İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan Rusiya başqa ölkəyə çevriləcəkmi?..

2013 30.06.2020 11:00 Yazarlar A A

Pandemiyanın ucbatından politoloqların və siyasi təhlilçilərin proqnozları da qısamüddətli olub. Hətta bir həftə böyük müddətə dönüb və təhlilçilər proqnoz verərkən mütləq bir qeyd edirlər: əgər pandemiya imkan versə...

Bununla belə düşünürük ki, hər halda bir gün böyük müddət deyil və ümid edirik ki, pandemiya bizim şimal qonşumuzu məyus etməyəcək və Rusiyada iyul ayının 1- nə nəzərdə tutulmuş konstitusiyaya düzəlişlərlə bağlı səsvermə baş tutacaqdır, hərçənd, şəxsən biz bir suala cavab verməyə çətinlik çəkirik: bu düzəlişlər və səsvermə kimə lazımdır? Sadə Rusiya insanlarına, yoxsa hakimiyyət mənsublarına?..

Şimal qonşumuzun Əsas Qanununa düzəlişlərin məzmunu ilə az-çox tanışıq, amma bununla belə onlara “maraqlı” demək daha düzgün olardı, nəinki bu düzəlişləri “Rusiya vətəndaşları üçün həyati əhəmiyyət kəsb edən” hüquqi yeniliklər kimi səciyyələndirmək.

Odur ki, özümüzdən təkrar-təkrar “Bu səsvermədən sonra Rusiya tamamilə başqa ölkə olacaqmı?” sualını soruşarkən özümüzü çox çətin bir duruma salırıq: axı hətta rusiyalı politoloqların, tarixçilərin və hətta filosofların özləri belə suallar vermirlər...

“Başqa ölkəyə çevrilmək” istənilən ölkə üçün, xüsusən də Rusiya kimi bir ölkə üçün çox çətin məsələdir: bəli, Rusiya müxtəlif vaxtlarda imperiya, fövqəldövlət və ya indiki kimi, regional dövlət olubdur, amma heç vaxt həqiqətən də azad ölkə və hüquqi dövlət olmaylıbdır.

Odur ki, bir suala cavab vermək olduqca çətindir: bu ölkənin rəhbərliyinin planlarında onu, ümumiyyətlə, daha azad etmək kimi bir niyyət-məqsəd varmı? Yoxsa onlar növbəti dəfə sadəcə, Rusiyanı daha idarəolunan və itaətkar etməyə hazırlaşırlar?

Ölkələr var ki, yüz illər bundan əvvəl azad olublar, ölkələr də var ki, indi-indi azad ölkəyə çevrilirlər. Rusiya isə bir daha qeyd edək ki, heç vaxt hüquqi və azad dövlət olmayıb.

Bunun bir nəticəsi də ölkənin yaşadığı tarix olub: əvvəl monqol-tatar istilası, daha sonra şimal qonşularının yürüşləri və dünyadakı inkişaf və tərəqqi prosesindən uzun illər tamam kənarda qalmaq!..

Hətta bəzi daha obyektiv müasir rusiyalı tarixçilər bu ölkədə təhkimçiliyin ləğvini ABŞ-da quldarlığın ləğvilə bərabər tuturlar və unutmayaq ki, bu hadisə 19 - cu əsrin ikinci yarısında baş veribdir...

Hər bir xalq, xüsusən də ki, siyasi xadimlər öz ölkəsinin və xalqının tarixini dərk etməyə çalışmalıdır. Ola bilsin, bu nümunə bir az uğrusuz görünəcək, çünki Rusiyanın dövlət kimi keçdiyi tarixlə bağlı daha ciddi tədqiqatlar var. Amma mən hələ də bir vaxt Rusiyanın tanınmış siyasi xadimi və iqtisadçısı Y.Qaydarın “Dövlət və təkamül” kitabını necə bir maraqla oxuduğumu xatırlayıram. Burada məni ən çox da məsələnin qoyuluşu cəlb etmişdi, çünki sovet vaxtı bizə tamam başqa bir yanaşmanı - V.Leninin “Dövlət və inqilab” əsərini əzbərlətdirirdilər...

Rusiyalı tarixçilər daim zarafatla deyirlər ki, ölkələrinin iki problemi olub: yollar və axmaqlar. Sovet rejiminin süqutundan sonra onlar bura öz inqilabçılarını da əlavə etdilər. Bu da çox mühüm məsələdir. Məsələn, demək ki, fransız inqilabçıları daha ağıllı və mütərəqqi olublar, bu, əlbəttə, yanlışlıq olardı, çünki rus inqilablarının çoxu Fransa inqilablarının təsiri altında baş veribdir. Ona görə də Rusiyanın inqilabi düşüncəsinə və hərəkatına yalnız neqativ prizmadan baxmaq lazım deyil, yox, burada da eyni qədər faydalı və ziyanlı məqamlar olub, necə ki, bunu biz Fransa inqilablarında görmüşdük. Amma hətta Vladimir Volfoviç Jirinovskiy kimi bir siyasətçi belə deyəndə ki, inqilab etmək fikrimiz yoxdur, biz bunu anlaşıqla qəbul edirik, çünki daha yaxşısı inqilabsız keçinməkdir, çünki inqilablar təkcə irəli hərəkət demək deyil.

Elə bu səbəbdən də Rusiya ilə bağlı da yalnız və yalnız bunu deyə bilərdik ki, bu ölkə hələ çox uzun bir yol keçməlidir ki, özünün yüz milyonlarla vətəndaşları üçün sözün həqiqi mənasında azad vətənə çevirlə bilsin. Ən əsası isə, milyonlar da təkcə passiv seçicilər kimi qalmamalıdırlar, yox, ölkələrindəki demokratikləşmə prosesinə daha fəal töhfə verməlidirlər, çünki azadlıq da kiminsə tərəfindən hədiyyə ediləndə yox, alınanda daha möhkəm və dönməz olur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR