Məsələ ilə bağlı şirkətin ticarət məsələlərinə baxan rəhbəri Zöhrab Ağalarovun ofisində olmuşuq. Hər dəfə obyektlərimizin açılacağına söz verilsə də, ortada heç nə yoxdur. Amma bu günlərdə məlum olub ki, bizə təklif olunan yerlər də satılıb".
Sahibkarın dediyinə görə, onlar obyektlərinin geri qaytarılması üçün iki ildir mübarizə aparır: "1987-ci ildən keçiddə işləyirəm. 2001-ci ildən keçid təmirə bağlandı, söz verildi ki, təmirdən sonra obyektlər sahibinə qaytarılacaq. 2009-cu ildə keçid Nəqliyyat Nazirliyi tərəfindən təmir edildikdən sonra “ZQAN”a icarəyə verilib. Şirkətin rəhbərliyi isə buradakı mağazaları qanunsuz olaraq baha qiymətə başqa şəxslərə satdı. Uzun yazışmalardan sonra ötən il bizlərə piştaxta paylandı. Məqsəd bizi sakitləşdirmək idi. Hər ay 1 kvm üçün 200 manat rüsum ödəməli olurduq. Amma üç ay keçmədi piştaxtalar polisin əli ilə yığışdırıldı. Bizə isə bildirildi ki, yaxın vaxtlarda keçiddə müasir tipli köşklər quraşdırılaçaq. Ancaq ötən gün məlum olub ki, həmin köşklər də başqa şəxslərə satılıb. Bu da bizlərin ciddi narazılığına səbəb olub. Bu səbəbdən də narazı sahibkarlar aprelin 27-də “ZQAN”ın qarşısında oturaq aksiya keçirməyə qərar verib".
H.İsmiyevin sözlərinə görə, narazı sahibkarlar artıq ötən həftə aksiya ilə bağlı YAP-ın icraçı katibi Əli Əhmədova müraciət ediblər: “ Neçə illərdi haqqımız tapdalanır, işsiz qalmışıq. Bayraq götürüb xarici səfirliklərə şikayət etməkdənsə elə ”ZQAN"ın qarşısında ölmək yaxşıdır. Qoy hamı bilsin ki, dövlətini canından çox sevən insanları prezidentdən kimlər narazı salır". Məlumata görə, YAP-dan sahibkarların müraciətlərinə bu gün cavab veriləcək. Ölkə mətbuatından dəstək istəyən zərərçəkənlər aksiya zamanı maraqlı açıqlamalarla çıxış edəcəklərini də bildiriblər: ”ZQAN"ın bizə məxsus yerləri deputatlara, bəzi xalq artistlərinə, idmançılara, nazir müavinlərinə, tanınmış nazir sürücüsünə payladığı barədə məlumat veriləcək“.
Xatırladaq ki, keçid mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Həmin illər keçiddə layihəyə uyğun 21 mağaza fəaliyyət göstərib. 1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub. 2000-ci ildə isə strateji əhəmiyyət daşıdığından Fövqəladə Hallar Nazirliyinin balansına keçib. 2008-ci ildə keçid təmir edilmək məqsədilə ölkə başçısının fərmanı ilə Nəqliyyat Nazirliyinin balansına verilib.
Onu da yada salaq ki, “ZQAN-holdinq” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.






