İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimlinin növbəti prosesi keçiriləcək. İyunun 30-da keçirilən ilk iclasda başqan müavini ilə bağlı verilən bütün vəsatətlər rədd edilmişdi.
Proses barədə müsavat.com-a məlumat verən başqan müavininin atası Raqif Kərimli bunları dedi: “Elə bir yenilik yoxdur. İyulun 14-də məhkəmədir. Telefonla Sirac və Fərəc əlaqə saxlayır. Elə də ciddi problemlər yoxdur. Əsas qəzet problemidir. Yalnız hökumət qəzetləri verirlər. Siracın “zon”da saxlanma şəraiti pis deyil. Deyir ki, təcridxanadan bura yaxşıdır. İstilərdən ciddi əziyyət çəkirlər. Xüsusilə, gecələr bərk isti olur”.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin vəkili Fəxrəddin Mehdiyev qarşıdan gələn Apelyasiya Məhkəməsi ilə bağlı danışdı: “Ayın 21-də şikayətlə bağlı müdafiə tərəfinin çıxışları olacaq. Eyni zamanda İntiqam Əliyevin çıxışı olacaq. Keçən prosesdə vəsatətlərimiz qəbul olunmadı. 21-də proses yekunlaşa bilər. Həmin prosesə qədər görüş planlaşdırıram. Səhhəti ilə bağlı yəqin ki, məsləhətləşmələrdən sonra müəyyən addımlar atacağıq”.
Müsavat başqanının həbsdəki müavinlərindən Tofiq Yaqublu ailəsi ilə telefonla əlaqə saxlayıb. Başqan müavini saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində küləkli havadan şikayətlənir. Vicdan məhbusunun qızı Nigar Yaqublu hər şeyin əvvəlki qaydada olduğunu bildirdi.
REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onun saxlanma şəraitinin normal olduğunu söylədi: “Yanvarın 13-dən Ali Məhkəmə təxirə salınan prosesdən hələ bir xəbər yoxdur. Hazırda hər şey qaydasındadır”.
Müsavat başqanının həbsdəki daha bir müavini Yadigar Sadıqovun ½ –lə bağlı apellyasiya şikayəti gecikdirilir. Başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah heç bir əsas olmadan məhkəmənin gecikdirildiyini bildirdi: “Keçən həftənin 4-cü günü apellyasiya şikayətinə baxılacağı ilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcəyini demişdilər. Amma köçürülmə yenə də baş vermədi. Şikayətə baxışla bağlı gecikmələr var. İndiyə qədər olan məhkəmələrində olan qanunsuzluqlar yenə də davam edir. Səhhəti ilə bağlı da heç bir dəyişik yoxdur. Saxlanma müəssisəsi insan həyatı üçün çox təhlükəlidir. Onun ürəyində ciddi problemlər var. Hazırda dərmanlar qəbul edir. İctimai siyasi vəziyyətlə daim maraqlanır. Özünün mövqeyini ictimaiyyətlə daim bölüşməyə imkan daxilində çalışır”.
NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov oğlu ilə icazə günlərində görüşdüyünü qeyd etdi: “10 gün bundan qabaq görüşmüşük. Bəzi problemləri var. Amma özü demək istəmir. Yaxın günlərdə görüşəcəyik. Ramazan bayramında əfv olacağına inanmıram. Hər bir inamı qəlbimizdə öldürdük”.
Cavanşir ABBASLI