İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb”

346 22.12.2023 13:45 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Musavat.com spikerin çıxışını təqdim edir:

“Hörmətli həmkarlar! Bildiyiniz kimi, iki gün sonra, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin doğum günüdür.

Hörmətli deputatlar!

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq.

Son 30 ildə ölkəmizin inkişafı yolunda ən böyük maneə olan bir problem artıq keçmişdə qalıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən dövlət başçısı möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Məhz onun fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cəsarəti sayəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxıb”.

S.Qafarova bildirib ki, Prezident İlham Əliyev xalq və Vətən yolunda müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb:

“Ölkəmizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimizin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydançalarında da nümayiş etdirir. Məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər”.

Spiker əlavə edib ki, Prezidentin təşəbbüsü və iştirakı ilə dünən Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünyaya çatdırdı:

“Hörmətli deputatlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm cənab Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR