Əhməd Qəşəmoğlu: “Vəziyyətdən çıxış yolu tapmaq üçün həm inzibati ölçülər olmalı, həm də ictimai fəallıq artmalıdır”
Evimizi necə təmiz saxlayırsınızsa, küçələri də o cür təmiz saxlamalıyıq. Təəssüf ki, çox az adam bu qaydaya əməl edir. Təmizlik hər insan üçün vacib xüsusiyyət, sağlamlığının ən önəmli şərtidir. Buna görə də insan evinin, geyiminin, yeməyinin təmizliyinə riayət etdiyi kimi küçələrin, parklarında təmizliyinə riayət etməlidir. Çünki buna riayət etməyən insan yalnız ətraf mühitə deyil ən başda özünə zərər vermiş olur. Bəlkə də çoxumuz qarşımızda gedən hansısa bir şəxsin yerə tüpürdüyünün, zibil atdığının, hətta maşınla gedərkən belə maşının şüşəsini qaldırıb zibili elə yolun ortasına atdığının şahidi olmuşuq. Bu gün küçələrdə gedərkən çoxumuz çalışırıq ki, yerə baxmayaq. Çünki hər küçədə, piləkəndə, hətta bəzən metro girişində belə tüpürcəyə rast gəlirik. Bu cür insanlar istənilən yerə, hətta insanların çox olduğu yerlərdə belə tüpürməkdən çəkinmirlər ki, bu da birbaşa xəstəlik mənbəyidir. Mütəxəssislərin fikrincə, yerə tüpürməklə yaranan xəstəliklər sırasında tənəffüs yolu ilə keçən vərəm, bronxit, qrip kimi xəstəliklər yer alır. Eləcə də psixoloji baxımdan tüpürmək hərəkəti insanlarda diksinmə, əsəbilik, stress kimi amillərə səbəb olur. Onu da qeyd edək ki, cəmiyyətin səviyyəsi baxımından tüpürmək, az inkişaf etmiş ölkələrdə müşahidə edilən bir davranış şəkli mədəniyyətsizlik kimi qəbul edilir. Bu gün bir sıra ölkələrdə ətrafı çirkləndirmək, o cümlədən yerə tüpürməklə bağlı müxtəlif cəza növləri tətbiq olunur. Məsələn İngiltərənin paytaxtı Londonda türklərin sıx yaşadıqları Enfild məhəlləsi ölkədə yerə tüpürmənin cəzalandırıldığı ilk bölgə olub. 2011-ci ildə çıxan qərarla küçəyə tüpürərkən yaxalananlara 80 funt-sterlinq pul cəzası kəsilir. Yerə tüpürərkən yaxalanan insanlar verilən cəzanı ödəmədikləri halda 5 min funt-sterlinq cərimə ilə üzləşirlər. Dünyanın ən kiçik ölkələrindən olan Sinqapurda da yerə tüpürmək, zibil atmaq kimi gərəksiz hərəkətlərə görə insanlar cəza alırlar. Təkcə yerə tüpürməyə görə vətəndaşları 500 dollar məbləğində cəza gözləyir. Bu baxımdan ölkə sanki kiçik və təmiz bir evi xatırladır. Qazaxıstanda saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən, ətrafı narahat edən insanları isə üç gün həbs cəzası gözləyir. Bu sahədə cəza tətbiq olunan ölkələrdən biri də Almaniyadır ki, burada yerə tüpürənləri 20 avro məbləğində cəza gözləyir. İspaniyada yerə tüpürmək qanunla cinayət sayılır. Çində yerə tüpürən insanlara 800 dollar məbləğində cərimə tətbiq edilir.
Qeyd edək ki, yerə tüpürməklə yanaşı yerə zibil atmaq da bu gün sosial bəlalardan biridir. Əvvəllər insanlar zibil qutularının azlığından şikayətlənirdi. Zibil qutuları artırılsa da, təəssüf ki, bu problemi həll edə bilmədi. Yenə də bir çox qəsəbələrdə, binalarda, küçələrdə zibillər yerə və ya yeşiklərin yanına atılır. Zibil qabları da gec-gec boşaldılır. Bəzi insanlarımız isə zibili yeşiyə atmaq mədəniyyətinə yiyələnməyib. Bundan başqa bina evlərində yaşayan sakinlərin çoxu bəlkə də yuxarı mərtəbələrdən zibil atanların şahidi olublar. Bu cür insanlara irad bildirdikdə isə onlar özlərinə elə haqq qazandırırlar ki, bir anlıq suçun o adamda yox, özündə olduğunu düşünürsən. Bu cür yerlərdən biri də Xətai rayonu Xudu Məmmədov küçəsi 2942-ci məhəllədir. Aşağı mərtəbədə yaşayan bina sakinləri üst mərtəbə yşayan sakinlərin zibillərindən təngə gəlib. Binanın qarşısı bizə zibilxananı xatırlatdı. Sakinlər zibil atanlara dəfələrlə irad bildirilsə də, məsələnin həll olunmadığını bildirirlər. Bina sakini Afaq Mürsəlova deyir ki, adətən binadan zibili gecələr atırlar: “Zibil qutuları məhəllənin başında olsa da, görünür ki, kimlərsə zibili aparıb qutuya atmağa tənbəllik edir və asan yolu seçir. Bu isə düşüncəsizlik və mədəniyyətsizlikdir. Evdə oturub televizora baxırıq birdə görürük göydən yekə bir torba zibil düşdü. Bu qədər də olmaz. Gərək belələrini yüksək məbləğdə cərimələsinlər ki, bir də belə hərəkət etməsinlər. Bu cür insanlar maarifləndirmədən anlamırlar. Havalar bir az isinsin zibil iyindən pəncərəni açmaq, evdə oturmaq mümkün olmayacaq”.
Digər bina sakini Solmaz Quliyeva da vəziyyətdən narazı olduğunu və buna bir çarə tapılmasını tələb etdi: “Camaat yerə zibil atır və gəlib təmizləmirlər. Hətta ətrafda olan həyət evlərinin restoranların belə toyuq cücəsinin peyini gətirilib binanın qarşısına atılır. Sanki bura zibilxanadır”.
Bayram günləri ilə əlaqədar qeyri iş günləri olduğu üçün məsələnin həlli istiqamətində aiddiyyəti qurumların fikrini ala bilmədik.
Maraqlıdır, bu cür sosial bəlaların qarşısını almaq üçün nə etmək lazımdır?
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu məsələ ilə bağlı maarifləndirmə işi geniş olmalıdır: “Bu problem ilk baxışda sadə görünsə də ,əslində çox ciddi bir məsələdir. Bu məsələyə diqqət ayırmaq lazımdır. Biz ölkəmiz haqqında xarici ölkələrdə nə qədər təbliğat aparsaq da, məlumat versək də, Azərbaycanın böyüklüyündən danışsaq da, ölkəmizə hər gün minlərlə xarici ölkə vətəndaşının hərəsi bir statusda gəlir, gedir. Onlar küçədə bizim natəmizliyimizi, yerə tüpürməyimizi, binadan zibil atdığımızı gördükcə, ölkə haqqında kifayət qədər yaxşı olmayan fikrə gəlirlər. Xarici ölkələrdə olanda əhalinin bu cür davranışı məndə o ölkə haqqında dərhal təsəvvür yaradır. İnsanın həmin ölkəyə qarşı həmin dəqiqədə ya məhəbbəti artır, ya soyuq münasibəti yaranır. Digər tərəfdən özümüz öz daxilimizdə olan mədəni insanların özləri də bu işlərdən sıxılır. Ölkənin özü o mədəni davranışı olan insanlar üçün darıxdırıcı bir məkan olur. Ona görə də bu məsələyə çox ciddi fikir vermək lazımdır. Vəziyyətdən çıxış yolu tapmaq üçün həm inzibati ölçülər olmalı, həm də ictimai fəallıq, yəni əhalinin özü bu məsələyə diqqət göstərməlidir. Başqa ölkələrdə yerə zibil atan hansısa turistin gəlib qolundan tuturlar ki, bura sənə yaşadığın ölkə deyil, təmizliyə riayət etməlisən. Digər tərəfdən bu barədə maarifləndirmə işi də geniş olmalıdır. İndiki vaxtda hər bir ölkə üçün onun əhalisinin küçədə, bacada özünü nə dərəcədə mədəni aparmaq göstəricisidir. Bu göstərici geridə olsa, nə qədər parklarımızı, küçələrimizi gözəlləşdirsək də elə hesab edin ki, bu işlərimiz yarımçıq olur. Məsələn Naxçıvanda təmizlik sahəsində bütün dünyaya nümunə olacaq işlər gedir. Bax bu yaxşı bir nümunədir”.
Günel MANAFLI
Fotolar müəllifindir






