İnsanlara hürriyət, millətlərə istiqlal!

RÜSTƏM İBRAHİMBƏYOVUN QIŞ TƏTİLİ

1041 28.02.2013 09:46 Yazarlar A A
Son bir neçə ildə ərəb ölkələrində baş verən inqilablardan sonra biriləri ilhamlanmışdılar. Uzun illərdir səs-səmirini çıxarmayan, həlledici məqamlarda isə rejimin yanında olan adamlar qəfildən radikallaşmışdılar. Hətta o şəkildə ki, az qala əsl müxalifəti, onların mübarizəsini də bəyənmirdilər. Əlbəttə, yeni gələnin “köhnə bazara nırx qoyması” tendensiyası ta qədimlərdən mövcuddur. Amma əlahəzrət zaman məsələlərə artıq aydınlıq gətirməyə başlayıb...
Rüstəm İbrahimbəyov da son illər hökuməti yıxıb-sürüyür. Onun gözlənilmədən bu cür aktivləşməsi çoxlarına təəccüblü gəlmişdi və müxtəlif yanaşmalar vardı. Bir qədər dərinlikləri bilən adamlar isə deyirdi ki, Rüstəm müəllimin qanını heç də xalqın günü-güzəranı qaraltmayıb, sadəcə hökumət onun da maraqlarına toxunub deyə belə edir. Mübahisəli məsələdir, həm də insan əlbəttə ki, onun özünə toxunan nəsə bir iş baş verdikdə, daha aqressiv olur. Amma indi təsdiq olunur ki, mübarizə meydanı heç də təsadüfi, xalq zillətdə ikən, kef-damaqda yaşayanlar üçün deyil. Neçə vaxtdır xaricdə olan Rüstəm İbrahimbəyovun “Mediaforum” saytına verdiyi müsahibəsini oxuyanda, üzümdə bir sarkastik ifadə meydana gəldi. Diqqət edin: “...Vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır. Amma onu deyim ki, bu yaşımda belə qanunsuz, əsassız, mənasız işlərə qarışmaq, buna vaxt ayırmaq niyyətim yoxdur. Axı heç buna ehtiyac da yoxdur. Çünki mənim əsas işim ictimai-siyasi fəaliyyət deyil, yaradıcılıq məsələləridir. İctimai-siyasi işlərlə bir vətəndaş kimi məşğul oluram. Başqa sahələrdə xeyli işim var. Böyük problemləri həll edirəm və etməliyəm. Azərbaycana ona görə gəlirdim ki, ora mənim vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm”
“Əgər sizə cinayət işi açılsa və həbs edilmək təhlükəniz real olsa, buna baxmayaraq Azərbaycana qayıdacaqsınızmı”, sualına isə o, belə cavab verib: “Mən bəyəm dəliyəm? Normal insanam və hər şeyi aydın görürəm. Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu daha da artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi hər zaman bildirirəm və bundan sonra da bildirəcəm. Deyirəm ki, Azərbaycanda yaranmış vəziyyət dözülməz hal alıb, insanlar buna dözməməlidir və vəziyyəti dəyişdirməlidirlər. Bunu mütləq etmək lazımdır... Azərbaycanda hakimiyyət zəbt olunub, ölkə tamamilə qanunsuz yollarla idarə edilir. İndi könüllü gedib özümü onlara təslim etməliyəm ki, məni türməyə basın? Mən bunu etməyəcəm. Onlara təslim olmaq niyyətim yoxdur. Bu, hökumət deyil axı”. Bax belə...
Hörmətli Rüstəm müəllim kimi imkanları, beynəlxalq əlaqələri, dost-tanışı olan adam həbs təhlükəsindən çəkinib Azərbaycana dönmək istəmir, tutulmaqdan qorxur. Ardınca da deyir ki, insanlar Azərbaycanda yaranmış vəziyyətə dözməməlidir, vəziyyəti dəyişdirməlidirlər. Başa düşmürəm, Rüstəm müəllimin xalqa ürəyi belə yanırsa və dözməmək, mübarizə aparmaq yaxşı şeydirsə, çox lazımlıdırsa, daha özü niyə kənarda durur? Elə gəlib xalqa qoşulub vəziyyəti dəyişəydi də. Yoxsa, siz gedin oturun xaricdə, camaata da ağıl öyrədin ki, çıxın, vəziyyəti dəyişin. Mən də gəlim rahat-rahat orada torpağımı, mülklərimi geri alım, Kino Evi tikim, filmlər çəkim...
Cənablar, meydanda dözüb qalmaq hər adamın işi deyil. İsa Qəmbəri, Pənah Hüseyni tənqid edənlər reallıqlara, baş verənlərə yaxşı-yaxşı diqqət etsinlər. Bu kişilər 1988-ci ildən bu yana döyüşür, xalqın önündə gedir, repressiyalara məruz qalır, amma heç yerə qaçıb getmirlər. Əzizlərim, obyektiv olun, işiniz olmasın bu dəyərli adamlarla. Proseslər sübut edir ki, cəmiyyətimiz hələlik onlardan daha keyfiyyətli, daha səmimi, daha layiqli liderlər yetişdirməyib. Onlar həmişə sizinlə birgə, çiyin-çiyinədir. Qədrini bilin bu şəxslərin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR