İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq rəis Abbas Abbasovun qohumunun həbsini şərh etdi

1625 31.03.2013 09:37 Ölkə A A
Qanunla şəxsi hansı halda üzünə qaz vurub, başına torba keçirib həbs edirlər? Ümumiyyətlə, əməliyyat tədbiri necə keçirilməlidir? Bu suallara cavab almaq üçün sabiq polis rəisi, polis polkovniki Mahmud Hacıyevə müraciət etdik.
O dedi ki, bu cür səs-küylü əməliyyat keçirmək Azərbaycan hüquq-mühafizə orqanlarında son 6-7 ildə yaranan xroniki xəstəlikdir: “Əməliyyat tədbiri keçirəndə qara maskalıların kiməsə hücum etməsi, kiminsə üzünə qaz vurub başına torba keçirilməsi, ağzı üstə maşının ayaqlığına uzadılaraq hansısa idarəyə aparılması adi hala çevrilib. Təsəvvür edin ki, sivil, hüquqi və demokratik dövlətlərdə 60-ci illərdən bu yana belə əməliyyat tədbirləri keçirilmir. Artıq belə əməliyyat tədbirlərinin keçirilməsi gülüncdür”.
M.Hacıyev deyir ki, əməliyyat tədbirinin ən ümdə məqsədi belə tədbir keçirilən zaman böyük hay-küyə səbəb olmamaqdır: “Ətrafda yaşayan, dincələnlər, gəzib istirahət edənlər yaxınlıqda hansısa əməliyyat tədbirinin keçirilməsini hiss etməməlidirlər. Görsələr belə əməliyyat tədbiri keçirilməsini başa düşməməlidirlər. Bunun adı elə ona görə də əməliyyat tədbiridir”.
Sabiq polis rəisi bildirdi ki, istər məxfi, istərsə də açıq əməliyyatçı əməliyyat tədbirini keçirərkən məxfiçiliyə xüsusi diqqət ayırmalıdır: “Bir qədər əvvəl ”Yağmur" restoranında əməliyyat keçirildi. Həmin əməliyyat səs-küyünə görə sadəcə biabırçı əməliyyat idi. Təsəvvür edin ki, 30 qara maskalı əməliyyatçı restoranın bir tərəfindən girib qarşılarına çıxan hər şeyi söküb dağıda-dağıda, götürəcəkləri şəxslərə təpik-şillə vura-vura əməliyyat keçirmişdilər. Üstəlik yoldan keçənlərdən biri də yaralanmışdı. Restoranın ətrafında yaşayan insanlar narahat olmuşdular. Bu, əməliyyat tədbiri deyil, bu reklamdır. İnsanlarda xof, qorxu yaratmaqdır. İstəyirlər göstərsinlər ki, hüquq mühafizə orqanları işləyir. Yəni əməliyyat tədbirinin bu cür səs-küylü keçirilməsi ətrafdakılara “baxın ha, sizi də belə edərik” mesajını çatdırmağa hesablanır. Əslində isə buna heç ehtiyac yoxdur".
M.Hacıyev deyir ki, belə əməliyyat tədbirləri hüquqi-normativ aktlara, əmr və təlimatlara ziddir: “Belə əməliyyat tədbirlərinin keçirilməsi murdarcasına ifrat dərəcədədir. Vur çatlasın, göyə güllə atmaq, kimisə yerə yıxmaq, qol gücünə arxalanıb şübhəlini saxlamaq son illər dəbdə olan bayağı seriallarda yer alan səhnələrdir. Əslində isə əməliyyatçının cüssəli olması şərt deyil, əməliyyatçı iti və çevik ağılla sahib olmalıdır. 60-cı illərdən sonra bütün sivil ölkələrdə belə xüsusiyyətləri olan şəxsləri əməliyyatçı işinə götürürlər. Təəssüf ki, Azərbaycanda cüssəli şəxslərə qeyd etdiyim xüsusiyyətlərə malik şəxslərdən daha artıq önəm verilir, işə məhz cüssəli şəxslər götürülür. Bunlar elə bilirlər ki, əməliyyatçı kimisə vurub yerə yıxmalı, əlini qandallayıb özünü də belinə atıb qaçmalıdır. 2013-cü ildir, indi də Azərbaycan hüquq mühafizə orqanlarının rəhbərliyində olanlar işə qəbulda bu prizmadan yanaşırlar. İntellekti güclü olanları çox böyük çətinliklə əməliyyatçılığa götürülər. Bununla belə Azərbaycanda əməliyyat işini çox gözəl və dərindən bilən kadrlar var. Təəssüf ki, həmin şəxslərin potensialından istifadə edilmir”.
Sabiq polis rəisi deyir ki, qanun dəfələrlə ağır cinayət törətmiş resedivisti, hətta silahlı olsa belə fiziki zor tətbiq edib xəsarət yetirməyə icazə vermir: “Cinayətkar hər şeydən əvvəl vətəndaşdır. Vətəndaşa qarşı zor, fiziki ağrı vermək qadağandır. Yalnız təxirə salına bilməyən halda - yəni qarşı tərəfdən əməliyyatçıya real təhlükə olarsa, bu halda ona fiziki zor tətbiq etmək olar. Bu da adekvat olmalıdır. Əlinə taxta parçası götürən şəxsə odlu silahdan atəş açılmamalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR