İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəmxanlılar Almaniyada... – gözlənilməz mühacirətin şok sirri

27391 02.05.2015 22:18 Reportaj A A














Öncə reportajdan önəmli cümlələr. Bunları reportajı bitirəndən sonra, bir daha da təkrarən oxumanızı istərdik: 


 Əlövsət Əliyev“Bacı-qardaşlarımı çağırdılar, ifadə aldılar, ailəmi ölkədən çıxmağa qoymadılar...”; “Biz gəlməmişik ki, burda kənd salaq... Geri qayıdacağıq...”

 Əlövsət Əliyev: “... Qırmızı Körpü sərhəd buraxılış məntəqəsinə qədər getdim. Lakin məlum oldu ki ölkəyə girəcəyim halda saxlanılacağam; Nərimanov məhkəməsi barəmdə axtarış elan edibmiş”

 Türkel Rüstəmxanlı: “Bəziləri elə bilir ki, mən NİDA-çıyam, statusu da NİDA-ya görə almışam. Amma bu, belə deyil. Mən indi NİDA-ya üzv olmağı düşünürəm”


Türkel Rüstəmxanlı: “Bəzi “qohumlar” hətta, facebookdan məni blok ediblər, “bu adamlar bizim dövlətçiliyimizə təhlükədir” deyirdilər” 


Əlövsət Əliyev: “ Cənubi Azərbaycan adı ilə status almağa çalışırlar. Amma intervü vaxtı fars dilində danışdırırlar, onlar da bu dili bilmədiyi üçün yalanları üzə çıxır” 

Əlövsət Əliyev: “...Ailə üzvləri də üstünə gəlir ki, icazə ver, biz rahat yaşayaq. Hiss edəndə ki, mənim burda qalmağım heç nəyi dəyişməyəcək, onda artıq qərarını verirsən. Tutulmadan qohumlarını problemdən çıxarırsansa ən azı özünə görə sakit olursan” 






Əslində İsveçrə səfəri yeni başlayanda ondan məktub aldım. “Biz tərəflərə gələcəksizmi?”, -  deyə... Siz tərəf? Siz hardasız ki? Məlum oldu ki, ictimai sektorun gənc tanınmışlarından biri olan Türkel Rüstəmxanlı da Almaniyadadır. Viersen şəhərində. Özü də təkcə özü və ailəsi yox. Valideynləri, bacı-qardaşı da Almaniyadadır, onlardan bir qədər aralıda yaşayırlar. Necə deyərlər, Rüstəmxanlılar Almaniyada...

Musavat.com-dan: Reportajın qəhrəmanı olan ailənin başçısı Əlövsət Əliyev ölkəmizdə kifayət qədər tanınır. Lakin mümkündür ki, oxuculardan bəziləri onu tanıya bilməsinlər. Belələri üçün arayış olaraq yazırıq ki, soyadı fərqli olsa da, Ə. Əliyev VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.  

**** 

Frankfurtdakı səfərimizi yekunlaşdırıb, gəlirik Kölnə, ordan da Viersenə. Gecə saat 2-ni göstərəndə çatırıq Rüstəmxanlının evinə. Yaşıllıqların içində, sakit bir küçədə, 3 nəfərlik bu ailənin qonağı oluruq.
 
Səhər açılır, evin şuluq qızı, yaş yarımlıq Esmanur oyanır öncə. Qonaq görür, Azərbaycan dilində danışıqlar eşidir, gözünün içi gülür. Hələlik bağçaya getmir. Ailə bağça növbəsi gözlədiyi üçün bu balaca da ərköyün ev qızı olub. 


Esmanurun anası, evin xanımı Sevinc də hələlik dil kursuna qatılmır. Bütün gününü uşağa ayırır. Amma qayınatası və qayınanası kursa başlayıblar, inteqrasiya tam sürətlə gedir, almanların həyat tərzini, xüsusiyyətlərini artıq mənimsəyiblər. Bu haqda müsahibədə...

Günorta saatlarında Viersenin mərkəzi küçələrindən birində vədələşirik. Əlövsət bəy və xanımı kursdan yenicə çıxıblar, şəhərdəki kafelərdən birində buluşuruq:  


-Əlövsət bəy, necə oldu bura gəlişiniz? Öncə səhhət problemi dedilər, sonra QHT problemi... Əsas səbəb nə oldu? 

-Mən 2014-cü ilin Novruzunda gəldim bura. Bayramı həmin vaxt burda olan oğlum Türkellə  keçirdik. Ailəlikcə gəlmişdik. Belimdə ağrılar olduğu üçün burada həkimə yazılmışdım...  Bakıya qayıdandan sonra Türkel zəng vurdu. Aprelin 16-sı idi. Dedi ki, təcili gəl, həkim səni qəbul edəcək. Tez və ucuz olmaq üçün Moskvaya gəldim, oradan da bura – Viersen şəhərinə . İki illik vizam var idi. Həkim qəbul etdi, müalicə yazdı. Müalicəyə görə iki ay Almaniyada qalmalı və müalicə almalı idim.  Ölkədən çıxandan sonra mənimlə bağlı baş verənlər qayıtmamağıma səbəb oldu. 

-Elə biz də həmin səbəblər barədə danışmaq istəyirdik... 

-Burda müalicə aldığım zaman  evə zəng vurdum. Dedilər ki, polislər məni axtarır dalımca evə  gəliblər. Polis əməkdaşları özlərini Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Başqa kanallarla öyrəndim ki, barəmdə cinayət işi qaldırılıb. Mənim çevrəmdən olan iki nəfəri tutdular. Onlardan biri bu yaxınlarda  azad edildi. İkincisi, o vaxtdan bir il keçməsinə baxmayaraq  hələ də ibtidai istintaq davam edir, insanlar isə hələ də həbsdə saxlanılır. Daha sonra bəlli oldu  ki, uşaqlarımın ölkədən çıxışına qadağa qoyublar. Qardaşlarımı və bacılarımı istintaqa çağırıb ifadə alırlar ki, Əlövsət Əliyev haradadır? Əslində buna ehtiyac yox idi; çünki mən dövlət sərhədindən keçərək ölkəni tərk etmişəm və bu barədə məlumat bazasında informasiya  var. 


-Barənizdə açılan cinayət işi nə ilə bağlıdır? Məlum QHT işi? 

- Əslində bu mənim QHT fəaliyyətim ilə bağlı idi. Çünki buna qədər rəhbəri olduğum QHT-ni humanitar təşkilatların siyahısından çıxartdılar, daha sonra heç bir əsas olmadan 500 manat cərimə etdilər, daha sonra Ədliyyə Nazirliyi donorla aramızda olan müqaviləni qeydiyyata almadı, bu da onun davamı idi. Hətta hesabımızda olan pulları götürə bilmədik. İşçilər 6 aydan artıq müddətdə əmək haqqı almadan çalışdılar. Bunlar məni QHT kimi fəaliyyətimə olan hücumlar idi. Lakin başladılmış cinayət işinin detalları mənə indi də bəlli  deyil. Ümumi məlumatım var. İşlədiyim zaman hər gün  mənim yanıma miqrasiya sahəsində məsləhət almaq ucun çoxlu insanlar gəlirdi. 

QHT-nin iş prinsipindən biri də müraciət etmiş şəxsə layihə çərçivəsində ödənişsiz məsləhət vermək və onun haqqında məlumatları gizli saxlamaqdan ibarətdir.  Bir dəfə də bir  xanım gəlmişdi. Əvvəllər onun bacısına və qardaşına da məsləhət vermişdim. Onun istəyinə uyğun olaraq  xaricdən necə qaçqın statusu ala biləcəyi haqqında məsləhət vermişdim. Müraciət edənlərə məsləhət vermək  mənim işimdi, ona xəyanət edə bilmərəm. Bu yüksək rütbəli məmurlardan birinin keçmiş xanımı idi və məndən məsləhət alandan sonra uşaqlarını götürüb getmişdi xaricə. DİN rəhbərliyi isə məni ittiham edir ki, mən həmin xanımın istəyi  haqqında xanımın  keçmiş ərinə məlumat verməli idim.  Məlumat verməmişəmsə cinayət etmişəm. İdi də deyirlər o xanımı  və uşaqları qaytarım sonra isə ölkəyə qayıdım. Çünki o xanım mənə güvənirdi. Onunla özünün qardaşı, bacısı vasitəsilə tanış idim. Məndən tələb ediləni, yəni, o xanımı ölkəyə qayıtmağı təmin etsəydim, ya da gedib onu Azərbaycana  gətirsəydim, öz işimə xəyanət etmiş olacaqdım. O xanım mənə müraciət edəndə  sənədlər təqdim etdi ki, keçmiş əri onu ruhi-əsəb xəstəlikləri dispanserinə  saldırmaq və uşaqları almaq istəyir.  Mən bir çox vəzifəli şəxslərə zəng vurdum bu məsələ ilə bağlı. Mənim haqqımda niyə cinayət işi başlanmasını niyə axtarışa verilməyimin  səbəblərimi soruşdum, lakin cavab verən olmadı. Hətta Bakıya qayıtmağa qərar verdim, düşündüm ki bəlkə deyilənlər yalandır və Gürcüstana qayıtdım.  Qırmızı Körpü sərhəd buraxılış məntəqəsinə qədər getdim. Lakin məlum oldu ki ölkəyə girəcəyim halda saxlanılacağam. Çünki Nərimanov məhkəməsi barəmdə axtarış elan edib. Odur ki yenidən geriyə qayıtmalı oldum. 


-Bu hekayəni bilmirdim düzü... Mənimçün yenilik oldu. 

-Hərə bir şey danışır. Mənim QHT-mi dəfələrlə yoxladılar. Lakin əsaslı şeylər tapa bilmədilər. Sonra isə  bu xanımla bağlı məsələyə görə cinayət işi başlamalı oldular. Halbuki onun ölkədən getməsi ilə mənim əlaqəm yoxdur və olmayıb. O xanım Gürcüstandan mənə zəng edib dedi ki, “gəlmişəm bura, Siz mənə hüququ yardım göstərmisiz. Bunu təsdiq etməyinizi xahiş edirəm.”  Məndən arayış istədi. Mən də ona bu barədə arayış da göndərdim.  Bunu etməsəydim, gördüyüm işə xəyanət etmiş olardım. Çox sevinirəm ki, bunu etmişəm.  

- Bu yaşda mühacirət, yeni həyat, yeni mərhələ... Çətin olmadı bütün bunlar? 

- Mühacirət ona görə baş vermir ki, insan qorxur. İnsan bəzən tükdən asılı olur. İstəyirsən ki, dostların tərəfindən müdafiə olunasan. Bu zaman  ailə üzvləri də üstünə gəlir ki, icazə ver, biz rahat yaşayaq. Hiss edəndə ki, mənim burda qalmağım heç nəyi dəyişməyəcək, onda artıq qərarını verirsən. Tutulmadan qohumlarını problemdən çıxarırsansa ən azı özünə görə sakit olursan. Mən ölkədən çıxandan sonra mənim xanımıma ölkədən çıxmağa mane olmaq istəyirlərsə... düşünürsən ki, doğrudanmı burada qalmağın mənası var? İnteqrasiya olunmaq, bu yaşda dil öyrənmək , iş tapmaq çətindir. Hər halda, ömür boyu arı kimi işləmişik. Arı kimi hər şeyi qurmuşuq, sonra da hər şeyi atıb getmişik. Mənim yaşda olan insanların Azərbaycanda mənəvi borcu var. Bunu mühacirət qərarı ilə qaytarmaq olmur. Ölkənin demokratikləşməsinə, qanunun aliliyinin təmin  olmasına çalışmalı, onun siyasi həyatına müsbət təsir etməlisən. Özümü bu baxımdan narahat hiss edirəm. İndi ölkədə olmadıgımdan özümü bir qədər aşağılanmış hiss edirəm. Bu mənəvi borcu ödəməkdənsə, onu yerinə yetirə bilməmək... ağırdır. İnteqrasiya bitəndən sonra burada azərbaycanlıların təşkilatlanmasına çalışacam. Bu yaşda insan özünü ifadə edə bilmirsə, bu da adamı sıxır. 50 il işlə, qur, yarat, sonra başqa ölkədə hər şeyi sıfırdan başla. Dil problemimiz imkan vermir ki, tam cəmiyyətə inteqrasiya olunaq. 


Türkel Rüstəmxanlı:  

- 2013-cü ilin oktyabrın 31-də yoldaşımla Bakıdan çıxdıq, gəldik İstanbula. İstanbuldan birbaşa Kölnə düşmüşəm. Ayın 31-də artıq burdaydıq. Alman vizası ilə gəlmişəm. Səbəb seçki ərəfəsində fəaliyyətim, seçkilər günü baş verən proseslər və dostlar,  qohumlar tərəfindən olan  davamlı təzyiqlər oldu. Bir əmim oğlu özünə ev tikirdi. O mənə zəng etdi ki, ev tikmək üçün verilən sənədləri ləğv elədilər və bunu da sənə görə elədilər. Sonra bank sektorundakı iş yerimdə problemlər başlandı. Seçkilərdən dərhal sonra təzyiqlər gücləndi...  Biləndə ki sənə görə və sənin fəaliyyətinə görə qohumlar və dostlara davamlı təzyiqlər mövcuddur və özünü də dəyişə bilmirsən onda ölkədən çıxmaqdan başqa yolun qalmır. Hər siyasi aksiyadan sonra işdə olan münasibət, qohumların münasibəti dəyişməsinin şahidi olmaq insana dözülməz acılar yaşadırdı. Qohumlar bütün uğursuzluqlarını sənin fəaliyyətinlə bağlayır və bəzi az qalırsan ki, dəli olasan. Təbii ki bu təzyiq yəqin ki ölkədə bütün insanlara münasibətdə  mövcuddur və buna dözən dostlara həsəd aparıram. 
Ə.Əliyev: 

-Məncə insanlar  cinayət işindən, müvəqqəti həbslərdən və s. kimi hallarda  bu qədər   qorxmazlar. Əgər dostların və  yaxınların davamlı danlaqlar və basqıları, “balalarının çörək puluna görə” səndən üz çevirmələri kimi hallar olmasa. 

T.Rüstəmxanlı: 

- Bəzi “qohumlar” hətta, facebookdan məni blok ediblər, “bu adamlar bizim dövlətçiliyimizə təhlükədir” deyirdilər. Ən pisi odur ki bu insanların əksəriyyəti dövlətçiliklə hakimiyyətin fərqini bilməyən insanlardır. Bu şeyləri göz qabağına gətirib düşünürsən ki, biz sizlərə görə bu yoldayıq, biz ölkədə müəyyən insanların uşaqlarının deyil hamının təminatlı yaşaması üçün  mübarizə aparırıq. Amma siz də deyirsiz ki, filan statusu sil, səni də tanımıram......... nə isə hər şeyi demək olmur harada olsaq belə...

- Türkel bəy, gəldiz bura... Sonra nələr baş verdi? Mərhələ-mərhələ... 
 
-Kölndə təslim olduq polisə. Pasportlarımızı təhvil verdik.  İki gün sonra miqrasiya idarəsinin düşərgəsinə getdik. Orda  2 gün qalandan sonra Dortmunta gəldik. Bir gecə bərbad bir yerdə qaldıq. Təsəvvür edin ki, bir otaqda 6 nəfər adam qalırdıq. Ümumi mərtəbənin bir əl-üz yuması vardı. Yeməyə növbə, hər gün axşam döşək ağını götürürdük. Gün ərzində heç yerə çıxmaq olmazdı. Məqsəd də o idi ki, gələn miqrant psixoloji gərginlik keçirib qayıtsın. Sonra bizi Bilefeld şəhərinə göndərdilər. Bir həftə orda qaldıq. Orda da Ermənistandan olan  kürdlərlə qalırdıq. Eyni şərait orda da hökm sürürdü. Ondan sonra başqa bir  düşərgəyə göndərdilər. 11 binadan ibarət böyük bir düşərgə idi. İçəridə hər millətdən və hər ölkədən adamlar var idi. Bəzi otaqlarda 25-30 nəfər qalırdı. İki ailə bir otaqda qaldıq, 2 həftə burda qaldıq. Buranın vəziyyəti isə ilkin sadaladıqlarımdan daha betər idi. 50 nəfərə bir hamam, tualet və əlüzyuyan vardı. Oğurluq halları da vardı. 

Sevinc Məmmədova: 

-Hər bir düşərgənin 70 faizi roman tayfalarından ibarət idi. Mən o günlərdə hamilə idim. Doğrudur, təmiz deyildi ətraf, gigiyenadan söhbət gedə bilməzdi. Ətrafımızı təmiz saxlayırdıq filan. Düşünürdüm ki, tez keçəcək, sonra hər şey yaxşı olacaq. Bilməzdim ki, bu qədər çətinliyimiz olacaq. 3 həftə çəkdi o dözülməz şərait. Bundan sonra biz bu şəhərə gəldik. 12 kvadratlıq bir otaq idi. 4 ailəyə bir hamam-tualet idi. Tələbə yataqxanası kimi. Oranı istədiyimiz kimi idarə edirdik. Orda elə bir problemimiz yoxdur. Gələndən 2 ay sonra qızım Əsmanur dünyaya gəldi. Yeni il gecəsi. Əlövsət bəy də gəldi, nəvəsini gördü. Burada birinci növbədə uşaq, sonra qadındır. Hamilə qadın isə ən yüksək zirvədədir. İlk 3 həftədə iki dəfə həkimdə olduq. Analizləri götürdülər, normal həkimə göndərmişdilər. Bu şəhərə köçəndən sonra həkimə getdim. Uşağın doğulmasına qədər, hər həftə həkimə gedirdim. 

-Bir az yaşam şərtlərindən, sosial güzəştlərdən danışaq... Necədir durumunuz?  

T.Rüstəmxanlıa: 

-Almaniya sosial dövlətdir. Almaniyada məskunlaşan hər bir şəxs dövlət tərəfindən himayə olunur. Gəldiyin gündən minimum xərcləri ödəyir və müvəqqəti yaşayış yeri ilə  təmin edirlər. İlk zamanlar hər  15 gündən bir müəyyən ödəniş də edirlər.  Status alandan sonra isə təcilli dil öyrədir və işlə təmin etməyə çalışırlar ki,  dövlətin himayəsindən çıxasan və dövlətə müvafiq vergiləri ödəyə biləsən. Harada yaşamağından asılı olmayaraq həmişə həkim nəzarətində olursan. 

S.Məmmədova: 

-Burada bizə həkimlər pulsuzdur. Uşaq olanda 3 gün xəstəxanada qaldıq. Peyvəndlər pulsuz idi. Daha sonra evə çıxdıq, bizə tibb bacısı verdilər. Rus qadını vardı, o gəldi. Sosial idarənin nəzdində idik. Pul məsələdə problemimiz yox idi. Halbuki burda yerlilər üçün peyvəndlər çox bahadır. 

-Esmanur bağçaya getmir? 

-Esmanur 1 yaş 4 aylıqdır. Bağçaya yazdırmışıq, növbəmizi gözləyirik, yayda gedəcək. Biz istəyirik ki, uşaq tez bağçaya getsin ki, mən də kursa başlayım. 

-Hal-hazırda evdən kursa kimlər gedir? 

T.Rüstəmxanlı: 

-Mən, atam, anam və qardaşım Orman. Bacım isə 10 yaşındadır, məktəbə gedir. 

-Əlövsət bəy, kursda oxumaq necədir? Orda həmyaşıdlarınız çoxdur, ya sizdən kiçiklər? 


Ə.Əliyev: 

-Bütün miqrantarı eyni yerə göndərmirlər. Dil kursları daha çox yaşa uyğun təşkil edilir.  Biz kursa həmyaşıdlarımızla gedirik. Kurs yoldaşlarım arasında yaşa görə 6-7-ci yerdəyəm. Onların arasında siyasi fəaliyyətlə məşğul olanlar da var. Öyrənmək heç vaxt gec deyil. Mən oxumaqdan və öyrənməkdən zövq alıram. Həm də bu yaşda xanımımla sinif və parta yoldaşıyıq. Azərbaycanlıların “Qırxında öyrənən gorunda çalar” misalı  məncə  yaşlıları ruhdan salmağa deyil, gəncləri ruhlandırmağa istiqamətlənmiş bir misaldır ki, gəclər vaxtında elm öyrənsinlər. Aramizda 30 yaşı olanlar da  var.  Amma əminəm ki bizim nəticələr qrupdakı gənclərdən daha yüksək olacaq. 

-Lətifə xanım, sizin durumunuz lap çətin olmalıdır. Siz oğlunuz, həyat yoldaşınız Almaniyada olanda Bakıda idiz və üstəgəl bəzi təzyiqlər... Çətin olmadı, bura gəlməyə qərar verməniz, sonra yaşananlar? 

Lətifə Əliyeva: 

-Türkel də, Sevinc də, nəvəm də, Əlövsət də burda idi. Həmin vaxt Orman əsgərlikdə idi. Mən Fatimə ilə evdə idim.  Stresslər məni yıxmadı. Mənə ən rahatı odur ki, Əlövsət azaddır, uşaqlarım sağ-salamatdır, yanımdadır. Əzilmədim, qırılmadım. Əlövsət hansısa çətinliyə düşsə, mən hər zaman onunla birgə addımlayaram. Mənə heç nə çətin olmadı, çünki ailəm, uşağım önəmlidir. Əlövsət olmadığı müddətdə  daim qohumların və doğmaların əhatəsində oldum. Polislər evə çox gəldiyi zaman qohumların dəstəyi ilə müvəqqəti yaşayış yerimi dəyişdim. Rayonların birində yaşayan qohum evində müvəqqəti qaldım.  Daha sonra  Orman əsgərlikdən qayıtdı. Biz də əvvəl Tiflisə, sonra isə Almaniyaya gəldik. Tək olduğum zaman qohumlardan gördüyüm dəstək üçün onların hər birinə bir daha çox minnətdarlıq edirəm. Ölkədən çıxmağımda bir az problemlər yaransa da, bu problemi də yoluna qoya bildik və ölkədən çıxmağa nail olduq.  

-Adətən evin xanımları radikal addımlar atan həyat yoldaşlarını yumşaltmağa, onu bu yoldan döndərməyə çalışırlar. Əlövsət bəy sərt çıxışlar edəndə siz onu bu yoldan döndərməyə çalışırdız? 

L.Əliyeva: 

-Nə oğlumu, nə həyat yoldaşımı heç vaxt yumşaltmaq istəməmişəm. Hər kəs öz ömrünü yaşayır. Biz Lənkəran və Lerikdə işlədiyimiz zamanlarda daha çətin günlər yaşamışıq. 1991-1993 illərdə cənub bölgəsində baş verənlərin içərisində olmuşuq. Onda da eyni gərginlikləri Əlövsətlə birgə yaşamışdım. Əlövsət hara gedibsə, onunla olmuşam. Yəqin sonrası da belə olacaq. Bunu hər zaman demişəm. 

Ə.Əliyev: 

- Azərbaycanda hamı mənim haqqımda hər şeyi yaxşı deməyə, düşünməyə borclu deyil. Kim necə istəyir, elə də düşünsün. Mən görməli olduğum işi görmüşəm və buna çox sevinirəm. 

-Müşahidələriniz necədir, azərbaycanlılar burda asan inteqrasiya olunurlar? 

T.Rüstəmxanlı: 

-Azərbaycanlıların inteqrasiyası çox çətindir. Almaniyada hamiya tətbiq olunan inteqrasiya proqramları mövcuddur. O prosesləri hami keçməlidir. Kim özünü düzgün təqdim edirsə, saxta sənədlər təqdim etmirsə, pasportlarını və vizalarını təqdim edirsə və ölkədə problemi olduğunu sübut edirsə, onlara həmin inteqrasiya proqramları daha tez tətbiq olunur. İnteqrasiya kurslarına cəlb olunursan, siyasətdən imtahan verirsən və qısa müddətdə işləməyə icazə alırsan. Daha sonra isə vətəndaşlıq alırsan və inteqrasiya prosesləri bununla da başa çatır. 

S. Məmmədova: 
 
-Bəzi insanlar isə  heç özləri inteqrasiya olunmaq istəmirlər. Daha çox öz çevrələri, öz azərbaycanlı dostları ilə ünsiyyətdə olmağa, qonşuluqda yaşamağa, hər zaman Azərbaycan dilində danışmağa  üstünlük verirlər. 

Ə.Əliyev: 

- Bəzən düşünürəm ki, insanlar inteqrasiya olunmaqdan çox, Azərbaycandan kənarda olmağı xoşbəxtlik hesab edir və bu müddəti uzatmağa çalışırlar.  Xaricə gedən hər kəs ilk olaraq özü üçün inteqrasiya planı hazırlamalı və buna ən qısa zamanda nail olmağa çalışmalıdır. Normal insan  sosial yardımla  yaşamalı deyil. Amma təəssüf ki məhz sosial yardım almaq üçün gələnlər və bununla kifayətlənənlər də var. Bu inkişaf yolu deyil.
 
Azərbaycan hökuməti kifayət qədər pul qoyur ki, diaspora təşkilatları inkişaf etsin. İnteqrasiya olunmayan, yaşadığı ölkənin siyasi, iqtisadi və ya sosial həyatına müdaxilə etmək gücündə olmayan insanlar necə güclü diaspora təşkilatı  yarada və ya inkişaf etdirə bilər. Bu sadəcə ağlabatan deyil. Azərbaycan məncə Diaspora siyasətinə yenidən baxmalı xaricdə yaşayanlar, yaşadığı ölkədə inteqrasiya prosesini başa vurmuşlarla daha çox işləməlidir. Azərbaycandan bir qrup toplamaq və ara-sira iclaslar keçirmək diaspora təşkilatlarının formalaşması deyil.

Eyni zamanda istənilən səbəbə görə xaricə yaşamağa gedənlər mütləq mütəxəssislərdən məsləhət almalıdırlar. Adını dəyişməklə, yalançı siyasətçiliklə, milli mənsubiyyətlərini dəyişməklə, erməni adı ilə, qarşılıq ailə adı ilə,   cənubi azərbaycanlı adı ilə gələnlər yanılırlar və uzun illər qeyri müəyyən vəziyyətdə yaşamalı olacaqlar. 

T.Rüstəmxanlı: 

- Cənubi Azərbaycan adı ilə status almağa çalışırlar. Amma intervü vaxtı fars dilində danışdırırlar, onlar da bu dili bilmədiyi üçün yalanları üzə çıxır. 


-Əlövsət bəy, siz Azərbaycanda Miqrasiya Mərkəzinin rəhbəri idiz uzun illər. Və indi özünüz miqrat həyatı yaşayırsınız... Taleyin ironiyası kimidir elə bil ki... 

Ə.Əliyev: 

-Mənimçün heç bir problem olmadı. Müraciətdən 1 ay keçmədi ki, daimi yaşamaq icazəsi  aldım, Azərbaycan  pasportunu qaytardılar. Ailə birləşməsi ilə bağlı proseduru da etdilər. Xanımım, qızım və oğlum Gürcüstanda olduqları müddətdə status  alıb yanıma  gəldilər. 

T.Rüstəmxanlı: 

- Bizim ailədə siyasi status almış bir mənəm. Atamda da, anam, bacım və qardaşım da daimi yaşamaq hüququ alıblar. İstədikləri vaxt Azərbaycana gedə bilərlər. Mən, yoldaşım və qızım isə hələ ki, qayıtmağı düşünmürük. 

Ə.Əliyev: 

-Yaxşı olar ki,  Azərbaycandan gələn hər kəs  düzgün müsahibə versin, olan problemlərini danışsın.  Ölkədə onsuz da çoxlu problemlər var. Turist firmaları insanları aldadır və insanlar çox ağır vəziyyətdə yaşamalı olurlar.   Yaxşı olar ki insanlar  özlərini öz ad-soyadları ilə təqdim etsinlər. Əfsanələr uydurmaq lazım deyil. Baş verənləri olduğu kimi danışmaq lazımdır. 


-Rüstəmxanlılar böyük nəsildir. Sizdən sonra başqaları da gələ bilərmi mühacirətə? 

Ə.Əliyev: 

-Biz bura gəlməmişik ki, burda kənd salaq. Yəqin ki, problemlər bitən kimi qayıdacağıq. Bunun tez bir zamanda olacağına əminəm. Təbii ki uşaqlar özləri qərara verəcəklər. 

T.Rüstəmxanlı: 

-Qayıtmaq çətin olacaq. Bəziləri elə bilir ki, mən NİDA-çıyam, statusu da NİDA-ya görə almışam. Amma bu, belə deyil. Mən indi NİDA-ya üzv olmağı düşünürəm.  Sizə bir məqamı deyim. Mən Azərbaycanda olsaydım, burdakı qədər Esmanura, özümə vaxt ayıra, dil öyrənə bilməyəcəkdim. Bu ilin sonuna alman dilini bitirəcəyəm. Sonra isə daha ciddi planlarım var.

 
Ə.Əliyev: 

Almaniya sosial dövlətdir, burada hər şey insanlar üçün hətta işsiz insanlar üçün əlçatandır. Hətta vətəndaşlığından aslı olmayaraq hami üçün idman zalları, üzgüçülük hovuzları, tibb məntəqələri, istənilən vəzifəli şəxslə ən qısa müddətdə görüşmək imkanları əlçatandır. Azərbaycanda da  nə zamansa  belə olacagına ümid edirik.  



Sevinc Telmanqızı, Almaniya, Viersen


Musavat.com müxbirimizin çəkdiyi bir neçə fotonu da dərc edir:


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR