Ekspertlərin fikrincə, Rusiyanın bu addımı o deməkdir ki, Rusiya Ermənistan səmasının müdafiəsini tamamilə öz üzərinə götürür, Ermənistana atılacaq hər hansı raket Rusiya HHM sistemləri tərəfindən zərərsizləşdiriləcək, hansısa hərbi təyyarə və helikopterin Ermənistan səmasına girməsindən isə söhbət də gedə bilməz.
Siyasi ekspertlər hesab edir ki, bu fakt bir daha göstərir ki, Azərbaycan Rusiyaya nə qədər yaxınlaşsa da Moskvanın Ermənistanı qoyub bizim ölkənin maraqları xeyrinə addım atmasını gözləmək mənasızdır. Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyəti Moskvanın bu addımından nəticə çıxarmalı və avrointeqrasiya yolunu tutmalıdır: “Rusiyanın Ermənistanla hərbi müttəfiqliyi məsələsi yeni məsələ deyil. Biz bilirik ki, Azərbaycanın əraziləri məhz Rusiyanın hərbi dəstəyi, Rusiya silahının bilavasitə iştirakı ilə işğal edilib.
Ermənistan bir dövlət olaraq həm indiki şəraitdə, həm də tarixən Azərbaycan ərazilərini tutub işğal altında saxlamaq qüdrətinə malik olan ölkə deyil. Hələ uzun illər bundan əvvəl MDB çərçivəsində olan əməkdaşlıq münasibətlərindən başqa Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik barədə saziş imzalanmışdı. Həmin saziş indi hava məkanının birgə qorunması sazişindən geri qalan bir saziş deyildi. Orada Ermənistanın ərazilərinin qorunması, eyni zamanda üçüncü tərəfin Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın bilavasitə Ermənistanı müdafiə edəcəyi və müttəfiq kimi bu hərbi prosesdə iştirak edəcəyi barədə öhdəliklər nəzərdə tutulurdu. Təkcə bu il Rusiya Ermənistana 200 milyon dollar dəyərində hərbi sursat almaq üçün kredit ayırdı. İndi də belə bir müqavilə bağlanır. Əslində Rusiya ilə Ermənistanın hərbi strateji müttəfiqliyi və bu müttəfiqliyin həm də Azərbaycana qarşı yönəlməsi heç kəsə sirr deyil.
2.jpg)
Biz unutmamalıyıq ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini Rusiya ilə vahid bir ölkənin tərkibində - SSRİ tərkibində olduğu zaman itirib. Azərbaycan hakimiyyətində olan qüvvələr, əvvəl Mütəllibov hakimiyyəti, sonradan isə Əliyev hakimiyyəti tamamilə rusiyameylli siyasət yürüdürdü. Azərbaycan əraziləri hətta 1993-cü ildə Azərbaycan MDB-yə daxil olduqdan sonra belə işğal edilməkdə davam etdi. Zəngilan rayonu Azərbaycan MDB-yə daxil olduqdan sonra bilavasitə Rusiyanın hərbi dəstəyi ilə Ermənistan tərəfindən işğal olundu. Bütün bunlardan sonra Azərbaycan hakimiyyətinin yenə də həm hərbi, həm strateji baxımdan Rusiyaya meylli siyasət yürütməsi Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasına ziddir. Azərbaycan öz təhlükəsizliyini Rusiyada yox, Rusiyanı rəqib hesab edən güc mərkəzlərində, eyni zamanda hərbi güc mərkəzlərində axtarmalıdır”.
A.Hacılı vurğuladı ki, strateji olaraq Rusiya ilə Ermənistanın maraqları Azərbaycana qarşı olan məqamda həmişə üst-üstə düşüb və yəqin ki, bundan sonra da üst-üstə düşəcək: “Çünki Rusiya təkcə Azərbaycana yox, bütövlükdə regiona Ermənistan vasitəsilə öz təsir imkanlarını yaradıb. Əsrlər boyu bu təsir imkanlarını qoruyub saxlamaqdadır. Düşünürəm ki, Rusiyanın xarici siyasət konsepsiyasında yaxın zamanlarda hansısa kardinal dəyişikliklər baş verməyəcək. Azərbaycan hakimiyyəti bütün bu məsələləri nəzərə alaraq öz konstitusiyasına, Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasına uyğun avrointeqrasiya xəttini gücləndirməli, Azərbaycanın təhlükəsizlik sistemini NATO qüvvələri ilə birlikdə qurmalıdır. Əks halda, Azərbaycan Rusiya və Ermənistanın hərbi müttəfiqliyi ilə üzbəüz qalmalı olacaq".
Müsavat başqanı onu da dedi ki, Rusiyanın Ermənistana təsir edib Azərbaycanın 4-5 rayonunu geri qaytaracağı barədə son vaxtlar intensiv səslənən fikirlər nağıldır: “Bu kimi nağıllar 1990-cı illərin əvvəllərində daha tez-tez səslənirdi. Həmin dövrdə Ermənistan nizami ordu yaratmaqla məşğul idi. Bundan sonra Ermənistan bilavasitə Moskvanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal etdi. Odur ki, indi Rusiyanın Azərbaycan ərazilərini geri qaytaracağı və sair barədə fikirlər peşəkar fikirlər deyil. Rusiya öz strateji maraqlarının ziddinə olaraq Azərbaycan hakimiyyətinin davranışlarını nəzərə alaraq güzəştə getməyəcək. Rusiyanın strateji maraqları təəssüf ki, Azərbaycana qarşıdır”.

Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, Rusiyanın Ermənistana istənilən dəstəyi bizim üçün yaxşı nəsə vəd etmir: “Rusiya məcburdur ki, Cənubi Qafqazda yeganə dayağı olan Ermənistan vasitəsilə öz varlığını regionda sübut etsin. Çünki Gürcüstan və Azərbaycan faktiki Rusiyanın təsir dairəsində deyil. Vaxtilə ölkəmizin Rusiya ilə birgə layihələr həyata keçirməsi, iqtisadi-siyasi və digər məsələlərin gündəmə gətirilməsi Azərbaycanın Rusiyadan asılı vəziyyətdə olması anlamına gəlmir. Lakin Rusiya Azərbaycana münasibətdə özünü çox qeyri-səmimi aparır. Bu, Rusiya xarici işlər nazirinin Ermənistana son səfərində də özünü göstərdi. Lavrov erməni həmkarı Nalbəndyanla birgə mətbuat konfransında bir daha bəyan etdi ki, Ermənistan istənilən məsələdə Rusiyaya arxalana bilər. Bu ifadə ona işarədir ki, Ermənistan bundan sonra da nə qədər istəsə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın əsəbləri ilə oynaya bilər”.
Ekspert Lavrovun Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinin məlum açıqlamasından da narazılığını ifadə edib. Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı qaneedici sayıla bilməz: “Bu açıqlama neytral mövqe idi. Orada Rusiyanın işğalçı Ermənistanın yanında olduğu vurğulanmır. Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi, maddi və mənəvi kömək göstərilməsi bu anlama gəlir ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində indiyədək ortaya qoyduğu fikirlər qeyri-səmimi olub və biz bundan sonra da ona arxalana bilmərik. Bu amili nəzərə alaraq, Azərbaycan tərəfi lazım olan addımları atmalıdır”.
Hərbi ekspert Putinin yuxarıda qeyd edilən qərarı verdiyi gün prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyini ziyarət etməsinin, S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirməsinin, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə də tanış olmasının bu məsələ ilə əlaqəsinin olması ehtimalına da şərh verib: “Bunu da istisna etmək olmaz ki, Ermənistan Rusiyanın HHM sisteminə arxalanırsa, Azərbaycan öz gücünə və mütəxəssislərinə bel bağlayır. Ola bilsin ki, bu bir təsadüfdür, amma fakt faktlığında qalır ki, Azərbaycan regionda ən güclü HHQ və HHM sistemlərinə malikdir. Zatən bu, keçmiş SSRİ zamanında da belə olub ki, bölgədə Moskvadan sonra ən etibarlı hava hücumundan müdafiə sistemi həmişə məhz Bakıda, Azərbaycanda olub”.
Etibar SEYİDAĞA