Fazil Mustafa: “İslamın elmə zidd olduğunu deyənlərin əksəriyyətinin İslam haqda təsəvvürü yoxdur”; Tural Abbaslı: “Əgər bunu Saleh Məmmədov deyirsə...”
Sabiq maliyyə naziri, iqtisadçı professor Saleh Məmmədovun müsavat.com-da dərc olunan son məqaləsi müzakirələr doğurub. Keçmiş nazirin İslam dini ilə bağlı dedikləri xüsusilə diqqət çəkib. Professor İslam dininin elmə və təhsilə əsas əngəl olduğunu iddia edərək, İslam psixologiyasının Azərbaycana güclü sirayət etdiyini qeyd edib.
S.Məmmədovun mövqeyinə reaksiyalar birmənalı deyil. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında professorun mövqeyinə qarşı çıxdı: “Seyid Hüseyn Nasirin böyük bir ensiklopedik kitabı var. Adı ”İslam və elm"dir. Çox maraqlı kitabdır. Orada İslamın elmə nə qədər yaxın din olduğunu əsaslandıran xeyli təsbitlər var. Çox vaxt İslam dininin mahiyyəti haqqında təsəvvürü olmayanlar Azərbaycanda mövcud olan və din adı ilə tanıdılan mərasimlərin, yaşam tərzinin İslam olduğunu təsəvvür edirlər. Azərbaycanda İslamın mərasim şəkli var. Tarix boyu bunu yaşamışıq. İndi də İslam adına kiminsə əlində zəncir görəndə, kiminsə saqqalının metrə ilə ölçülməsini görəndə elə düşünürlər ki, dinimiz bundan ibarətdir. Gerçək İslam elmə heç bir halda mane olmur. Din insanın daxili inanc məsələsidir. Bu daxili inancı insan yerinə yetirərkən özünü başqalarını ittiham edəcək mövqedə görmədikdə rahatlıqla istənilən elmi öyrənə bilir, istənilən mədəniyyəti də əxz etməyi bacarır.
Başqalarının da həyatına tolerant yanaşır. Amma insan İslamı yarımçıq dərk edəndə vəhşiləşməyə başlayır. Düşünür ki, hamı dində onun düşündüyü şəkildə olmalıdır. Belə insanların hesabına da din haqqında fikirlər fərqli olur. Tam əminliklə deyirəm ki, İslamın elmə uyğun gəlmədiyini deyənlərin böyük əksəriyyətinin İslam haqqında təsəvvürü yoxdur. Oradan-burdan din haqqında oxuyublar. Əsl İslamı dərk edəndə görürsən ki, bu dində ümumiyyətlə, elmə, təhsilə mane olacaq heç nə yoxdur. Bunu İbn Sina, Məhəmməd Fərabi kimi alimlər sübut ediblər ki, bunlar dindar şəxslər olublar. Dindar olmaqla yanaşı, həm də elm adamları olublar. Bu günlərdə sosial şəbəkələrdə bir müzakirə açmışdım ki, cinsi azlıqların, fahişələrin, narkomanların lokallaşması istiqamətində addım atmaq lazımdır. Bunlar üçün cəmiyyətdən təcrid olunmuş yerlərdə müəssisə formasında yerlər yaradılır, onlar cəmiyyətdən təcrid olunurlar, vergilərini verirlər. Onlar yaşam tərzlərini burada gerçəkləşdirirlər.
![]()
Mənə ən çox etiraz edənlər nadan, gerizəkalı dindarlar oldular. Onların hamısı başladı ki, bu haramdır, dediklərimi təşkil etmək olmaz. Dedim ki, onun alternativi nədir? İŞİD zehniyyəti ilə başlarını kəsək? Hamısı əslinə qalsa imkanları yoxdur, daxillərində başkəsən kimi yetişiblər. Biri bir əsər yazan kimi dərhal ona ölüm fətvası verilir. Sən kimsən insanı öldürürsən? Yazıbsa, günaha batıbsa, Allah özü onun cəzasını verər. Demək ki, sizlər dini anlamamasınız. Kimsə Məhəmməd Peyğəmbərin əleyhinə kitab yazıbsa, vəssalam, ona ölüm hökmü vermək lazımdır. Axı deyin görüm, siz kimsiniz? Sən Allahın yerinə cəza təyin edənsən? Ona görə xəstə, nadan, gerizəkalı sürüsünün İslamda boy atması dinin özünü təhrif edir. İzah edirsən ki, cinsi azlıqlar xəstədirlər. Bu xəstəliyə görə xəstəni öldürməzlər ki. Narkoman xəstədir, bu, cinayətkar deyil ki. Bu məsələdə sanki daxillərində bir qatillik yatır ki, görüm bunları necə öldürmək olar. Məlum olur ki, bu barədə danışan və içərilərində vəhşiliyi təbliğ edənlərin bu yola bağlılığı daha çoxdur. İran nümunəsi bunu göstərir. İranda atası bilinməyən uşaqların sayı 3 milyondan çoxdur. Bunun harası din oldu? Bu məsələlərdə bir az sağlam düşünmək lazımdır. Dini bilmədən İslamın elmə mane olduğunu demək cəfəng fikirlərdən başqa bir şey deyil. Bu savadsızlıqdır, problemi bilməməkdir. Kimliyindən asılı olmayaraq bunları deyirəm. Konkret şəxslər barədə bu fikirləri demirəm. Bu mövzuda istənilən müzakirələrə qoşulmağa hazıram. Bütün İslamı oxuyan şəxs heç vaxt elmdən kənar ola bilməz.
İslam insanın əxlaqı ilə bağlı məsələdir. Onu gətirib insanın həyatı dərk etmək üçün çalışmasına, elm öyrənməsinə yönəltmək cahillikdir. Kimin nə deməyinə mövqe bildirmirəm, konkret yanaşmamı ortaya qoyuram. İslamın elmlə hər hansı bir toqquşan tərəfi yoxdur. Sadəcə, İslam adı ilə başqa dini yaşayan cahil sürüsü üçün İslam elmin düşmənidir. Bu məsələ üzərində maarifçilik işi çox ciddi şəkildə aparılmalıdır ki, İslam başkəsən, nadan, cahil yetişdirməsin. Əslində İslam əxlaqında olan elm adamı bəşəriyyətə ancaq fayda verə bilər. Əxlaqı olmayan elm adamından atom bombası atmağı hər an gözləyə bilərik. Çünki İslam qədər insana dəyər verən, onun düşünməyə vadar edən, başqasının haqqına girməyin ən böyük günah olduğunu söyləyən ikinci bir din yoxdur".

AĞ Partiya başqanı Tural Abbaslı iqtisadçı professora sərt cavab verdi: “Əvvəla, onu qeyd edim ki, əgər bunu Saleh Məmmədov deyirsə, demək ki, adamın nə dünyəvi, nə də dini bilikləri tam deyil. Yəni bu fikirləri səsləndirən adamın zəka səviyyəsinin çox dayaz olduğu bilinir. 21-ci əsrdə İslam dininin elmə, təhsilə mane olduğunu demək insanın özünün inkişafdan qalmasından xəbər verir. Əgər İslamın elmə və təhsilə verdiyi dəyəri və tövhələri görmək istəyirsə, elmin inkişaf tarixinə nəzər yetirsin, o zaman İslamın elmə verdiyi dəyəri anlayar. Elə bir tək Peyğəmbərimiz Həzrəti Məhəmmədin ”Beşikdən qəbirə qədər elm öyrənin" və ya “Elm Çin də belə olsa, arxasınca gedin” kəlamlarını xatırlatmaq belə cahillərə gözəl cavab olar. Avropa və ya Amerikanın elmi-texnik inkişafına nəzər salsaq görərik ki, onların dinlərindən imtina etmədən bu nailiyyətlərə sahib olublar. Həmçinin, bir çox inkişaf etmiş İslam dini dövlətləri nümunə göstərmək olar. Yəqin Saleh müəllim bəzi şou-biznes nümayəndələri kimi gündəmə gəlmək üçün belə absurd fikirlər səsləndirib. Ümumiyyətlə, belə gərəksiz və əsassız fikirlərin mətbuatda müzakirəsini faydalı hesab etmirəm".
Cavanşir ABBASLI






