İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah hökumət parlamentə gəlir: 2024-cü ilin büdcə zərfinin müzakirəsi başlayır

1091 12.11.2023 11:35 İqtisadiyyat A A

Noyabrın 13-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Musavat.com xəbər verir ki, hökumət üzvlərinin iştirakı ilə keçiriləcək müzakirələr 14-15 noyabr tarixlərində də davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisə daxil olan büdcə sənədi ötən həftə komitələrin birgə iclasında, maliyyə naziri Samir Şərifov və digər hökumət təmsilçilərinin iştirakı ilə müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birgə müzakirələrdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə məlumat verərkən bildirib ki, ölkənin 2024-cü il üçün dövlət və icmal büdcəsinin layihəsi və sonrakı 3 il üçün dövlət və icmal büdcənin parametrləri, orta müddətli dövr üçün makro-iqtisadi proqnoz göstəriciləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Milli Məclisə daxil olub. O, bütövlükdə 2023-cü ildə dünyada gedən mürəkkəb proseslər fonunda iqtisadi artımın mülayim templərlə davam etdiyini deyib. Qeyd edib ki, cari ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ilin əvvəlində baza ssenaridə təklif olunub. 2024-cü ildə ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barelinin orta qiyməti büdcə layihəsində optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın ölkəmizdə 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.

Tahir Mirkişili bildirib ki, 2024-cü ilin büdcəsi əsasən 4 sütunu - real artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı, sabit məzənnə üzərində iqtisadi çərçivənin hazırlanmasını özündə ehtiva edir. Növbəti ildə ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 4,6 faiz artması nəzərdə tutulub. Təqdim edilmiş sənədlərdə 3 ssenari - baza, optimist və pessimist ssenarilər təklif olunur. Baza ssenaridə neftin 1 barelinin qiymətinin 60 ABŞ dolları, optimist ssenaridə 80 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları ətrafında olacağı göstərilir.

Komitə sədri qeyd edib ki, büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırlır, bu da insanların maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda vurğulanıb ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlərin qeyri-neft sektoru və neft sektoru üzrə bölgüsünün bərabər olacağı gözlənilir. Dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur və bu, cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Azərbaycanın işğaldan azad edilən ərazilərinə Böyük qayıdışa dair birinci dövlət proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək. Bununla yanaşı, işğaldan azad olunan ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və işğaldan azad edilən ərazilərdə müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Vurğulanıb ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 69,7 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur.

Maliyyə naziri Samir Şərifov bildirib ki, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

E.Paşasoy
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR