İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Qarabağ siyasəti yeni qiyafədə

3111 18.04.2015 08:20 KİVDF layihələri A A

O da faktdır ki, rəsmi Bakı öz hərbi parkını xeyli dərəcədə Rusiyadan aldığı silah-sursat, müasir döyüş maşınları və sistemləri hesabına təkmilləşdirməkdədir - işğalçı Ermənistan bundan ciddi şəkildə narahat olsa da və vaxtaşırı bu narazılığı ağası Rusiyaya bildirsə də...

Kreml isə belə görünür, Güney Qafqaza ünvanlı hərbi siyasətinə hətta forpost Ermənistana xatir də düzəliş eləmək fikrində deyil. Əksinə, Bakı ilə Moskva arasında hərbi sahədə əməkdaşlığın genişlənməsi gözlənilir. Çünki bu, hər şeydən öncə maliyyə, qazanc, böyük pul vəsaiti deməkdir ki, bu da sanksiyalar altında sıxılan Rusiyaya hava-su kimi lazımdır. Ancaq təkcə biznes məsələsi də deyil, eyni zamanda Azərbaycanı özünü bağlamağım daha bir yoludur.

“Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə mövcud olan əməkdaşlığı müsbət qiymətləndirirəm”. Bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib. Nazir müavini iki ölkə arasında münasibətləri “yüksək səviyyəli” kimi qiymətləndirib: “Biz qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq. Rusiya hərbi-texniki sahədə əməkdaşlıq yolunda heç bir problem görmür”.

*    *    *    *    *
İki ölkə arasında hərbi əməkdaşlığın vəziyyətini şərh edən rusiyalı hərbi ekspert, Rusiya Strateji Konyukturlar Mərkəzinin Ekspertlər Şurasının üzvü Aleksandr Sobyanin da erməni saytlarından birinə müsahibəsində etiraf edir ki, Azərbaycan Ermənistan kimi Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasa da, Rusiya Azərbaycan ordusunu gücləndirir. 

Ancaq ekspertin izahı bir qədər fərqlidir: “Ona görə ki, Azərbaycan ordusu gücləndirilir ki, nə qədər paradoksal səslənsə də, bu, yeni müharibə təhlükəsini aradan qaldırır, mövcud sistemi möhkəmləndirir. Azərbaycandakı Rusiya silahlarını isə Ermənistan əleyhinə faktor kimi qiymətləndirmək lazım deyil”.

Lakin ekspert münaqişə zonasında yeni müharibə ehtimalını da ciddi hesab eləmir: “Müharibə əlbəttə ki, olmayacaq. Rusiya müttəfiqlərini qəti şəkildə fərqləndirir. Müttəfiqlərə münasibətdə bizim başqa yanaşmalarımız, daha dərin əməkdaşlığımız var. Ermənistanda Rusiya hərbi bazası yerləşir. Ancaq Rusiya Azərbaycanı da unutmur”.

Erməni jurnalistin “Bəs, Rusiya Azərbaycana silah satışını dayandıra bilərmi” sualına belə cavab verib: “Azərbaycana silah verilməsi biznes-anlaşma deyil, ölkələrdə sistemlərin möhkəmlənməsinə yönəlik siyasi qərardır”.

Hərbi analitik son vaxtlar güclənən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq və İrəvanın bu əməkdaşlıqdan keçirdiyi əndişə ilə bağlı da danışıb: “Bu üçtərəfli əməkdaşlığın digər iştirakçıları nə qədər istəsələr də Türkiyə Ermənistanın hərbi və iqtisadi maraqları əleyhinə heç bir addım atmayacaq. Çünki başa düşür ki, Ermənistan KTMT və Avrasiya Birliyi üzrə Rusiyanın ən yaxın müttəfiqidir”. 

*    *    *    *    *
Bu arada Rusiyanın “Soverşenno sekretno” nəşri Qarabağ probleminin də perspektivinə həsr olunan maraqlı material dərc edib. Yazıda keçmiş SSRİ ərazisindəki etnik-ərazi münaqişələrinin gələcəyindən bəhs edilir. “Ukrayna böhranı göstərir ki, keçmiş postsovet respublikalarının ərazilərindəki həll olunmamış münaqişələr istənilən vaxt qaynar fazaya keçə bilər. Bura Dağlıq Qarabağ münaqişəsi də daxildir”. 

“Postsovet məkanında mövcud olan ”dondurulmuş" münaqişələr Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır". Bu fikri isə Moskvada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib. Gerasimova görə, münaqişələr Rusiyanın təhlükəsizliyini təhdid edir. Üstəlik, general münaqişələrin Qərb tərəfindən qızışdırıla biləcəyinə eyham vurub. Yəni belə çıxır ki, Moskvanın özü yeni Qarabağ müharibəsində maraqlı deyil.     

Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev mövzunu şərh edərkən deyib: “Donbasdakı vəziyyət Minsk razılaşmasına baxmayaraq kövrək olaraq qalır. Tərəflər arasında hərbi əməliyyatların yeni və daha irimiqyaslı fazasının başlaması riski var. İstənilən vaxt Moldovanın Dnestryanı bölgəsindəki münaqişə də alovlana bilər. Müntəzəm olaraq atışmaların baş verdiyi və vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsi də hər an qaynar fazaya keçmək riski daşıyır”.

O da bildirilir ki, Ermənistanda hərbi baza saxlayan Rusiya incə siyasət aparır, bu məqsədlə eyni zamanda Azərbaycanla da, Ermənistanla da əməkdaşlıq edir. Ekspertlərin proqnozlarına görə, əgər bu iki ölkə arasında müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistanın tərəfində çıxış etməyəcək, çünki Dağlıq Qarabağ  KTMT-nin hüquqi məsuliyyət zonasına daxil deyir.

*    *    *    *    *
Doğrudan da hüquqi cəhətdən Dağlıq Qarabağ Ermənistan, KTMT ərazisi sayılmır. Ancaq beynəlxalq hüququ əsas götürüb də şimal qonşumuzun neytrallığına bel bağlamaq mümkünmü? 

Suala cavab almaq üçün Ukrayna nümunəsini, şimal qonşumuzun beynəlxalq hüquq normalarını, Budapeşt anlaşması ilə Ukraynanın ərazi bütövlüyünə verdiyi yazılı təminatı ayaqaltı edərək Krımı ilhaq eləməsini, Abxaziya və Cənubi Osetiyanı de-fakto özünə birləşdirib orada hərbi bazalar yaratmasını yada salmaq, unutmamaq yetər.

Demək, Moskvanın “dobro”sinu almadan hətta “ermənilər yaşamayan Ağdamı” blits-əməliyyatla azad eləmək də riskli ola bilər.

*    *    *    *    *

Beləliklə, Rusiyanın yeni və məkrli Qarabağ siyasətinin əsas konturları üzə çıxır: Moskva Ermənistanın narazılığına baxmayaraq Azərbaycanı silahlandırır, lakin qəti şəkildə Qarabağda yeni müharibənin, Azərbaycanın öz ərazilərini hərblə azad eləməsinin də əleyhinədir. İddia edir ki o, Azərbaycana hərbi paritet naminə silah-sursat satır. Guya Bakı silahları başqa ölkələrdən ala bilməz və guya  Ermənistan Rusiyanın izni olmadan Azərbaycanın əlavə torpaqlarını zəbt edə bilərmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR