Sahibkarları Vergilər Nazirliyindən necə xilas etmək olar?
Ölkədə sahibkarlara qarşı vergi orqanları tərəfindən təzyiqlərin olunması, müxtəlif qurumların biznesmenləri sıxışdırması artıq uzun müddətdir ki, mətbuatın gündəmindən düşmür. Problem o dərəcədə aktuallıq kəsb edir ki, ölkə başçısı da keçirdiyi son müşavirədə bu məsələyə toxunaraq, sahibkarlara qarşı edilən təzyiqlərin yolverilməz olduğunu vurğulamışdı: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq... Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq. Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir”.
Təəssüf ki, nə mətbuatın tənqidləri, nə də ölkə başçısının iradları problemin tamamilə aradan qalxmasına gətirib çıxatmadı. Hələ də vergi müfəttişləri, rayon icra başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri müxtəlif yollarla sahibkarları sıxışdırmaqda davam edirlər.
Musavat.com bu məsələnin aktuallığını nəzərə alaraq, yenidən problemi gündəmə gətirib. Vergilər Nazirliyinin sahibkaralara qarşı yoxlamalarının azaldılmasını və biznes sektorunun rahat nəfəs almasını təmin etmək üçün hansı addımlar atılmalıdır?
Bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bunun üçün Vergilər Nazirliyinin səlahiyyətləri azaldılmalıdır: “Prezidentin istiqamət verdiyi məsələlərin həlli üçün tək bir çıxış kifayət etmir. Vergilər Nazirliyinin fəaliyyətində, vergi qanunvericiliyində dəyişiklik etmək lazımdır ki, ümumiyyətlə, nazirliyin hansı hallarda müdaxilə etməyə ixtiyarı var, necə yoxlama aparılmalıdır. Bütün bunlar qanunvericilikdə iş adamlarının başa düşəcəyi dildə öz əksini tapmalıdır ki, sonradan bu məsələdə dolaşıqlığlığa yol verilməsin. Bundan əlavə, Vergilər Nazirliyinin özünün də “planı” var. Məsələn, bu il təxminən 8 milyard manata yaxın Vergilər Nazirliyinin xətti ilə pul yığılmalıdır. Neftin qiymətinin bu ilki büdcədə 90 dollardan götürüldüyünü nəzərə alsaq, ən böyük vergi ödəyiciləri neft şirkətləri olan BP və ARDNŞ idi. Onların ödəmələrində ciddi azalma olub. Çünki büdcə planlaşdırılarkən neftin qiyməti 90 dollardan hesablanmışdı və vergilər də həmin gəlirlər üzərindən hesablanmışdı. Neftin ucuzlaşması hər iki qurumdan vergi ödəmələrini azaldıb. Təkcə SOCAR-ın vergi ödəmələri yarım milyard dollara yaxın azalıb. Qoyulan planı doldurmaq üçün Vergilər Nazirliyi başqa sərt tədbirlərə əl atmalı olur. Bu səbəbdən biznesmenlərin üzərinə daha çox təzyiqlər edilir ki, qarşıya qoyulan plan yerinə yetirilsin. Bu plan yerinə yetirilməsə, bunun cəzasını Vergilər Nazirliyinin işçiləri çəkəcək. Onlar da daha çox sahibkarların üzərinə getməyə, tez-tez vergi yoxlamaları tətbiq etməklə iş adamlarını incitməyə çalışırlar ki, daha çox vəsait toplasınlar”.
Iqtisadçı ekspert vergi qanunvericiliyində dəyişikliklər edilməsinin vacibliyini də vurğuladı: “Bu məsələnin həlli yolu təkcə ölkə başçısının çıxış etməsi ilə bitmir. Fundamental dəyişikliklər edilməlidir. Qanunvericilikdə, büdcə planlamasında dəyişikliklər olmalıdır, yeni qaydalar tətbiq edilməlidir. Bunların heç bir olmadıqca, heç bir irəliləyiş olmayacaq, iş adamlarının incidilməsi davamlı olacaq. Bütün bu prosesin nəticəsi olaraq, ölkədə biznes mühiti zəifləyir, pul dövriyyəsi azalır, iş yerləri itirilir, insanların real gəlirləri aşağı düşür. Bu da ümumi iqtisadi vəziyyətə pis təsir edir”.
Sahibkarların hüquqlarının məhkəmələrdə qorunmasına gəlincə, N.Cəfərli Vergilər Nazirliyinin əlində ciddi hüquqi rıçaqların olduğunu və qanunverici baza dəyişmədikcə, hüquqi mübarizənin mümkün olmayacağını bildirdi: “Əslində, sahibkarlar üçün “qaynat xətt” var. Onlar vergi basqılarından həmin “qaynar xətt”ə, eləcə də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edə bilərlər. Son addım olaraq, məhkəməyə də müraciət edə bilərlər. Lakin Vergilər Nazirliyinin apardığı hər bir yoxlamanı əsaslandırması üçün kifayət qədər qanunverici bazası var. Əgər qanunsuz yoxlama olsa belə, onu əsaslandırmaq üçün əllərində kifayət qədər əsas var. Növbədənkənar yoxlama olarsa, bunun üçün də müvafiq qanun var. Vergilər Nazirlyini yoxlamalarının qarşısını hüquqi yolla almaq mümkün deyil. Bunun üçün həmin qanuni əsasları minimuma endirmək lazımdır. Ona görə də mən israrla deyirəm ki, qanunvericilikdə dəyişiklik olunmalıdır və Vergilər Nazirliyinin müdaxilə etmək səlahiyyətləri məhdudlaşdırılmalıdır. Hətta sahibkar harasa şikayət etsə belə, nazirlik qanunvericilik bazasına istinad edərək, həmin yoxlamanın qanunauyğun aparıldığnı sübut edə bilər. Məhkəməyə verilsə belə, məhkəmə qərarında Vergilər Nazirliyi tərəf kimi çıxış edərkən, qanuni əsaslarla haqlı mövqedə ola bilər”.
Nərgiz Liftiyeva






