İnsanlara hürriyət, millətlərə istiqlal!

Sadiq admiralın Hitlerə xəyanəti - yəhudiləri xilas edən, əsirlərə işgəncə verilməsinə qarşı çıxan Kanaris

4180 31.05.2022 14:41 Yaxın tarix A A

O, Adolf Hitlerin hakimiyyəti illərində III Reyx rəhbərləri üçün arzuolunmaz şəxs sayılıb. Eyni komandada olmalarına baxmayaraq, Vilhelm Kanaris məmur həmkarlarına qarşı həmişə sərt münasibət sərgiləyib.

Kanaris “Abver”in (hərbi kəşfiyyat və əks-kəşfiyyat xidməti) rəhbəri olmaqla bəzi hallarda vəzifə səlahiyyətlərini aşaraq yüksək ranqlı vəzifəliləri gərginlik içərisində saxlayıb, aşırı dərəcədə olan nəzarətini onların qarşısında tez-tez nümayiş etdirib. Təbii ki, Kanarisin hamıya yuxarıdan aşağı baxması fürerin də diqqətindən yayınmayıb. Amma Hitler Kanarisin böyük iddialarına qarşı çıxmayıb, əksinə, zaman-zaman onun səlahiyyətlərini rəsmi şəkildə müvafiq əmrlərlə artırıb.

Kanaris Hitler üçün ən etibarlı silahdaşlardan biri olub. Ölkə üçün taleyüklü məsələləri onunla müzakirə edib və mötəbər toplantılarda “Almaniyanı Kanarisə etibar etmək olar” kimi onun haqqında yüksək fikirlər söyləyib...

Vilhelm Kanaris 1887-ci ildə Almaniyanın Aplerbek şəhərində anadan olub. Atası metallurgiya zavoduna sahib olduğundan ailə zəngin yaşayıb və Vilhelmin təhsili üçün heç bir maddi problem olmayıb. Valideynləri onu gələcəkdə metallurq görmək istəsələr də, Kanaris hələ orta təhsil illərindən dəniz donanmasına maraq göstərib.

1905-ci ildə Kanaris hərbi-təlim gəmisində kursant kimi xidmətə başlayıb, daha sonra hərbi dəniz donanması akademiyasında ali təhsil alıb.

Bundesarchiv_Bild_146-1979-013-43,_Wilhelm_Canaris.jpg (46 KB)

Kanaris 1935-ci ilə qədər Almaniyanın hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmilərdə komandir köməkçisi, qərargah rəisi, gəmi komandiri və digər vəzifələrdə xidmət edib, xarici ölkələrdə dəniz kəşfiyyatlarında uğurlu əməliyyatlara imza atıb.

Nasistlər hakimiyyətə gəldikdən sonra Kanaris bacarıqlı və tanınmış bir mütəxəssis kimi diqqətdən kənarda qalmayıb. Xüsusilə, onun kəşfiyyat işini mükəmməl bilməsi Hitlerin diqqətini daha çox cəlb edib. II Dünya müharibəsinə hazırlaşan fürer Kanarisi 1935-ci ildə “Abver”ə rəhbər təyin edib, əvvəlcə ona vitse-admiral, 1940-cı ildə isə admiral rütbəsi verib.

Aldadıcı manevrləri ilə fürerin etimadını qazanan Kanaris qısa müddət ərzində “Abver”in strukturunu genişləndirərək bu qurumu təkcə Almaniyada deyil, bütün Avropada tanıtdırıb.

1036034.jpg (84 KB)

“Abver”in fəaliyyəti haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir. 1936-cı ildə İspaniyada Frankonun hakimiyyətə gəlməsi məhz Kanarisin keçirdiyi geniş miqyaslı əməliyyatların nəticəsi olub. Bununla da, o, İspaniyada da əsas söz sahiblərindən birinə çevrilib. Franko özü də yaxşı anlayıb ki, İspaniyanın idarə olunmasında Kanarisin agentlərinin ölkədə böyük və həlledici rolu var.
Hitlerin Kanarisə güvəni artıqca, Kanarisin də ona xəyanəti artıb. İkibaşlı oyuna girişən admiral siyasi müstəvidə ən hiyləgər oyunçu sayılıb. Hələ 1939-cu ildə Hitleri hakimiyyətdən devirmək istəyəndə çevriliş planını cızanlardan biri məhz Kanaris olub. Ancaq bu çevriliş baş tutmayanda Kanaris sudan quru çıxıb, cevrilişə cəhd edən digər “Abver” əməkdaşlarını şəxsən aradan götürərək bütün izləri itirib. Bu “çevikliyinə” görə admiral fürerdən növbəti mükafatını alıb.

1941-ci ildən başlayaraq Kanarisə həvalə olunan gizli əməliyyatların uğursuz yekunlaşması admiralın nüfuzuna mənfi təsir göstərib. Xüsusilə, “Yovşan” şərti adı altında Cənubi Afrikada üsyan, Qafqazda “Şamil”, Əfqanıstan-Hindistan qarşıdurmasında “Pələng” əməliyyatları uğursuzluqla nəticələndiyindən Hitlerin “Abver”ə münasibəti tam dəyişib.

2.jpg (113 KB)

1943-cü ildə isə gestapo Hitlerə qarşı sui-qəsdə hazırlaşan “Abver” əməkdaşlarını ifşa edəndə fürer bu qurumun bir sıra səlahəyyitlərini “SS”-ə verib. Amma “Abver”in qaranlıq günləri bununla bitməyib.

1944-cü ilin iyulunda Hitlerə sui-qəsd cəhdi zamanı bu qurumun digər əməkdaşları kimi rəisi Kanaris də həbs olunub. Məhkəmə onun sui-qəsd cəhdində iştirakını sübut edə bilməyib. Kanaris bu dəfə də sudan quru çıxacağına ümid edib. Əslində elə fürer də onu sərbəst buraxacağı haqqında düşünüb. Bu dəfə admiral öz-özünü tələyə salıb. Kanaris Flossenbyurq düşərgəsində saxlanılanda onun mənzilində və bağ evində axtarış apararkən admiralın gündəliyi ələ keçib. Bu gündəlikdə Kanaris Britaniya kəşfiyyatı ilə işbirliyindən ətraflı qeydlər aparıb.

1036035.jpg (89 KB)

8 aprel 1945-ci ildə Flossenbyurq məhkəməsində Kanarisin məhkəməsi başlayıb. Məhkəmə elə həmin gün admiral haqqında edam hökmü çıxarıb. Hökm aprelin 9-da icra olunub. 58 yaşlı admiralın edamı digər edamlardan fərqlənib. Onu təhqir etmək və tam aşağılamaq üçün lüt soyundurduqdan sonra asıblar və bu səhnə bir sutka ərzində yerli əhaliyə nümayiş etdirilib.

Sonralar o da məlum olub ki, Kanaris II dünya müharibəsi illərində “Abver”ə rəhbərlik etdiyi dövrdə 500-dən artıq yəhudini “Abver”in agenti adı alrında Almaniyadan çıxararq xilas edib. Kanarislə bağlı daha maraqlı faktlardan biri isə onun 1941-ci ildə sovet hərbi əsirlərinə verilən amansız işgəncələrə etiraz etməsi olub. Bu faktlar Nürnberq məhkəməsində də öz təsdiqini tapıb. Hitler Kanarisi dünyaya ən qatı nasist kimi təqdim etsə də, Kanaris heç də çoxlarının düşündüyü kimi cəllad faşist olmayıb.

1036037.jpg (91 KB)

Qeyd edək ki, Kanarisin edamından sonra İspaniya lideri Franko dostluq münasibətlərinə ehtiram əlaməti olaraq admiralın həyat yoldaşına İspaniyada dəbdəbəli villa bağışlayıb və yüksək məbləğdə ömürlük təqaüd təyin edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR