İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkar Korrupsiya İdarəsinin rəisinə bank firıldağından yazdı

2931 24.11.2015 10:29 Ölkə A A

Tofiq Rəcəbov Eldar Mahmudovla Çingiz Əsədullayevi onun əmlaklarını ələ keçirməkdə ittiham edir

Sahibkar Tofiq Rəcəbov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin rəisi Kamran Əliyevə müraciət edib. Surəti redaksiyamıza təqdim edilən müracətdə sahibkar yazır ki, 2006-ci ildə “AzərqazBank”dan kredit götürüb və təyinatı üzrə istifadə edərək “Qəbələ Şərab” ASC-də bəzi işləri görüb. ASC-ni istehsal müəssisi kimi işlədərək, orda istehsalı artırmağa başlayıb: “Azərqazbank”a Bakı şəhəri, Teymur Əliyev küçəsində yerləşən çay evini girov qoyaraq 300 min manat, Yusif Çəmənzəminli küçəsində yerləşən qeyri yaşayış sahəsini girov qoyaraq 80 min manat, Quba rayonu, Paşa-oba kəndində yerləşən konserv zavodunu girov qoyaraq 100 min manat, “Qəbələ Şərab” ASC-yə dair öz səhmlərimi girov qoyaraq 70 min manat, Masazır kəndində yerləşən 0.85 ha torpaq sahəsini girov qoyaraq  isə 197 min dollar kredit aldıq. Lakin həmin gündən günümüz qara oldu. Çünki bəzi dövlət məmurları dövlət təhlükəsizlik əməkdaşlarının vasitəsi ilə “Qəbələ Şərab” ASC-nin hesablarını bağladı. Saxta sənədlər tərtib etməklə vergi tətbiq edildi. Mən Vergilər Nazirliyinə saysız-hesabsız müraciətlər etsəm də, öz əməllərindən əl çəkmədilər. Zavodu və məni tam iflasa uğratdılar. Məhkəməyə müraciət etsək də qanunsuz qərarlar çıxarıldı. Zavodu məhkəmə icraçıları ilə söküb, girovda olan dəmir çənlərin əvəzinə əlvan metaldan olan çənləri 250 manata qiymətləndirib götürdülər. 8 ədəd çəni və 40 ton spirtini götürərək zavoda 200 min dollar ziyan vurub apardılar. Hansı ki, tək həmin sexlərin quraşdırılmasına küllü miqdarda - 200 min manat pul xərclənmişdi. Qəbələ rayonu məhkəməsinə müraciət etsək də, məhkəmə cinayəti ört-basdır edib işi baxılmamış saxladı. Zavodun mallarını, yəni bir çəni 15 min dollara sataraq pulunu  mənimsədilər”. 

Müraciət müəllifi sonradan bankın onun əmlaklarını əlindən aldığını da yazır: “Azərqazbank” düşdü mənim əmlaklarımın üstünə. T.Əliyev küçəsində yerləşən çay evinin 1 milyon dollar qiyməti vardı. Saxta sənədlər tərtib edib 90 min manat qiymət qoydular. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə məhkəmələr də tam qanunsuz qərarlar çıxardılar. Yusif Çəmənzəminli küçəsindəki qeyri-yaşayış sahəsini isə 30 min manata qanunsuz sənədləşdirilərək götürdülər. Kredit müqavilələrində göstərilən girovları girov qoyulan qiymətlərdən bir neçə dəfə ucuz qiymətə götürdülər. Hesablanan faiz əsas kredit borcundan çıxmalı olsalar da, borc silinmədi. Masazır kəndində olan 0.85 ha torpaq sahəni rəsmi sənədlə 270 min manata satdılar. Halbuki həmin yerin bu günki qiyməti 1,5 milyon manatdır.
Məhkəmə tərəfdən qərarları bizim iştirakımız olmadan Ali Məhkəmədə Mülki Kollegiyanın sədrinin köməyi ilə öz xeyirlərinə həll edirlər.

Girovu “Azəriqazbank” götürsə də verdiyi maliyyə  arayışında bildirilirdi ki, əmlakın borcu bağlanmayıb. Həmin borc “Qəbələ Şərab” ASC-nin üzərində ödənilməmiş qalıq kimi qalır.

Teymur Əliyev küçəsində 120 kv metr yerin qiyməti 1 milyon manat olan vaxt, 90 min qiymətləndirib götürüblər. Onlar obyekti götürən zaman həmin yerin 1 milyon dollara yaxın qiyməti olub. Yusif Çəmənzəminli küçəsində isə yer 200 min dollar dəyərində olduğu halda, saxta sənədlər tərtib edərək, mənim xəbərim olmadan əmlakımı 30 min ödəməklə götürüblər. Hansı ki həmin yerin qiyməti 200 min dollar olub. Mənim borcumdan isə çıxmayıblar”.

Sahibkar eks nazirlə bank sədrinin məhkəməyə təsir göstərdiklərini də yazır: 
“Eldar Mahmudov və “Azərqazbank”ın sədri Çingiz Əsədullayev 0,85 ha torpaq sahəsini Abşeron Rayon Məhkəməsində hakimə təsir edərək udmaq istəyirdilər. Hakim buna yol vermədi və mənim xeyrimə qərar çıxardı. Şəxsən E.Mahmudov və sabiq deputat Çingiz Əsədullayev birlikdə məhkəmə hakimlərinə çox təsir ediblər. Bu gün bank tərəfindən verilən mailiyə arayışından görünür ki, satılan əmlaklardan on faizini mənim borcuma ödəməklə hesabımdan çıxıblar, qalan küllü miqdarda pulları mənimsəyiblər”.

Sahibkar idarə rəisindən xahiş edir ki, müraciətində göstərdiyi məqamlar araşdırılsın və müvafiq qanuni ölçü götürülsün: “Odur ki, sizdən xahiş edirəm ki,  Çingiz Əsədullayevin və Eldar Mahmudovun özbaşınalıq və vəzifələrindən istifadə edərək mənim əmlaklarımı satıb, pullarını mənimsəyərək korrupsiya ilə məşğul olması və Nərimanov Rayon Məhkəməsinin sabiq hakimi Elşanə Quliyevaya təsir edərək qanunsuz qərar qəbul edilməsi barədə cinayət işi başladıb əməllərinə qiymət verəsiniz”.

Sahibkarın müraciətində yer alan ittihamlarla bağlı Çingiz Əsədullayevin münasibətini öyrənməyə çalışdıq. Lakin bank sədri zənglərimizi cavabsız qoydu. Bununla belə yazıda adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.


E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR