- Eldəniz müəllim, siz uzun illər informasiya ilə işləmisiniz? İndi xəbəri daha çox haradan alırsınız?
- Bu gün Azərbaycanda nə baş verdiyini bilmək istəyən müxalifət mətbuatını oxuyur. Çünki telekanallarda verilən xəbərlərlə ölkədə nələrin baş verdiyini müəyyən etmək olmur. Mən də, çevrəmdəki insanlar da müxalifət mediasını davamlı oxuyuruq. Media çox güclü vasitədir. Bəzən elə köşə yazısı olur ki, müəllif bir partiyadan daha çox iş görür. Rəsmi qəzetlərə isə başsağlığı xəbərləri üçün baxıram. Rəsmi qəzetlərdə informasiya ancaq elə o başsağlığı səhifəsindədir. Baxanda bilirsən ki, kimin hansı qohumu rəhmətə gedib.
- Ötən müsahibənizdə görkəmli alim Ziya Bünyadovla yaxşı münasibətləriniz olduğunu demişdiniz. Ziya Bünyadov görkəmli alim, şəxsiyyət kimi isə “ipə-sapa yatmayan” bir adam idi. Xüsusən milli məsələlərdə güzəştə getmirdi. Onunla bağlı problemlər yaşanırdımı?

- Ziya Bünyadov ermənilərin bir nömrəli düşməni idi. Ermənilər həm İrəvanda, həm də Moskvada Azərbaycanın tarixini, incəsənətini, mədəniyyətini təhrif edən əsərlər nəşr edirdilər. Kitab çap edilən kimi məqsədli şəkildə onu o zaman EA-nın Şərqşünaslıq İnstitutunun direktoru olan Ziya Bünyadova göndərirdilər. Ziya Bünyadov SSRİ miqyaslı elmi jurnallarda cavab yazıb ermənilərin irəli sürdüyü iddiaları darmadağın edirdi. Hər 8 martda ermənilər Ziya Bünyadovun həyat yoldaşına olduqca təhqiramiz açıqcalar göndərirdilər. Ziya Bünyadovun SSRİ zamanı Türkiyəyə səfəri var idi. Türkiyəyə getməzdən qabaq mənə Osmanlı dövlətinin arxivinə getmək istədiyini dedi. İstəyirdi ki, DTK onun arxivə girməsinə şərait yaratsın. Ancaq o zaman sovet alimləri o arxivlərə buraxılmırdı. Moskvadakı tanışların birindən xahiş etdim və Ziya Bünyadovun Türkiyənin SSRİ-dəki səfiri ilə görüşünə şərait yaradıldı. O zaman səfirliklərin bütün otaqlarını DTK dinləyirdi. DTK-nın Türkiyə səfirliyindəki kuratoru Sərkisyan soyadlı bir erməni idi. O, səfirlə Ziya Bünyadovun danışıqlarına qulaq asandan sonra DTK-ya o görüşlə bağlı elə bir məktub yazmışdı ki, onu həmin məktuba görə nəinki Türkiyəyə buraxmazdılar, hətta asardılar. SSRİ DTK-sı həmin məktubu Azərbaycan DTK-ya göndərmişdi. O zamankı sədr Ziya Yusifzadə məni çağırıb soruşdu ki, ortada SSRİ DTK-sının rəhbərinə yazılmış belə bir məktub var, biz indi neyləyək. Dedim ki, biz Ziya Bünyadovu bura çağırsaq, ikimizi də söyəcək. Çox ötkəm kişi idi, ürəyində də bir söyüş saxlamazdı. Bir də görürdünüz mənə zəng vururdu, deyirdi ki, podpolkovnik Əliyev Sovet İttifaqı Qəhrəmanı Bünyadov əmr edir, tez ol, dur bura gəl. Tez gedirdim instituta, məlum olurdu ki, məni çay içməyə, söhbət etməyə çağırıb. Yusifzadəyə dedim ki, gəlin belə bir kombinasiya quraq. Mərkəzi Komitənin xarici əlaqələr şöbəsinin müdiri Namiq Axundov Lənkərandandır, Ziya Bünyadovun da onunla münasibəti yaxşıdır, məsələnin onun əli ilə həll edək. Hər halda Mərkəzi Komitənin nüfuzu böyükdü, Namiq Axundova deyək, o, belə bir məktub yazsın ki, guya Ziya Bünyadovla danışıb, profilaktik tədbir aparıb, o da səhv elədiyini anlayıb və bir daha belə bir problem olmayacağına söz verib. Belə də elədik. Namiq Axundovun məktubu daxil olan kimi biz SSRİ DTK-sına teleqram vurduq ki, Ziya Bünyadov Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsi səviyyəsində tənbeh olunub, o da səhvini boynuna alıb, üzr istəyib. Bununla da məsələ həll oldu. Ziya Bünyadova bunu sonra dedik. Bax, biz SSRİ DTK-nın əlindən o dahi şəxsiyyəti belə aldıq.

- Sonra Türkiyə səfəri baş tutdumu?
- Bəli. Ziya Bünyadov Türkiyəyə getdi. İlk SSRİ alimi kimi Osmanlı arxivinə də daxil oldu. Siz görəydiniz o, buna necə sevinirdi. İnanın, sevincindən uşaq kimi olmuşdu. Mənə deyirdi ki, Eldəniz, sən bilmirsən e, mən oradan nələr gətirmişəm. Mənə görə, Ziya Bünyadov Azərbaycan xalqının ən ləyaqətli oğludur.
- Xəlil Rzanı necə xatırlayırsınız? DTK üçün çətin adamlardan biri də Xəlil Rza olub deyirlər.
- Xəlil Rza Yazıçılar İttifaqında olduğuna görə onun kurasiyası başqa şöbədə idi. Ancaq o, həm də EA Ədəbiyyat İnstitutunda işlədiyinə görə həm də mənim sahəmdə idi. Onu millətçi şerlərinə görə Pedaqoji Universitetdə müəllimlikdən uzaqlaşdırmışdılar. Yazırdı ki:
İstəmirəm azadlığı zərrə, zərrə, qram, qram,
İstəyirəm qolumdakı zəncirləri qıram, qıram...
O zaman şairlər bir söz demək istəyəndə zamanı, məkanı dəyişirdilər, guya bu sözləri Afrikada hansısa zənci deyir. Ancaq hər kəsə bəlli idi ki, onlar milli azadlıqdan danışırdılar. Onu tələbələrdən uzaqlaşdırmaq üçün göndərmişdilər görkəmli alim, akademik Əziz Mirəhmədovun yanına.
- Pedaqoji Universitetdə təhsil alanlar deyir ki, kim Xəlil Rzanın yanında rus kəlməsi işlədirdisə, ondan 5 qəpik cərimə alırmış...

- Rusca danışanlarla düşmən idi. Çox qəribə insan idi. Millətə, xalqa çox bağlı adam idi. Onun elmi işini uzun müddət müdafiəyə buraxmadılar. O da gedib rəhmətlik Əziz Mirəhmədovdan tələb edirdi ki, sən mənə xasiyyətnamə ver, məni müdafiəyə buraxsınlar. Əziz müəllim bir gün mənə zəng elədi, görüşmək istədiyini dedi. Mənə dedi ki, Xəlil Rzaya xasiyyətnamə vermək lazımdı, ancaq bilmirəm necə olacaq. Soruşdum ki, sizə nə mane olur. Dedi ki, sizin idarənizdən bizə həmişə deyiblər, Xəlil Rzanı nəzarət altında saxlayaq. Mən də cavab verdim ki, Əziz müəllim, elmi işin bu adamın millətçiliyinə nə dəxli var, verin onun xasiyyətnaməsini, getsin müdafiəsini eləsin. Ayağa qalxdı, məni öpdü, dedi sağ ol, kaş sənin kimi oğullar bu ölkədə çox olaydı. Sonralar Xəlil Rza “Lefortovo gündəliyi”ni yazanda mənim adımı o kitaba salıb. Orda yazır ki, DTK dağılırdı, ancaq mən xoşbəxtəm ki, orada Azərbaycan əhval-ruhiyyəli Eldəniz Əliyev kimi işçilər var idi.
- SSRİ-də qadağalarla üzləşənlərdən biri də müğənni Flora Kərimova olub. Onunla bağlı nə baş verirdi?

- Mən onun sənətinin vurğunuyam. Oğlumun toyunda da o, bizim əziz qonağımız kimi iştirak edib. Ona Mərkəzi Komitədən xaricə çıxmaqla bağlı qadağa qoymuşdular. DTK-nın agenturası müəyyən eləmişdi ki, hansısa vəzifəli şəxsin bir qadın kimi ondan xoşu gəlib, o da həmin adamın təklifindən imtina eləyib. Həmin vəzifəli şəxs də DTK-ya yazmışdı ki, Flora Kərimovanın birinci həyat yoldaşı İbrahim Topçubaşov milyonlarla pul qazanıb, Türkiyəyə göndərib, seyflərin kodunu verib Flora xanıma. O, Azərbaycandan qaçmaq istəyir. Vətənə xəyanət edəcək, daha nələr, nələr. Ona görə də Flora Kərimova üçün qapıları bağlamışdılar. DTK-nın arxivində Flora Kərimovanı güllələmək üçün qovluq-qovluq material var idi. Xəbər göndərdim ki, Flora mənə zəng vursun. Ona dedim ki, maşınınızla gəlin Hökumət Evinin qabağına, sizi oradan götürəcəyəm, gedək şəhərdən kənarda bu məsələni ətraflı danışaq. Gəldik şəhərdən uzaq bir yerə. Ona dedim ki, əslində nə baş veribsə, danışsın. 3-4 saata yaxın söhbət etdik. Tanıdığım xeyli adamın adını çəkdi, mən də özüm üçün qeydiyyat apardım. Kimlər ona mane olur, efirə çıxmasını əngəlləyir, mahnıları ilə bağlı problem yaradır... Axırda ona məsləhət gördüm ki, DTK-nın sədri Ziya Yusifzadənin adına bir ərizə yazsın. Bilirsinizmi, onsuz da o, ərizə icra üçün mənim özümə gəlib çıxacaqdı. Orada Flora xanım, ona mane olan insanlar haqqında detallı yazmışdı. Ziya Yusifzadə məni çağırdı otağına, dedi ki, Teleradio Komitəsinin rəhbəri Zakir Bağırov da Flora Kərimovanın xaricə getməsinə tərəfdardır, sən nə deyirsən. Dedim ki, yoldaş sədr, siz narahat olmayın, mən məşğul olaram. Əslində isə mən artıq məşğul olmuşdum. Flora xanım haqqında gözəl bir arayış hazırladım, DTK-nın onun haqqında donos yazan murdar agentlərinin yazdıqlarını hamısını yalana çıxardım.

- Çox idimi o dediyiniz cür agentlər?
- Agent operativ işçinin əlində vasitədir. Operativ işçi öz hansı xarakterdədirsə, hansı əhval-ruhiyyədədirsə, agentə də o cür təlimat verir. Əgər operativ işçidə vətənə, xalqa, millətə hörmət, izzət, qayğı hissi varsa, o, adamları qaralamağa meylli olmur. Mənim Flora Kərimova haqqında yazdığım arayışdan sonra onun yenidən xaricə qastrollara getməsinə icazə verildi...
- Eldəniz müəllim, biz istərdik ki, bir qədər milli-azadlıq hərəkatı ilə bağlı yaddaşınızdakıları bölüşəsiniz. Əbülfəz Elçibəy məsələsinə qayıtmaq istəyirik. Çoxları hələ də düşünür ki, Elçibəyin DTK ilə əlaqəsi olmasaydı, Misirdə tərcüməçi işləməyə göndərilməzdi. Elçibəy DTK ilə əməkdaşlıq edirdimi?
- Universitetin şərqşünaslıq fakültəsini bitirənlərin hamısı, əgər fiziki cəhətdən sağlam idilərsə, onları DTK-ya işə götürməyə çalışırdılar. Onları işə götürüb DTK-nın kurslarına göndərirdilər ki, dil bildiklərinə görə müharibə regionlarından onlardan istifadə etsinlər. Əslində bizim bildiklərimizi onlara öyrətmirdilər, müəyyən təlimatlar verirdilər. Ancaq onların hamısını DTK-ya cəlb etmirdilər ki... Əbülfəz Elçibəyin də DTK ilə heç zaman əlaqəsi olmayıb. Bu sözü mən onun bioqrafiyasını ən yaxın adamlarından daha yaxşı bilən bir şəxs kimi deyirəm. Mən hətta 1975-ci ildə onların Kələkidəki evlərində axtarışda da iştirak etmişəm. Sadə, sıradan bir kəndli ailəsi idilər. Əbülfəz Elçibəylə mənim şəxsi münasibətim də vardı. O, həbsdən çıxandan sonra qardaşının Yasamaldakı evində yaşayırdı. Ailə qurmuşdu, iki azyaşlı övladı vardı, ancaq ailə üzvlərini Bakıya daimi qeydiyyata salmırdılar. Yadınıza gələr yəqin, o zaman ərzaq qıtlığı var idi, əti, yağı, şəkəri adambaşı talonla paylayırdılar. Çox kasıb yaşayırdı. Onda da mən bacardığım qədər Elçibəyə yardım eləməyə çalışdım. Yenə deyirəm, Elçibəy DTK-ya işləməyib, ancaq ətrafında DTK agentləri həmişə olub.






