Məlum olduğu kimi, Rusiyanın NTV kanalı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə hamamların birində müsahibə götürüb. “Mujskoe dostoinstvo” adlı verilişin çəkilişi zamanı Jirinovski çılpaq vəziyyətdə hamamın xeyrindən danışmaqla bərabər, Qərb liderlərinə söz atmağı da unutmayıb.
Jirinovski bildirib ki, hamam kişi üçün əsl idmandır: “Bu, xoşdur. O yuyunur, çirkin təmizləyir. Su istidi, əhval-ruhiyyə yaxşılaşır. Hamam hər kəsi bərabərləşdirir. Burda hamı çılpaq, hamı bərabərdir”.
Maraqlıdır ki, bu müsahibəni götürən...xanım jurnalist olub. Və elə səs-küyə səbəb olan də bu məqamdır. Məlum, məqsəd diqqət çəkmək olub və deyəsən alınıb da. “Jurnalistikada səs-küy yaratmaq üçün hər cür yol məqbuldur” deyə, düşünülən Rusiya, Qərb mətbuatının əksinə olaraq, bizdə bəlli tabular var. Müsahibi ilə gəzintiyə çıxıb, ona intim suallar verən xanım jurnalistlər hələ də mətbuat nümayəndələrinin “çeynədiyi saqqız”lardandır. “Yadındadır, filankəs filan müsahibədə özünü necə biabır elədi” tipli müzakirələri azmı eşitmişik?
Odur ki, bu nümunədən çıxış edib, biz də tanınmış xanım jurnalistlərimizdən soruşduq: hamamda müsahibə... janrına necə baxırsız? Bu, bir qadın jurnalist üçün üstünlükdür, yoxsa...? Və hər şeydən önəmlisi - Azərbaycan mətbuatında bu, mümkündürmü?
Meydan TV-nin əməkdaşı, tanınmış reportyor Sevinc Vaqifqızı bildirdi ki, Jirinovskidən götürülən məlum müsahibə ilə tanışdır və onun normal hazırlandığını düşünür: “Jurnalistlər həm də kompleksləri dəf etmək üçün çalışmalıdırlar. Komplekssiz cəmiyyət daha rahat cəmiyyətdir. Orada jurnalistin və müsahibin qeyri-adi bir davranışı yoxdur. Müsahiblə mövzuya uyğun çimərlikdə, hamamda da müsahibə almaq olar. Jurnalist açıq cəmiyyət yaratmaq işində yer alır, qapalı, mental cəmiyyət yaratmaq işində yox. Çalışmaq lazımdır ki, tabular qırılsın. Hər zaman kabinetdə, ciddi görkəmdə, rəsmi dildə, ifadəsiz üzlə tamaşaçını yormaq lazım deyil, hərdən belə maraqlı müsahibələr də etmək lazımdır ki, rəsmilər də qeyri-rəsmi həyatlarını paylaşsınlar”.
Tanınmış jurnalist Günay Arda isə hesab edir ki, Azərbaycanda hətta türkiyəli jurnalist Ayşə Armanın yataqda aldığı müsahibələrə də don geyindirirlər. Halbuki A.Arman yüksək səviyyədə təhsil alıb, mütaliəsi müsahibələrinin səviyyəsini aşır: “Hamı ona şou adamı deyir, amma İlker Başbuğ kimi möhtərəm adam müsahibə üçün onu seçir. Yaxşı müsahibə oxucusunu tapır. Açıq - saçıq başlıq olmasa da, lap elə qalstukda alınsa da. Biz NTV müxbirini indi müzakirə ediriksə, deməli, həmkarımız istəyinə çatıb. Jirinovski elə adamdır ki, indiyədək hər şeydən danışıb. Ondan hansı müxbir müsahibə alsa, kölgədə qalmağa məhkumdur. Məqsəd oxutmaqdırsa, hər yol qebulediləndir”.
G.Arda hesab edir ki, Azərbaycanda Jirinovski qədər maraqlı obyekt yoxdur ki, ondan müsahibə almaq üçün özünü tərlədəsən: “Amma bu müsahibə Rusiya kimi münasibətlərin rahat başa gəldiyi ölkədə müzakirə olunursa, görün, bizdə nə olar? Xanım jurnalisti kənara qoyaq, bizdə buna hünəri çatan politoloq varmı? Mənim üçün ən maraqsız müsahiblər yerli siyasilərdir. Çoxunun nəinki müsahibə üçün, heç çimmək üçün də hamama girdiyinə adamın inanmağı gəlmir”.
Həftə.az saytının redaktoru Səbinə Əvəzqızı da bu məsələdə həmkarları kimi düşünür. Onun fikrincə, əsas odur ki, niyyət yaxşı olsun: “Jurnalist arada çərçivələri qırmaq məcburiyyətindədir. Məncə, siyasətçinin yatağı bir qədər ağıllı fikir olmaz. Amma hamam, hovuz, sauna niyə də maraqlı olmasın? Jirinovskidən saysız-hesabsız müsahibələr götürülüb. Amma fikir verin, hansı daha çox yadda qalacaq? Bizim məqsədimiz nədir? Daha çox oxucuya çıxmaq, eləmi? Bunun üçün hamama getmək niyə qəbahət olsun ki? Kim istəmir arvadını, qızını göndərməsin. Heç dəxli var? Jurnalist gedib orda nə pis iş gördü ki? Yəni buna qətiyyən pis baxmıram”.
Araşdırmaçı jurnalist Aynur İmranovanın sözügedən mövzuda fikirləri tam fərqlidir. O hesab edir ki, əgər təklif Jirinovski tərəfdən gəlibsə, onun əxlaqsızlığıdır: “Jurnalist qəbul edibsə təklifi bu, bütövlüksə jurnalist peşəsinə hörmətsizlikdir: Mən bu reportajın yenilik kimi maraqlı olduğunu deyənləri anlamıram. Bu nə yenilik? Bu tamaşaçıya da hörmətsizlikdir. Məncə, jurnalist kreativliklə həddini aşmağın arasındakı sərhədi tuta bilməyib. Bir siyasətçidən deyil, heç şou-biznes əhlindən də hamamda müsahibə alıb təqdim eləməyi doğru hesab eləmirəm. Müsahibəni kişi jurnalist götürsəydi belə...”
Sevinc TELMANQIZI