Sabah həbs edilən fəallardan 3 nəfər azadlığa çıxacaq
Sabah inzibati həbs cəzası alan fəallardan Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, bitərəf gənc Şəfi Şəfiyev və DALĞA-çı Hacı Zeynalov azadlığa çıxacaq. Bu barədə musavat.com-a müsavatçı gənclərdən Şamil Beydulla məlumat verib. Onun sözlərinə görə, Tural Abbaslı və Şəfi Şəfiyev saat 14:30-da azad olunacaq.
Gənc fəal onu da bildirib ki, Hacı Zeynalovun nə zaman sərbəst buraxılacağı hələ bəlli deyil: “Sabah inzibati həbs cəzası alanlardan 3 nəfərin həbs müddətinin vaxtı bitir. Nə zaman çıxacaqlarını öyrənmək məqsədilə təcridxanaya getmişdim.
Oradan bildirdilər ki, sabah saat 14:30-da Tural Abbaslı və Şəfi Şəfiyev azadlığa buraxılacaq. Hacı Zeynalovu öyrənməyə çalışsam da, mümkün olmadı. Çünki onun təcridxanadan konkret buraxılma vaxtı göstərilməmişdi.
Biz yazılan vaxta inanmırıq. Çünki indiyə qədər belə hallar çox olub. Ya vaxtından əvvəl, ya da sonra həbs edilənlər azadlığa çıxır.
Bunun səbəbi də onlar azadlığa çıxan zaman xüsusi qarşılama olmamasına görədir. Amma biz səhər tezdən dostlarımızı qarşılamaq üçün təcridxa önünə gedəcəyik”.
Sonda onu qeyd edək ki, saxlanılan fəallardan Orxan Eyyubzadə mayın 26-sı və AXCP üzvü Kəmalə Bənəniyarlı iyunun 5-i azadlığa çıxacaq.
Cavanşir ABBASLI






