Rüstəm Behrudi: "Rəsul Quliyevin pulla ələ aldığı ziyalılar..."
R.Quliyevin açıqlanmasına reaksiya verən tanınmış şair Rüstəm Behrudi aznews.az-a açıqlamasında bildirib ki, sabiq spikerin ziyalı məhfumu haqqında heç bir anlayışı yoxdur: “Rəsul Quliyev bilirmi ki, ziyalılıq nədir? Onun fikrindən belə çıxır ki, ziyalı həm təşkilatçı, həm də inqilabçı olmalıdır. Əslində ziyalılıq başqa meyarlarla ölçülür. Azərbaycanda kifayət qədər ziyalı var. Onun sözü ilə heç çür razı deyiləm. Bu, biz ziyalıların ünvanına səslənən çox ağır ittihamdır. Rəsul Quliyev çox yalnış fikir söyləyib”.
R.Behrudi qeyd edib ki, Azərbaycanda ziyalı zümrəsinin olmamasında Rəsul Quliyevin də günahı az deyil: “Milli Məclisin sədri olduğu dövrdə onun ələ almaq üçün yoldan çıxardığı, pul xərclədiyi ziyalılar göz qabağındadır. O, kimi yoldan çıxarıb, kimə pul xərcləyibsə, Azərbaycanda onları hər kəs tanıyır. Bu məsələdə Rəsul Quliyevin də günahı var və mən onunla heç çür razılaşmıram”.
Şair özünü ziyalı hesab etdiyini də vurğulayıb: “Lakin siyasətçilərin üzərinə düşəni öz boynuma çəkmək fikrində də deyiləm”.
Xatırladaq ki, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Azərbaycan ziyalıları haqda verdiyi açıqlamada bildirib ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan başqa ziyalını arxasınca apara biləcək ikinci bir şəxsiyyət yoxdur: “Belə şəraitdə Rüstəm müəllimin olmayan müxalifət və ya olmayan Ziyalılar Forumunda rolunu necə qiymətləndirmək olar? Bilmirəm. Rüstəm müəllimin özü bir şəxsiyyətdir. Ona görə də o, Azərbaycanda olanda ətrafına müəyyən ziyalılar toplaşırdı və bir aktivlik fonu yaranırdı. İndi siz bir şəxsiyyət göstərin ki, onun ətrafına kimlərsə toplaşa bilsin. Axtarmayın, çünki elə bir şəxsiyyət yoxdur”.






