İnsanlara hürriyət, millətlərə istiqlal!

Saat əqrəbləri son dəfə tutuşduruldu - Azərbaycan Rusiyaya şərt qoydu

12023 28.08.2020 09:00 Siyasət A A

Nazirlərin qarşılıqlı səfərləri: “Lavrov planı” masa üzərinə qaytarılır? Şoyqu və Ceyhun Bayramovun Bakıdan Moskvaya apardıqları əsas mesaj - Kremlin cavabı nə olacaq?..

Azərbaycanın xarici işlər nazi Ceyhun Bayramovun Rusiyaya - ATƏT-in Minsk Qrupunun əsas həmsədri olan ölkəyə ilk səfəri başa çatdı. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə əsas müzakirə mövzusu, gözlənildiyi kimi, Dağlıq Qarabağ, erməni təcavüzü və təxribatları ilə bağlı oldu.

Xəbər verildiyi kimi, Azərbaycanın baş diplomatı erməni kökənli Lavrova Bakının imitasiya xətrinə deyil, real nəticəyə hesablanan danışıqlarda maraqlı olduğunu söyləyib. Açıq mətnlə bildirib ki, Azərbaycan bundan sonra mənasız danışıqlara vaxt itirmək, bununla da işğalçı tərəfin status-kvonu süni şəkildə uzatmaq siyasətinə yardımçı olmayacaq. Öz növbəsində S.Lavrov danışıqları davam etdirməyin və tezliklə Azərbaycan və Ermənistan baş diplomatlarının bir araya gəlməsinin vacibliyini bildirib.

*****

Azərbaycan XİN başçısı Moskvada ikən Rusiyanın Türk kökənli müdafiə naziri Sergey Şoyqu (atası tuvalı, anası rusdur, Tuva dili Altay türk dili qrupun daxildir) Bakıda idi. Burada o, prezident İlham Əliyevin qəbulunda oldu, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdü. Bəzi yadda qalan açıqlamalar verdi.

Məsələn, Zakir Həsənovla görüşdə Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərkən dedi ki, bu hərbi daşınmalar guya Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün yox, Rusiyanın Gümrüdəki hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası üçün nəzərdə tutulduğunu dedi. Ardınca xüsusi qeyd etdi ki, “Rusiya indiyədək Azərbaycan əleyhinə yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq”.

Lavrov-Bayramov görüşünün pərdəarxası: nələr gözlənilir? - ŞƏRH

Təbii ki, bu sözlər və verilən vəd onun öz adından deyildi. Rəsmi Moskvanın adından idi. Çünki Azərbaycanda məlum silah qalmaqalı ilə bağlı Rusiyaya çox ciddi bir narazılıq var. Bununla əlaqədar İlham Əliyev hətta Rusiya lideri Vladimir Pitinə telefon zəngi də etmişdi.

Bəs Şoyqunun ölkəsi adına izahatı rəsmi Bakını razı salacaqmı? Söyləmək çətindir. Buradaca Azərbaycan prezidentinin Rusiya müdafiə nazirini qəbul edərkən etdiyi çıxışında bir neçə məqam məxsusi diqqət çəkir.

Biri odur ki, adətən bu səviyyəli görüşlərdə İlham Əliyev daim Bakı-Moskva əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayır. Bu dəfə isə belə bir şey söyləmədi. Əksinə, İlham Əliyev bu yaxınlarda (13 avqust) Putinlə telefonla danışdığını Şoyqunun nəzərinə çatdırdı. Həmin zəngin motivi barədə isə yuxarıda yazdıq. Putinə telefonla danışdığı gün isə Azərbaycan rəhbəri Türkiyənin müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi yüksək səviyyəli hərbi nümayəndə heyətini Bakıda qəbul etmiş, müzakirələr olduqca səmimi atmosferdə keçmişdi. 

Azərbaycanda Türkiyə hərbi bazaları... düşməni “başa salmaq” zamanı

Bu jestlərdən çıxan nəticə odur ki, əgər özünü neytral vasitəçi kimi təqdim edən Rusiya yenə Azərbaycan ərazilərinin işğalını gözardı edib təcavüzkar Ermənistanı dəstəkləməyə, ona müasir hərbi sistemlər və silahlar verməyə davam edərsə, Azərbaycan üzünü bütünlüklə Türkiyəyə tuta, bizim 1 nömrəli silah tədarükşümüz isə artıq Rusiya deyil, qardaş ölkə ola bilır. Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması da öz yerində.

Əminik, cənab Şoyqu bu mesajı Moskvaya çatdıracaq. Ona görə ki, Azərbaycanın artıq işğalçıya Rusiya xətrinə dözmək, gözləmək limiti bitib. Eləcə də Ceyhun Bayramovun analoji ismarışı Moskvada Lavrova verdiyi dəqiqdir...          

*****

“Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında baş tutan görüşdə ən böyük fayda son zamanlar münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın və Rusiyanın son baxış bucaqlarının bir-birinə çatdırılması oldu”.

Zaur Məmmədov: “Taliban Əfqanıstanda böyük gücə malikdir”

“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Zaur Məmmədov Teleqraf.com-a bildirib. Onun sözlərinə görə, yeni xarici işlər nazirinin təyinatından sonra Azərbaycanın xarici siyasətindəki prioritetləri (onlardan biri də “hücum diplomatiyası”dır - A.X.) Lavrova aydın olub.

“Görüşdə Ceyhun Bayramov Lavrovun diqqətinə çatdırıb ki, Rusiyanın Tovuz təxribatından sonra bir neçə dəfə Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların bərpası təklifi o halda mümkündür ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Yeri gəlmişkən, Rusiya XİN rəhbəri ilə danışıqlardan sonra Lavrov erməni həmkarı Mnatsakanyana zəng edib. Görüş zamanı Lavrovun narahat olduğu, Azərbaycanın bundan sonrakı xarici siyasətindəki vurğular məsələsinə də aydınlıq gətirilib”, - deyə o qeyd edib.

Politoloq bildirib ki, Rusiya xarici işlər naziri mətbuat qarşısında çıxışı zamanı Türkiyənin Minsk Qrupunun həmsədr ölkəsi kimi danışıqlara cəlb edilməsini yolverilməz sayıb: “Buna baxmayaraq, düşünürəm ki, Lavrov Ceyhun Bayramovun Moskvaya münaqişənin nizamlanmasında yetərli səylər göstərmədikləri ilə bağlı iradını ciddi qəbul etdi. Yaxın həftələr ərzində yenidən ”Lavrov planı"nın Ermənistanda müzakirə predmeti olacağını istisna etmirəm. Digər yandan, Rusiya hərbi sənayesi bir neçə ildir ki, Azərbaycanla silah sazişinin imzalanmasını gözləyir. Azərbaycan isə bu məsələdə prinsipiallıq nümayiş etdirərək silah sazişi müqabilində bir neçə rayonun azad olunmasını istəyir və hələ ki, vaxtı uzadır".

*****

Başqa sözlə, Bakı tam haqlı olaraq Moskva qarşısında şərt qoyub: bundan sonra hərbi-texniki əməkdaşlığın dərinliyi Qarabağ məsələsində real irəliləyişdən asılı olacaq. 

Beləliklə, Bakı və Moskva saat əqrəblərini tutuşdurdu. Bəlkə də axırıncı dəfə. Bəs sonra nə olacaq? Konfliktin həllində nəhayət, dinamika baş verəcəkmi? “Qarabağ yükü” yerindən tərpədiləcəkmi? İmitasiyaya deyil, real nəticələrə hesablanmış sülh danışıqlarının şahidi olacağıqmı?

Sözsüz ki, qoyulan sualların hamısının cavabı rəsmi Moskvanın siyasi iradəsinə, problemin həllini istəməsinin nə dərəcədə səmimi olmasına bağlıdır. Rusiya hansı qərarı verəcək? Bir şey dəqiqdir ki, düşünmək və qərar vermək üçün çox az vaxt qalır. Müharibə qapıdadır...

Analitik xidmət,
“Yeni Müsavat”    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR