24 Fevral səhəri, Rusiyanın Ukraynanı işğal etməyə başladığı xəbərləriylə oyandıq.
Bu, əslində mənim üçün gözlənilən olsa da, öz müstəqilliyini qorumaq istəyən bir ölkənin bu cür təcavüzə məruz qalması qəbul edilməzdir.
Müharibə bütün tərəflərə faciə gətirir, burada heç kim tam qalib olmur.
Bu səhər çılpaq ayaqlarıyla qar üstündə üşüyən bir ukraynalı uşağın rəsmini gördüm, Xocalı faciəsini xatırladım.

Yaxud, Kiyevin girişində yanından keçən sivil maşını əzən rus tankının videosunu seyr edərək, 20 yanvarı xatırladım.
Fərqli coğrafiya, fərqli xalqlar, ancaq eyni faciələr və eyni işğalçı müəllif...
Çox ağır epizodlardır, vəhşi rus imperializminə qarşı Ukrayna xalqı öz ağır sınağını verməkdədir.
Tarixdən dərs çıxartmaq məcburiyyətindəyik..
Sabah Xocalı soyqırımının 30 illiyini qeyd edəcəyik...
Bununla yanaşı, "Rus ordusu qalib gəldi, Ukrayna artıq təslim olmaq üzrədir, meydanda tək qalıb" və sair kimi fikirlər, sadəcə cəfəng fikirlərdir və ən əsası, rus təbliğat maşınını dəstəkləməkdir.

Bu müharibənin olacağı proqnozunu, mən keçən ilin sentyabr ayından səsləndirirdim.
Hələ son günlərə qədər bu müharibənin olmayacağını iddia edənlərin bu gün ekspert kimi çıxışları çox gülüncdür.
Bu müharibənin olmasını və miqyasını son 1 ildə ABŞ - Rusiya danışıqlarından, Cenevrə görüşlərindən təxmin etmək olardı.
İndiki vəziyyətə gəlincə, müharibə çox ağrılı və uzun sürən prosesdir, xüsusən Ukrayna və Rusiya arasındakı müharibə barədə danışırıqsa, bu, 1 həftəlik yaxud 1 aylıq müharibə olmayacaq.
İşğalçı rus ordusuna qarşı, çox ciddi şəkildə müqavimət var.
Ukraynanın işğalı Rusiya üçün baha başa gələcək, bu, müharibə bataqlığı, Putin Rusiyasının çöküşü ilə nəticələnəcək.
Aprel ayında, çoxcəbhəli müharibənin eşiyinə gələcəyimizi düşünürəm.
Putinin planı odur ki, Ukrayna torpaqlarının tərkibində Yeni Rusiya Respublikası (Novorossiya) qurulsun.
Əgər, Ukraynanın Rusiya tərəfindən genişmiqyaslı işğalı baş tutarsa, bu plana əsasən, qurulması nəzərdə tutulan Yeni Rusiya Respublikası ilə Rusiya Federasiyası arasında Belarus modelinə bənzər sistem formalaşacaq.
Putinin açıqlamalarından aydın olur ki, o, Rusiyanı SSRİ-nin mirasçısından daha çox Çar Rusiyasının varisi kimi görür.
Rusiyanın Ukraynanı zəbt etməsi keçmiş SSRİ ölkələri, bu gün NATO üzvü olan Baltikyanı ölkələr (Estoniya, Latviya və Litva) və o cümlədən Moldova üçün çox ciddi təhdiddir.
ABŞ-a məxsus F35 təyyarələrinin Latviya və Estoniyaya gətirildiyi bildirilir.
3-cü dünya müharibəsinin eşiyindəyik, fikrimcə, aprel ayından etibarən müharibənin miqyası genişlənəcək.
NATO ölkələri işğalçı rus ordusuna qarşı hələlik fiziki müdaxilə etməsə də, Ukrayna ordusunu aylardan bəri ən modern silahlar və hərbi texnologiyalarla təmin etməkdədir.
Həmçinin, müharibənin başladığı ilk saatlardan etibarən, NATO üzvü qardaş Türkiyə də, Ukraynaya açıq dəstək nümayiş etdirir.

Müharibənin başladığı gecə Əskişəhirdən qalxan 2 türk hərbi yük təyyarəsinin Ukraynaya eniş etdiyi xəbərləri yayıldı. Yeni dronlar, hərbi texnikanı daşıyan birinci türk hərbi yük təyyarəsinin Kiyevə, ikinci hərbi türk təyyarəsinin Odessa əyalətinin Budjak hava limanına eniş etdiyi təxmin edilir.
Eyni zamanda Ukrayna xalqı partizan müharibəsində özünü sübut etmiş, ad çıxarmış xalqdır.
Rusiyanın Ukraynadakı aqibəti, SSRİ-nin Əfqanıstandakı aqibətindən daha betər olacaq.

Bu gün Ukrayna dövlətinin və xalqının yanında olmaq və öz dəstəyini ifadə etmək, həm də Azərbaycanın milli dövlətçilik maraqlarıyla üst-üstə düşür.
Azərbaycan xalqı, birmənalı olaraq Ukrayna xalqının yanındadır!
2-ci Qarabağ müharibəsində Ukrayna xalqı, Azərbaycan xalqının, Ukrayna dövləti, Azərbaycan dövlətinin yanında idi.

Biz vəfakar olmalıyıq!
Azərbaycan dövləti, ölkə rəhbərliyi, regiondakı reallıqları nəzərə alaraq addımlar atır, bəlkə də bu baxımdan Ukrayna ilə bağlı açıq dəstək ifadələri işlədilmir.
Ancaq ölkə başçısı İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsiylə bağlı dəfələrlə açıqlamalarının şahidi olmuşuq.
Bu baxımdan, dövlətimiz bu məsələdə daha soyuqqanlı davransa da, Azərbaycan xalqı olaraq rus imperializminə qarşı açıq mövqe ortaya qoymalı və birmənalı şəkildə Ukrayna xalqını dəstəkləməliyik!
Azərbaycan xalqının və ictimaiyyətinin ortaya qoyduğu və qoyacağı etirazı rus xalqı və ictimaiyyəti də görəcək.
Qoy onlar da bilsin ki, rus imperializmindən hər kəs narazıdır!






