İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şagirdlər ayda bir dəfə qan analizindən keçsin, bu zaman heç nəyi gizlətmək olmayacaq" - Ekspert

892 16.01.2022 09:45 Təhsil A A

"Son illər şagirdlər arasında kəsici və deşici alətlərdən istifadə, bu və digər fiziki zorakılıq törətmə, həmçinin narkotik, psixotrop maddələrdən istifadə halları ciddi şəkildə çoxalıb. Bunun əsas səbəblərindən biri uşaqların nəzarətsiz şəkildə sosial şəbəkələrdən və bu tipli informasiya portallarından istifadə etməsidir".

Bu sözləri təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, problemin qarşısını almaq üçün məktəblərdə görülən işlər yetərli deyil:

"Məktəblərdə aparılan maarifləndirici tədbirlər yalnız müəyyən QHT-lərin pul əldə etmək məqsədindən başqa bir işə yaramır. Yəni, bu gün məktəblərimizdə hər hansı QHT tədbir keçirəndə onun əsas məqsədi ayrılan vəsaiti xərcləməkdir.

Bir daha qeyd edim ki, bu gün məktəblilər arasında narkotik və bu tip psixotrop maddələrdən istifadənin artmasının səbəbi məktəblərdə tamamilə nəzarətsiz rejimin, fəaliyyətin olmasıdır. Etiraf edək ki, kənar təsirlər birmənalı olaraq şagirdlərimizə öz mənfi təsirini göstərib.

Təəssüfedici haldır ki, məktəblərdəki psixoloqlar da həmin uşaqlarla işləmirlər. Məlum məsələdir ki, məktəblərə müəyyən münaqişəli və yaxud dağılmış ailələrdən uşaqlar gəlirlər və kənar təsir nəticəsində onlar müəyyən təzyiqlərə məruz qalır, mövcud vəziyyətdən xilas olmaq üçün məhz qadağan olunmuş preparatlardan, xüsusən də narkotik tipli psixotrop maddələrdən istifadə edirlər. Hətta müşahidə etmişik ki, bəzi məktəblərin 9-10-cu sinif uşaqları digər azyaşlı uşaqlardan pul yığır, əldə etdikləri ilə "patı" və buna bərabər psixotrop dərmanlar alırlar. Hesab edirəm ki, məktəblərin ətrafında kamera nəzarətini və mühafizəçi xidmətini ciddi şəkildə artırmalıyıq.

İkinci məsələ isə, məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmalı və şagirdlərlə individual olaraq fərdi qaydada iş aparılmalıdır. Ayda bir dəfə şagirdlər psixoloji testlərdən keçməlidir. Həmçinin ayda bir dəfə şagirdlərin qan analizindən də keçməsi zəruridir. Çünki qan analizi ilə uşaqlar artıq heç nəyi gizlədə bilməyəcəklər və hesab edirəm ki, bununla da məktəblilər, yeniyetmələr arasında narkotik maddələrdən istifadənin qarşısını ala bilərik".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR