İnsanlara hürriyət, millətlərə istiqlal!

Sağ ikən özünə qəbir qazdıranlar - əməkdaşımız II Fəxri Xiyabandan yazır

2561 13.11.2019 08:05 Reportaj A A

Əməkdaşımız hələ həyatda ikən özünə qəbir qazdıranların “o dünya”sından yazır; onların arasında tanınmışlar da var; İslam isə deyir ki...

...Yox, onlar Qoqolun “Ölü canlar”ı deyil. Mirzə Cəlilin “Ölülər” pyesinin qəhrəmanları da deyil. Onlar diri ikən özünə qəbir yeri hazırlayanlardır. Bəlkə də vaxtaşırı gəlib öz “qəbir”lərinə tamaşa edib gedirlər. Əslində hər kəsin belə bir fürsəti var - məzar daşına baxmaqa. Söhbət “Qurd qapısı” yaxınlığında II Fəxri Xiyabandakı dirilərin qəbir daşlarından gedir.

Onlar sağdır, dünyasını dəyişməyiblər, amma illərdir ki, məzar daşları qəbiristanlığın girişində boylanıb bərq vurur. Müxtəlif səbəblər ola bilər - kimsə yaxınlarına, övladlarına əziyyət vermək istəmir, yaxud etibar eləmir, kimsə maddi imkanı yaxşı olduğu üçün indidən qəbrini qazdırır, özünə başdaşı qoydurur. Bu “canlı ölülər”ə həftəsonu məzarlığı gəzərkən şahid olduq.

Onlardan ən məşhuru və mətbuatda da xəbərə çevrilmiş Rusiyanın əməkdar geoloqu Faiq Məmmədov, yanındakı isə Svetlana Məmmədovadır. Svetlana xanım Faiq bəydən 9 yaş böyükdür. Bu baxımdan onların ailəli, yoxsa bacı-qardaş olduqlarını müəyyən etmək çətindir.

Məmmədovlar böyük bir yeri hasarladıb, özlərinə qəbir qazdırıblar, iki abidə qoydurublar.

Bu məzarların yaxınlığında, daha doğrusu, mərhum sənətkar Həsənağa Turabovun qəbrinə yaxın yerdə Hacı Cabir adlı şəxsin başdaşı var. Amma nə doğum, nə ölüm tarixi qeyd olunub. Onun yaxınlığındakı məzarda təkcə soyadı yazılmış T.Adilovanın qəbir daşı var. Bu xanımın da ölümüylə dünyaya göz açmasının vaxtı bilinmir.

Öyrənirik ki, özünə qəbir qazdırıb, başdaşı qoydurmağın bir səbəbi Bakıda qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdır. Bu da sağ ikən o dünyadakı evi tikdirməyə səbəb olur. Ümumiyyətlə, qəbiristanlıqda başdan-ayağa gəzsən, bir çox belə məzarlar görmək olar. Üstəlik, dəbdəbəli, bahalı qəbir daşları qoydurur, təm-təraqla təqdim edirlər.

Məzarlıqda fəhləlik edənlər isə danışırlar ki, bəzi insanlar özlərinə başdaşı qoydurmağı xoşlayırlar: “Onlar istəyirlər ki, öz zövqlərinə uyğun məzar daşı hazırlansın, istədiyi şəkil vurulsun, hansısa forma verilsin, sevdiyi geyimdə düşsün. Yəni bu cür adamlar da var. Öz qəbirlərini arzuları ilə qazırlar. Amma əksəri səbəbini maddiyyatla əlaqələndirir. Öz övladına bel bağlamır, fikirləşir ki, tabutu ortada qalar, götürən olmaz, ona bir yaxşı başdaşı qoydurmağa pulu çatmaz. Odur ki, indidən pul verib yer alır, özlərinə qəbir qazdırır, başdaşı düzəltdirirlər”.

Məşhurlar arasında da qəbrini qazdıranlar az deyil. Meyxanaçı Ağamirzə Bakıda, aparıcı Sərxan Kərəmoğlu Gəncədə özlərinə qəbir qazdırıblar. Söhbətləşdiyimiz mollalar deyirlər ki, insanların məzarlıqda əvvəlcədən qəbir hazırlığı görməsi xoş olmayan əməl sayılır. Çünki insan harada, hansı şəraitdə öləcəyini bilmir. Bəzən insan elə şəraitdə dünyasını dəyişir ki, heç nəşi tapılmır. Yaxud da ona tamamilə başqa ölkədə ölmək nəsib olur. Buna görə də insanların əvvəldən yaxınlarının dəfn olunduğu məzarlıqda özünə qəbir yeri alması, yaxud hazırlatması düzgün sayılmır.

İnsan öldükdən sonra onun yaxınlarının, yaxud əzizlərinin qəbrinin olmadığı yerdə dəfn edilməsi heç bir məna daşımır. Ona görə də insanlara bu barədə ilahiyyatçılar tərəfindən düzgün istiqamət göstərilməlidir. Bəzən adlarını din adamı qoyan insanlar da bu əməllərə yol verirlər. Amma İslam dininin mənasını dərk edən insan məzarı üzərində dəbdəbəli məzar daşı hazırlatmağın, qəbiristanlıqda belə seçilmək arzusunun boş, ölən insan üçün heç bir anlamı olmadığını dərk edir.

Ümumiyyətlə, qabaqcadan özünə qəbir yeri seçmək İslamda icazəli olmasa da, bu barədə mənbələr bir söz yazmayıb, qadağan da olunmayıb. Sadəcə, şəriət bunu bəyənmir və tövsiyə etmir. Çünki Qurandakı ayələrin birində qeyd olunub ki, insan harada və nə vaxt öləcəyini bilmir.

Din xadimlərinə görə, bütün bunlar Allahın işinə qarışmaq kimidir: “Burada bir qəbir var. Yiyəsi Moskvada yanğın zamanı ölüb. Sümüklərini belə tapmaq mümkün olmayıb. Həmin şəxs ağır xəstə imiş. Oğlu qəbiristanlıqda atası üçün yer alıb, qəbir qazdırdı. Daha sonra başdaşı qoydurdu. Qəbir daşının üstündə də öləcəyi tarixdən başqa hər şey yazılmışdı. Adı, soyadı, anadan olduğu tarix, hətta şeirə kimi. Bir dəfə həmin oğlanı əlində gül qəbir başında görüblər. Soruşublar ki, bəs niyə boş məzara gül qoyursan? Cavab verib ki, atam yanaraq ölüb, meyitini tapa bilməyiblər”.

İslam dininin şərtlərinə əsasən qəbirlər dirilər üçün deyil, ölülər üçün qazılır. İslamı qəbul etmiş hər bir müsəlmanın borcu da İslamın irəli sürdüyü bu şərtlərə əməl etməkdir. Ancaq deyəsən, hər şeyin tərsinə olduğu bir cəmiyyətdə qəbirlər dirilər üçün də qazılır...

Müsəlmanın qəbri sadə olmalı, digərlərindən fərqlənməməli və zamanla itməlidir. Ancaq İslam tarixində şeyxlər olub ki, onlar sağlığında özlərinə qəbir yeri götürüblər və hərdən gedib o yeri ziyarət ediblər.

Qəbiristanlığa bir növ ibadət yeri kimi baxıblar. Ancaq o dövrdə belə dəbdəbə və pullu qəbiristanlıqlar olmayıb.

Rəsul Mirhəşimli ile ilgili görsel sonucu

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, əslində məzar yerlərini insanın sağ ikən alması dinin məşğul olduğu mövzu deyil: “Sağ ikən kiminsə özünə məzar yeri alması xalqımızın adət-ənənəsinə görə xoş qarşılanmaz. Qurani-Kərimin hikmətinə görə, insanın harada öləcəyini Allahdan başqa kimsə bilməz. Onun üçün də məzar yeri alıb, hətta qazdırıb hazırlatmaq da məqsədəuyğun deyil. Kimsə harada dəfn olunmağını istəyirsə, bunu sağlığında vəsiyyət edə bilər. Din alimlərinin də bu məsələyə baxışları birmənalı deyil. Bəzi alimlər sağlığında məzar yeri hazırlatmağı məkruh (əməli etmək insanı günaha salmaz, amma həmin əməl edilməzsə, daha yaxşıdır- 0 R.M.) sayır”.

R.Mirhəşimli hesab edir ki, günümüzdə insanların sağlığında məzar yeri alması daha çox qəbiristanlıq problemləri ilə bağlı olur: “Bu problem də özünü böyük şəhərlərdə, xüsusilə Bakıda daha qabarıq şəkildə göstərir. İslam adəti ilə dünyadan köçənlərini dəfn etdiklərini deyən insanlar, təəssüf ki, dinimizin qaydalarından kənar məzarlar hazırlatdırırlar. Müasir qəbiristanlıqlar daha çox bütpərəstlik elementlərini xatırladır. Onsuz da insan bu dünyadan əməlindən başqa heç nə aparmır. Bunu bilən müsəlman nədən yaxınlarının məzar daşlarını bahalı mərmər daşlardan düzəltdirib, üzərinə də təmtəraqlı təsvirlər həkk elətdirir? Məzar yerlərini ölmədən almaqla bağlı birmənalı şəkildə hökm vermək mümkün deyil. Çünki bu mövzu caiz deyil deyə, fikir bildirmək də olmur”.

Emil SALAMOĞLU,
Fotolar müəllifindir,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR