İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saatlarla soyuqda avtobus gözləyirik, monitorlar niyə işləmir?” - Dayancaqlarda NARAZILIQ FOTO REPORTAJ

968 29.03.2022 18:05 Ölkə A A

Bir çox Avropa ölkəsində artıq uzun illərdi ki, nəqliyyat sektorunda sıxlığın, sistemsizliyin, ümumiyyətlə xaos vəziyyətin olmaması üçün dayanacaqlarda avtobus informasiya terminalları quraşdırılıb. Bu terminallar əsasən ictimai nəqliyyatın hərəkət istiqamətini müəyyənləşdirir. Həmin monitorlar vasitəsilə insanlar, avtobusların hərəkət qrafiki və onlar arasındakı interval haqda məlumatı asanlıqla əldə edə bilirlər. Bununla həm də əhalinin saatlarla dayanacaqlarda vaxt itirməsinin qarşısı alınır.   

Azərbaycanda da avtobus informasiya terminalları 2011-ci ildən demək olar ki, əksər dayanacaqlarda quraşdırılıb. Bu monitorların hər biri isə dövlət büdcəsinə təxminən 10 min manata başa gəlib. Yüz minlərlə vəsait xərclənən bu terminalalrın son dövrlər işlək vəziyyətdə olmaması ilə bağlı paytaxt sakinləri arasında narazılıqlar səngimək bilmir. Onlar bildirirlər ki, əsasən səhər və axşam saatlarında dayanacaqlarda böyük növbələr yaranır, avtobuslar gəlib çıxmır. Halbuki, bu monitorlar da məhz bu cür sıxlığın yaranmasının qarşısını almaqdan ötrü quraşdırılmışdı.

Bəs görəsən, dayanacaqların hamısında vəziyyət belədir? Heç bir terminal işləmirmi?

Musavat.com-un əməkdaşı olaraq paytaxtda bir neçə dayanacağa yollandıq və mövcud vəziyyəti öyrəndik.

İlk olaraq metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığındakı dayanacaqlara üz tutduq. Terminalların bəzilərinin ümumiyyətlə işləmir, hətta üstünü qalın bir toz basıb. Bəziləri isə təyinatı üzrə deyil, sadəcə reklam çarxları nümayiş olunurdu. Ümumiyyətlə, monitoru olmayan dayanacaqlar da var idi. Elçin Əliyev adlı paytaxt sakini bizimlə söhbətdə qeyd etdi ki, yarım saatdan çoxdur ki, 38 nömrəli avtobusu gözləyir: “Əvvəllər bu monitorlar vasitəsilə avtobusların harada olduğunu izləyə və neçə dəqiqəyə gəlib çatacağını görə bilirdik. Bu da bizim işimizi xeyli asanlaşdırırdı. İndi isə saatlarla soyuqda gözləyirik, işə gecikirik, rəhbərlik bizi danlayır. Ya avtobus problemini həll etsinlər.  Ya da monitorlar yenidən işləsin ki, əvvəlcədən planımızı qura bilək”.

Metronun “Neftçilər” stansiyasında da eyni vəziyyətlə qarşılaşdıq. Dayanacaqlardakı monitorları toz basıb, işləmir. Çox sayda insan dayanacaqda gözləyir...

Nərmin adlı paytaxt sakini əsəbi halda narazılığını bizə bildirdi: “Hər axşam belə zülm çəkirik. Bu vaxtlar beləcə sıxlıq olur. Avtobus neçə saata gəlir, onda da camaat az qala bir-birinin üstünə çıxa. Əgər bu monitorlar işləsəydi,  biz də avtobusların gecikəcəyini, yəni hərəkət etmə intervalında dəyişiklik olacağını əvvəlcədən bilərdik, burada saatlarla gözləmək əvəzinə başqa bir nəqliyyat vasitəsini seçərdik".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problemin həlli yolunda əməli işlər görülməyib.
 
Flora Əsgərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR