İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iki yaxın müttəfiqi Türkmənistanı Qərbə sürükləyir-Kreml buna nə cavab verəcək?

2181 06.06.2017 19:28 Siyasət A A

Elxan Şahinoğlu: “Kreml Türkmənistan qazının Rusiyadan alternativ yollarla Avropa bazarına çatdırılmasının əleyhinədir”

Türkiyə və Çin Türkmənistanı Avropanın qaz bazarına qoşmağa çağırırlar. Bu istiqamətdə hər iki dövlətin təmsilçiləri səviyyəsində açıqlamalar verilməkdədir. Türkiyə və Çinin xarici siyasətində də bu niyyətin artıq getdikcə rüşeymləri görünməkdədir.

Strateq.az-da bununla bağlı geniş analitik yazı dərc olunub. Yazıda kifayət qədər maraqlı məqamlar var. Azərbaycanla bağlı olan hissədə qeyd olunur ki, son beş il ərzində Türkmənistandan Avropa Birliyinə qaz tədarükü potensialını çox vaxt lazımınca qiymətləndirilməyib. Xudbin nidalar səslənirdi ki, Xəzər dənizi yataqlarının hüquqi statusunun tənzimlənməməsi Türkmənistan karbohidrogenlərinin Qərbə hərəkətlənməyini önləyəcək. Lakin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ilin martında Moskvada çıxış edərkən bu mifi dağıdıb. Məmmədyarov etiraf edib ki, Bakının Aşqabadla uyğun müqaviləsi var. Düzdür, Azərbaycan məmuru detalları dəqiqləşdirməyib. “Təntənəli estafeti” Məmmədyarovdan Ankaranın türkmən qazının AB-yə tədarükünə hazır olduğunu bildirən Türkiyənin Türkmənistan səfiri Mustafa Kapucu alıb. "Azernews"agentliyi diplomatdan sitat gətirir: “Xəzər dənizinin dibi ilə Azərbaycan sahillərinədək 300 km uzunluğunda Transxəzər qaz kəməri Türkmənistan enerji daşıyıcılarının Avropa bazarına tədarükü baxımından səmərəlidir. Bundan savayı, Türkmənistan qazı Türkiyə ərazisinə Avropa ölkələri ilə həmsərhəd mövcud boru kəmərləri ilə də vurula bilər”.
Kapucunun sözlərinə görə, “layihə qazın Xəzər bölgəsindən Avropa ölkələrinə nəqlini nəzərdə tutan Cənub qaz dəhlizinin bir hissəsi kimi gerçəkləşdirilə bilər”.
Hadisələrin maraqlı dönüşüdür, elə deyilmi?

Türk səfirin bəyanatını Türkiyə Energetika Nazirliyinin departament direktoru Reha Muradoğlu da mayın 31-də Aşqabadda energetika forumunda çıxış edərkən təsdiqləyib. “Yeni Safak” Muradoğludan misal gətirir: “Cənub qaz dəhlizi istismara verildikdən sonra Türkmənistan karbohidrogenlərin Avropa Birliyi bazarına tədarükünü təşkil üçün Türkiyə ərazisindəki infrastrukturlardan yararlana bilər”.

Məmur dəqiqləşdirib ki, Ankara bu qayda ilə Rusiya, İran və Azərbaycanın tədarük etdiyi təbii qazın daxili istehlakını şaxələndirəcək.

Ekspertlər Türkiyə və Çinin bu planının həyata keçəcəyi təqdirdə, bunun hər iki ölkənin hazırda yaxın əlaqələri olduğu Rusiyanın ciddi etirazına səbəb olacağı, Kreml tərəfindən qısqanclıqla qarşılanacağını ehtimal edirlər. Çünki bu planın gerçəkləşəcəyi halda Türkmənistana olan Rusiya təsirinin aradan qalxacağı, bu ölkənin Qərbə doğru yollarının açılacağı şübhəsizdir. Bunu isə Vladimir Putin Rusiyası heç zaman istəmir. Gürcüstanı Qərbə təhvil verən şimal qonşumuz ikinci belə şoku yaşamaq fikrində deyil. Ekspertlər Türkmənistanın Avropanın qaz bazarına qoşulmasının Azərbaycanın qaz bazarına girmək anlamına gəldiyini qeyd edirlər.

Картинки по запросу Politoloq Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu Türkmənistanın Avropanın qaz bazarına çıxışının iki variantının olduğunu düşünür: “Birinci variant Türkmənistanın qazı Xəzərin dibi ilə Azərbaycana çatdırılması, buradan isə boru xətləri ilə Türkiyə üzərindən Avropaya çatdırılacaq. Ancaq bu variantın reallaşmasına Rusiya mane olur. Moskva “ekologiya” bəhanəsi ilə Xəzərin dibi ilə boru xəttinin çəkilişinin əleyhinədir. Əsl həqiqətdə isə Kreml Türkmənistan qazının Rusiyadan alternativ yollarla Avropa bazarına çatdırılmasının əleyhinədir. Belə vəziyyətdə Xəzərin dibi ilə boru xəttinin çəkilişi problematikdir. Türkmənistan bu boru xəttinə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. İkinci variant Türkmənistan qazının İran və Türkiyə üzərindən Avropa bazarına çatdırılmasıdır. Ancaq bu variantın reallaşmasına əlavə xərc çəkilməlidir. Bir də ki, İranın özü qaz satan ölkədir və özü müxtəlif bazarlar axtarır. Türkmənistan rəhbərliyi deyir ki, Avropaya qaz satmağa hazırdır və bunda maraqlıdır. Ancaq deyir ki, Avropa gəlib qazı Türkmənistan sərhədindən alsın. Bu isə fiziki baxımdan mümkün deyil. Avropa nə Xəzərin dibi, nə də İrandan qaz boru xətti inşa edəcək. Azərbaycan Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə Avropa bazarlarına daşınmasının tərəfdarıdır. Çünki bu Azərbaycanın bölgədə rolunu artıracaq. Ancaq Azərbaycan Avropa, Türkiyə və Türkmənistanın əvəzinə xüsusi fəallıq göstərərək Xəzərin dibi ilə boru xəttinin çəkilişinə baş vurmayacaq. Biz hazırda öz qazımızın Avropaya çatdırılmasına çalışırıq və Azərbaycanın fəallığı və təşəbbüskarlığı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycandan fərqli olaraq Türkmənistan öz qazının Avropaya çatdırılmasında xüsusi fəallıq nümayiş etdirmir. Buna görə də yaxın müddətdə Türkmənistan qazının yaxın müddətdə Avropaya çatacağını düşünmürəm”.

Politoloq Türkiyənin Rusiyanın bu istiqamətdə yola gətirməyinin vacibliyinə də toxundu: “Əgər Ankara Türkmənistan qazını Türkiyə üzərindən Avropaya çatdırılmasını istəyirsə, birinci növbədə Rusiyanı yola gətirməlidir ki, dənizin dibi ilə boru xəttinin çəkilişi mümkün olsun. Və ya Türkiyə-İran-Türkmənistan üçlüyü formalaşmalıdır ki, bu 3 ölkədən keçən boru xəttini reallaşdırmaq mümkün olsun. Hələlik, Ankaranın bu iki istiqamətdə fəallıq göstərdiyini söyləmək mümkün deyil. Ona görə də Türkmənistan qazının Avropaya çatdırılması ideya olaraq qalır, Azərbaycan qazının 2-3 ildən sonra Avropaya çatacağı isə reallıqdır”.

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR