Sabirabadda döyülən jurnalistlər məhkəməyə üz tutur
Müraciətdə təzyiqlə üzləşdiyi iddia edilən KİV təmsilçilərinin Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayev, “Azadlıq” qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, o cümlədən “Turan” İnformasiya Agentliyinin müxbiri Etimad Budaqov və “Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva olduğu nəzərə çatdırılır.
Məktubda eyni zamanda bildirilir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı maneçiliyin törədilməsinə dair informasiyaların yayılması məsələyə həssas yanaşmanı zəruriləşdirir. Prezident seçkisi kimi önəmli prosesə çox qısa vaxtın qaldığı, dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir şəraitdə isə həssaslıq daha da artır. Baş vermiş hər hansı olay ölkədəki söz və mətbuat azadlıqları kontekstində dəyərləndirilir: “Bütün bunlara görə sizdən məsələni şəxsən diqqət mərkəzində saxlamağı xahiş edirik. Əminik ki, jurnalistlərin Sabirabadda təzyiqə məruz qaldığını nəzərdə tutan iddiaların nə dərəcədə əsaslı olub-olmadığı ətraflı araşdırılacaq, məsələ barədə qanuni ölçü tədbiri götürüləcək və ictimaiyyətə müvafiq məlumat veriləcək”.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Ruslan Əliyev isə bildirib ki, Sabirabad aksiyasında təzyiqə məruz qalan 10-a yaxın jurnalistlə bağlı məhkəməyə müraciət ediləcək: “Sənədlər hazırlanır. Əvvəlcə Daxili İşlər Nazirliyinə müraciət edəcəyik ki, baş verənlərlə bağlı cinayət işi başlasınlar. Əks halda, jurnalistlər məhkəməyə müraciət edəcək. RATİ onlara hüquqi dəstək verəcək və işi axıra kimi aparacağıq. Baş verənlər ifadə azadlığının pozulmasıdır”.






