İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar xoşbəxtdirmi, yaxud dolları rubldan üstün edən tək səbəb

1063 19.09.2019 09:20 Yazarlar A A

Kremlin danışmanlarından olan Vladimir Jirinovski fitnəkar açıqlamalarından qalmır. Dünən də deyib ki, Belarus və Ukrayna yalnız Rusiya ilə vahid dövlətdə çiçəklənə bilər. Sitat: “Rusiya və Belarusu çoxdan vahid dövlətdə birləşdirmək lazımdır. Belarus yalnız biz bir dövlət olacağımız halda çiçəklənəcək. Gəlin insanlara sərbəst hərəkət imkanları, avrodan güclü olacaq vahid rubl verək. Ukrayna ilə də eyni şey lazımdır”.

Deyir, “Keçəl çarə qıla bilsəydi, öz başına qılardı”. İndi Rusiya da. Vaxtilə Ukrayna və Belarus elə Rusiya ilə birgə, SSRİ tərkibində, vahid dövlətdə deyildi? O zaman bu slavyan xalqlarının barmaqları balamı batmışdı? Xoşbəxt idilərmi onda? SSRİ və onun xalqı necə, xoşbəxt idimi? Bəs Krımı zorla ilhaq etdiyi üçün sanksiyalar altında əzab çəkən Rusiyanın özü, ruslar indi xoşbəxtdirmi? Rusiya ərazisindəki xalqlar necə, çiçəklənmə dövrü yaşayırmı? SSRİ dönəmində xalqlar xoşbəxt idilərmi? Nəhayət, Ukrayna və Belarus Rusiyaya birləşsə, sanksiyalara şərik olmazmı, yoxsa Moskva elə bu yolla - vahid dövlət hesabına Krım “başağrısından” qurtulmaq istəyir?

Suallar təbii ki, ritorikdir. Məsələ də ondadır ki, Rusiya öz ərazisini böyütmək haqda düşünməkdənsə, öz başına çarə qılmaq barədə düşünsə, daha məntiqli olar.

SSRİ-nin dağılmasına rəğmən, Rusiya yenə ərazicə dünyanın ən nəhəng dövlətidir. Rusiya öz ərazisində əhalinin güzəranını, adam kimi normal yaşayışını hələ də təmin edə bilmirsə, hansı yeni vahid dövlətdən dəm vurulur?

Rusiya onun dərdini çəksin ki, indi o, sadəcə, inersiya üzrə mövcuddur. Yəni müstəsna olaraq təbii sərvətləri, xüsusən də neft və qazı hesabına öz varlığını saxlayır. Bir az da silah satışı sayəsində kasad büdcəsinin dəlmə-deşiklərini qapadır. Putinin sərt avtoritar idarəçiliyi də öz yerində. Bəs KQB-nin sonuncu mogikanı gedəndən sonra necə olacaq? Jirinovskilər bu haqda baş sındırsalar, daha yaxşı olar.

Ümumiyyətlə, başqa xalqların ərazilərinə göz dikən xalqlar xoşbəxt ola bilməz. Qonşu ermənilərin acı taleyinə baxın. Guya müstəqillik əldə ediblər. Ancaq müstəqil olmayan, muxtar Tatarıstan və onun xalqı onlardan yaxşı yaşayır və daha müstəqildir.

Eləcə də Rusiya. Nə qədər ki, köklü xalqlara - tatarlara, başqırdlara, çeçenlərə azadlıq haqqı tanımayacaq, rus xalqı da ağ günə çıxa, azad ola bilməyəcək - bunca təbii sərvətlər olsa da. Çünki başqa xalqı istismar edən xalq azad ola bilməz. Bu, tarixin yazılmamış qanunudur. Moskvada onu qulaqardı edə bilərlər, necə ki, edirlər. Fəqət, dəyişə, dana bilməzlər.      

Ötə yandan, Ermənistanın özü məgər 28 ildir Rusiya ilə ittifaqda, daha doğrusu, vassal asılılığında xoşbəxt günə çıxıb ki, ukraynalılar və belaruslar da çıxsın? Odur ki, Rusiya ilə xoşbəxt olmaq sevdası ilə yaşayanlar ilk növbədə bədbəxt ermənilərin gününə baxsalar, yetər!..

O ki qaldı guya vahid dövlətdə rublun avrodan güclü olacağına, bu da əlbəttə ki, Şərq slavyan xalqları üçün bir ilğımdır. Havayı pendir yalnız tələdə olur. Rus rublu heç vaxt dollar və avrodan üstün valyuta olmayacaq. Ola bilsəydi Sovet İttifaqının asıb-kəsən vaxtında olardı. Əslində SSRİ elə ona görə çökdü ki, rubl dollara böyük ölçüdə uduzdu. Çünki SSRİ iqtisadiyyatı Qərbinkindən qat-qat zəif və geri idi, o səbəbə bahalı sürətlə silahlanma yarışına tab gətirmədi. Onu haqlı olaraq, zəif ayaqlar üstündə böyük stola bənzədirdilər.

İqtisadiyyatın güclü olması üçün köklü islahatlar, azad bazar, azad biznes mühiti, azad məhkəmələr, mülkiyyətin toxunulmazlığına zəmanət, bir sözlə, demokratik sistem və idarəçilik lazımdır. Rusiya dövləti isə demokratiyadan od sudan qorxan kimi qorxur. Düz də edir. Çünki demokratik imperiyalar olmur.

Rusiyada demokratiya olacaqsa, artıq Rusiya imperiyası olmayacaq. Jirinovskinin LDPR-i ilə birgə...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR