“Yeni Müsavat” Avropada yaşayan mühacirlərin müsahibə və həyat hekayələri ilə bağlı silsilə yazılarını davam etdirir. Bundan öncəki müsahibimiz olan Rüstəmxanlılar ailəsi oxuculardan gözləniləndən də artıq diqqət və reaksiya aldı. Əməkdaşımızın elektron ünvanına gələn məktublarda insanların həm də bu böyük ailənin hazırda yaşadığı şəhərlə bağlı sualları da çox oldu: Rüstəmxanlıların yaşadığı Viersen şəhəri Almaniyanın harasındadır? Necə şəhərdir? Fotolar istədilər, təfərrüatlar tələb etdilər. Biz də bu dəfəki yazımızda həm də oxucuların bu istəyini yerinə yetirdik.
Viersen şəhərinin əhalisi 76 360 nəfər, ərazisi isə 827.5 kv km-dir.
Berlindən 501, Kölndən 53, Düsseldolfdan 27, Hamburqdan 352, Frankfurtdan 206 kilometr məsafədə yerləşir. Təmizliyi, sakitliyi ilə göz oxşayır. Şəhər kiçik sayılsa da, insana verdiyi huzur nəyə desən dəyər. “Torqovı” küçəsini xatırladan mərkəzi, estetik heykəllər, kiçik bulaqları xatırladan estetik görüntülər, oradakı şıq kafelər, brend mağazalar...
Paytaxt və iri şəhər sakinlərindən fərqli olaraq, viersenlilər üçün həyat bir qədər ləngdir. Daha az sürətli və nisbətən rahat. Bu şəhərdə əsəbi və daim harasa tələsən insanları görə bilməzsən. Şəhər sakinləri daha çox velosipeddən istifadə edir. Buranın da qaydaları bəzi Avropa ölkələrində olduğu kimidir. Axşam saat 10-dan sonra evdə səs salmaq, yüksək səslə televizora baxmaq olmaz, uşaqla aqressiv davranmaq yolverilməzdir. Əks halda u.aq valideynindən müvafiq idarələrə şikayət edər və onu ailədən alıb, uşaq üçün növbə gözləyən ailələrə verə bilərlər. Bu ailə qeyri-ənənəvi cinsi orientasiyaya sahib olan cütlük də ola bilər.
KÖLNÜN MƏRKƏZİNDƏ “MASALLİNSKİ” KÖŞKÜ
Və...unutmadan... Biz Rüstəmxanlıların Viersen şəhəri ilə tanış olmadan öncə Frankfurtdan Kölnə gəlmişdik. Və orada olduğumuz qısa müddətdə diqqətimizi çəkən bir kiosk oldu. Kioskun üzərində isə “Mister Masallinski” sözləri. Türkel Rüstəmxanlının da yaxın dostu olan kiosk sahibi ilə qısa söhbətimizdə onun da maraqlı hekayəsinin şahidi oluruq. İlkin Masallinski adlı gənc 8 ildir ki, Kölnə gəlib: “Rus almanı ilə evlənmişəm, 2 uşağım var. Alman vətəndaşı ilə evlənənlərə avtomatik vətəndaşlıq verilir. Məndə də bu cür oldu. İnteqrasiyam sürətlə baş tutdu. Çünki azadlığı, azad yaşamağı sevirəm. Heç kim bura gəlib, alman ola bilməz. Amma əsas məsələ budur ki, seçilməyəsən. Dili biləndən sonra inteqrasiya eləmək asandır”.
Müsahibimizin sözlərinə görə, almanların da bir çox xaricilər kimi miqrantlardan cəmi bir xahişi olur: mane olma! İlkin deyir ki, bu, şəhərdə qoyulan qayda-qanunları pozmamaqla bağlıdır: “Yəni, əlilin yerində maşın saxlama. Burda əlillərin maşınlarını saxlamaq üçün xüsusi yerləri var. Küçələri zibilləmə, yol qaydalarına əməl et. Axşam saat 10-dan sonra musiqi dinləmə. Əgər onların dediyi qaydalarla yaşayırsansa və şəhərin düzənini pozmursansa heç kimin sənlə işi yoxdur. Almanın vaxtı yoxdur ki, xüsusi olaraq mühacir haqda düşünsün. Əgər mühacir hər hansı neqativ hərəkət edirsə, bu halda onun diqqətini və antipatiyasını qazana bilər”.
AVROPANIN GÖZ BƏBƏYİ – SÜRƏT QATARLARI
Viersen şəhərindəki səfərimizi yekunlaşdırandan sonra Hollandiya yolları bizi gözləyir. Və ilk dayanacağımız da “Yeni Müsavat”ın keçmiş əməkdaşları Kamal Qasımov və Vəfa Qasımovanın evi. Ora getmək üçünsə Avropanın komfortlu nəqliyyat vasitəsi olan sürət qatarı.
Arayış üçün deyək ki, adətən saatda 140 kilometrlə hərəkət edən qatarları sürət qatarları hesab edirlər. Saatda 200-dən çox sürətlə hərəkət edənlər isə yüksək sürətli qatarlar hesab olunur.. Almaniyada sürət qatarlarına bilet məsafədən asılı olaraq dəyişir. Məsələn, biz Viersendən Venloya, ordan da Bredaya gedirdik. Biletin qiyməti 22 avroya başa gəldi. Salonun təmizliyi, komfortlu oturacaqlar da öz yerində.
Almanların qısa məsafələr üçün favoriti velosipeddir. Pedal çevirməkdə çətinlik çəkənlər elektrikli velosipedi seçə bilərlər. Elektrikli velosipedlər uzun məsafələr üçün idealdır.
Amma Viersendə olduğum müddətdə almanların maraqlı bir yol yoldaşlığı prinsipini də gördüm. Hesab edək ki, kimsə Kölndən Leypsiqə avtomobillə təkbaşına getməyi darıxdırıcı hesab edir. Buna görə də özünə yol yoldaşı axtarır. Bunun adına "Carsharing", yəni avtomobil paylaşması deyirlər. Birdən çox adamla avtomobili paylaşma sistemindən faydalanmaq üçün kiçik bir şərtin yerinə yetirilməsi və səfər sığortası edilməsi lazımdır. Bununla əlaqədar bütün məlumat və müqavilələr internet vasitəsilə asanca həll edilir.
Sevinc TELMANQIZI
Köln-Viersen, Almaniya
REPORTAJA DAİR DAHA BİR NEÇƏ FOTONU DA TƏQDİM EDİRİK: