İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı sanksiyaların Azərbaycana faydası və zərəri olacaq

2443 14.08.2014 08:15 İqtisadiyyat A A

Qərb ölkələrinin Rusiyaya qarşı və ardınca Rusiyanın Avropa ölkələrinə qarşı ərzaq sanksiyası bir sıra ölkələrə faydalı olacaq. Artıq Türkiyə iqtisadçıları Rusiya bazarında yeri boşalan Avropa məhsullarının Türkiyə mallarını doldurması və bundan əldə olunacaq gəlirləri hesablayır. Eyni zamanda bir sıra müşahidəçilərə görə, qarşılıqlı sanksiyalar Rusiyaya qonşu ölkələrə, o cümlədən Azərbaycana iqtisadi dividentlər gətirəcək. 
Sabiq dövlət müşaviri Vəfa Quluzadə “Yeni Müsavat”a açıqlamasında sanksiyalardan sonra Rusiyanın Azərbaycan iqtisadiyyatına ehtiyacı olacağını deyib. Sitat: “İndi Azərbaycan Rusiya üçün olduqca maraqlıdır. 

Çünki bizdə həm neft-qaz var, həm də ölkəyə güclü maliyyə axını. Üstəlik, Azərbaycanda yüngül, ərzaq sənayeləri, meyvə-tərəvəz istehsalı mövcuddur. Hazırda Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Rusiya özü də Qərb məhsullarından imtina qərarı verib. Amma Rusiya bu məhsulları haradansa almalıdır. O, Azərbaycanı özü üçün qapı kimi görmək istəyir. Azərbaycanın banklarından maliyyə sanksiyalarını dəlmək üçün istifadə etmək, eləcə də digər məsələlərlə bağlı, həmçinin Azərbaycandan investisiyalar cəlb etmək istəyir. Məsələn, Azərbaycan Rusiyaya investisiya qoya bilər, bu bizim xeyirimizədir”. 

Yeri gəlmişkən, artıq sanksiyalar Rusiya bazarına öz təsirini göstərir. Son iki gündə Rusiyada ərzaq məhsullarının azalmasını göstərən fotolar sürətlə yayılır. aznews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, R.Adaqamov Moskvanın əsas ticarət obyektlərindən olan “Slavyanskiy bulvar”dakı ərzaq mağazalarında çəkiliş aparıb. Bloqqer paylaşdığı xəbərdə şəkilaltılarda bildirib ki, Moskva Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi embarqolardan sonra paytaxt mağazalarında keyfiyyətli - brend ərzaq məhsullarına rast gəlmək mümkün deyil.


İqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında sanksiyaların Azərbaycan iqtisadiyyatına iki istiqamətdən təsir edəcəyini deyib: “Birincisi, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Azərbaycan iş adamları Rusiya bazarlarına ixracatı artıracaq. Çünki Avropa Birliyinin Rusiya bazarından çəkilməsi bazarda müəyyən boşluq yaradacaq. Elə ərzaq məhsulları var ki, onların ödənilməsində Avropa Birliyi ölkələrinin payı yüksək idi. Rusiyada istehlak olunan süd məhsullarının 70 faizi Avropa ölkələrindən idxal olunur.

 Digər kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsində də Avropa Birliyi Rusiya bazarında əsas iştirakçılardan birincisi idi. Sözsüz ki, AB-nin çəkilməsi bazarda boşluq yaradır. Belə vəziyyətdə Azərbaycan iş adamlarının, fermerlərin Rusiya bazarında sanksiyalar səbəbindən yaranacaq boşluğu tutacağı gözlənilir. Azərbaycanın Rusiya kənd təsərrüfatı bazarına çıxış imkanları kifayət qədər yüksəkdir. Eyni zamanda Azərbaycan fermerləri Rusiya bazarlarında müqayisəli üstünlüyə malik olduqları üçün, yəni Azərbaycan üçün Rusiya bazarları ənənəvi bazar olduğu üçün ölkəmizdən ixracatın yüksəlməsinə gətirib çıxaracağı güman olunur”.  

Bundan başqa ekspertə görə, sanksiyalar eyni zamanda Azərbaycan bazarına gətirilən Avropa Birliyi ölkələrinin məhsullarının həcmini artıracaq: “Çünki Rusiya bazarından çıxan AB ölkələrinin böyük bir qismi Şərqi Avropa ölkələridir və onlar artıq Rusiya ətrafındakı bazarlara daxil olmağa üstünlük verəcəklər. Həmin bazarlardan biri də Azərbaycandır. Bu baxımdan Azərbaycan bazarında Avropa ölkələrində istehsal olunan malların qiymətlərinin müəyyən qədər azalmasına gətirib çıxara bilər”. 

Ekspertin qənaətincə, Rusiya banklarına tətbiq olunan sanksiyaların Azərbaycanın bank sektoruna müsbət təsir göstərə bilər. Belə ki, sanksiyalar tətbiq olunduqdan sonra Rusiya şirkətlərinin bir qismi digər MDB ölkələrinin bankları vasitəsilə köçürmələr etməyə çalışacaqlar: “Nəzərə alsaq ki, Rusiyanın iri şirkətlərinin digər MDB ölkələrində filial və nümayəndəlikləri var. Bu da təbii ki, Azərbaycan banklarının Rusiyaya tətbiq olunan sanksiyalardan faydalanmasına imkan verəcək. Rusiyaya tətbiq olunan sanksiyalardan Azərbaycanın faydalanmaq imkanları var, o cümlədən nəzərə alsaq ki, sanksiyalardan sonra Rusiya rublunun məzənnəsində azalmalar baş verib və bu Rusiyadan ixrac olunan məhsulların maya dəyərinin kiçilməsinə səbəb olub. Güman olunur ki, bu, Rusiyadan Azərbaycan gətirilən məhsulların, xüsusən də qeyri-ərzaq mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Məsələn, əvvəllər Rusiyada 30 rubla istehsal olunan məhsulun qiyməti 1 dollar idisə, hazırda 80 sentə yaxındır. Bu isə Rusiyada istehsal olunan məhsulun dollarla ifadəsində maya dəyərinin azalmasına və qiymətinin ucuzlaşmasına səbəb olacaq. Bu səbəbdən düşünmək olar ki, yaxın zamanlarda Azərbaycan bazarında qeyri-ərzaq məhsullarının, o cümlədən tikinti materiallarının qiymətlərində ucuzlaşma olacaq”.  

Ancaq eyni zamanda bu vəziyyət daxili bazarda da müəyyən qədər bahalaşmaya gətirib çıxaracaq. V.Bayramov deyir ki, Rusiyada daha geniş bazarın açılması yerli kənd təsərrüfatı məhsulların şimala daşınmasına səbəb olacaq ki, son nəticədə daxili bazarda bahalaşmaya səbəb olacaq: “Çünki indiyədək Azərbaycanda yerli kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı olmasının səbəbləri ondan ibarət idi ki, onların ixrac imkanları məhduddur və istehsal olunan məhsulların böyük hissəsi ölkə bazarında qalır. Bu baxımdan hazırda həmin məhsulların, xüsusən də tərəvəz məhsullarının qiymətləri xeyli aşağıdır. Rusiya bazarına açılım Azərbaycanda yerli məhsulların bazarda azalmasına və müəyyən qədər bahalaşmasına gətirib çıxara bilər. Çünki fermerlər daha yüksək qiymətlərin mövcud olduğu Rusiya bazarlarına daxil olmaqda maraqlı olacaqlar”. 

KƏNAN





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR