Bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olundu. Sonda hakimiyyətin apardığı siyasətə etiraz olaraq Şahmərdan vəzifəsindən istefa verdi. 1994-cü ilin avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunması ilə bağlı fikirlər səsləndirilməyə başlandı. 1995-ci ilin may ayının 18-də spiker səviyyəsində bu məsələ gündəliyə gətirildi. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk etdi. Bir də cənazəsi qayıtdı”.

H.Cəfərov deyib ki, 1995-ci il 30 mayda parlamentdə Şahmərdan Cəfərovun həbsi ilə bağlı qərar qəbul edilib: “17 iyunda səhər tezdən Şahmərdan özünün ”Niva" maşınında Kələkidən qayıdarkən Bənəniyar kəndində Zəfər Həsənquliyevin idarə etdiyi avtomobil onları izləyib. Həmin avtomobildə Culfa rayon polis bölməsinin keçmiş rəisi Qurban Qurbanov da olub. Onların maşını Şahmərdangilin “Niva”sına yaxınlaşanda Qurban Qurbanov Şahmərdan oturduğu istiqamətə atəş açıb. Maşında əlavə üç nəfər də olub. Onlar deyirdi ki, Qurban xəbərdarlıq etmədən Şahmərdanı güllə yağışına tutub. Şahmərdan orada 5 güllə yarası alıb. 4 saat yaralı vəziyyətdə qaldıqdan sonra Naxçıvan polisləri gəlib onu həbs ediblər. Daha sonra xəstəxanaya aparıblar.
Xəstəxananın ətrafını polislər mühasirəyə almışdı, heç kimi yanına buraxmırdılar. Həkimlərin səyi nəticəsində bir həftə sonra Şahmərdan ayağa qalxdı. Rəsmi sənədlərdə göstərilirdi ki, 5 güllə yarası var. Amma həkimlər bizə deyirdilər ki, güllə yarası 7-di. 5-i avtomatdan, 2-si tapançadan, yaxın məsafədən açılıb. Sonradan öyrəndik ki, xəstəxanaya gətirilərkən, ölsün deyə yolda tapançayla yaxın məsafədən ona daha iki güllə vurulub. İyunun 26-da onu yaralı vəziyyətdə Bakıya - Şüvəlan türməsinə apardılar. Ayın 29-na kimi türmədə ona ağır işgəncələr veriblər. Bu haqda bizə oradakı dustaqlar deyib. İyunun 29-u səhər tezdən onu xəstəxana adı ilə türmədən çıxarıb yük maşınında axşama kimi şəhəri dolandırıblar. Məqsədləri o olub ki, Şahmərdan ölsün. Axşam xəstəxanaya gətirilib, bir neçə saatdan sonra vəfat edib. Şahmərdan əqidəsindən dönmədiyinə görə qəsdən öldürüldü. Şahmərdanı siyasi sifarişlə güllələdilər".
Qeyd edək ki, Şahmərdanı izləyən avtomobili idarə edən Zəfər Həsənquliyev deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin qardaşıdır. Bu məsələ ilə bağlı zaman-zaman ittihamlar səslənib, hətta bu məsələdə Q.Həsənquliyevin də üzərinə gedilib. O mənada ki, bir zamanlar Q.Həsənquliyev AXCP-də olarkən bir çoxları partiya rəhbərliyindən onun təşkilatdan kənarlaşdırılmasını istəyirdilər, buna səbəb kimi isə Şahmərdan Cəfərovun müəmmalı qətlini göstəriblər...
Z.Həsənquliyev hazırda Vergilər Nazirliyində çalışır. Onunla danışmaq imkanlarımız olmadığına görə məsələ ilə bağlı Q.Həsənquliyevlə danışmağa çalışdıq. Onun da mobil telefonuna zəng çatmadığı üçün müavini Elçin Mirzəbəyli ilə əlaqə saxlayıb bu mövzuda Həsənquliyevlərdən biri ilə danışmaq, onların mövqeyini dərc etmək istədiyimizi bildirdik. E.Mirzəbəyli deputatın və Zəfər Həsənquliyevin bu mövzuda danışmayacağını bildirdi: “Çünki bunlar heç bir əsası olmayan yersiz iddialardır. Bütün bunlar məqsədyönlü şəkildə bir mərkəzdən idarə olunur və deyilənlərdə heç bir həqiqət yoxdur. Mən sadəcə, tarixdə olmayan, heç bir həqiqəti əks etdirməyən iddiaları ortaya atıb siyasət adına ləkə gətirənləri lənətləyirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR