Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.
Deputat Fazil Mustafa dedi ki, söz alaraq hökumətin diqqətini bir məsələyə yönəltdı. Bildirdi ki, pandemiya ilə əlaqədar olaraq vətəndaşlara 190 manat yardım verilir. Ancaq ehtiyac meyarı 196 AZN olaraq götürülüb. Deputat təklif etdi ki, vətəndaşlara ayrılan vəsait ehtiyac meyarına uyğunlaşdırılsın.
F.Mustafa 190 manatlıq yardımla bağlı problemlərin olmasına da diqqət çəkdi: “Xeyli insanlar yardımları ala bilmirlər. Bunun üzərində nəzarət gücləndirilməlidir”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təkliflərə cavabında dedi ki, növbəti ildə pandemiyanın olmayacağına ümid edir. “Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”, -nazir əlavə etdi.
F.Mustafanın qaldırdığı digər problemə gəldikdə, nazir dedi ki, ödənişlər hamısı elektron sistem üzərindən həyata keçirilir, əgər vətəndaşın hüququ varsa, o halda ödənişlər edilir.
E.Paşasoy,
Musavat.com






